')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (X FƏSİL)

"PEŞƏKARLAR" (X FƏSİL)


oxunma sayı: 1351 Paylaş:

(X Fəsil)

Futbolçuların qonorarlarının artması futbolun özülünə qoyulmuş gec partlayan minadı

* Oyunçuların alınması və satılması peşəkarlığın əsasıdı
* Futbol yarmarkası
* Futbolçuların qonorarlarının artması futbolun özülünə qoyulmuş gec partlayan minadı

Peşəkar idmançı öz qonorarına böyük idmanı tərk edəcəyi dar gün üçün pul toplamaq imkanı kimi baxırmı, yaxud sadəcə olaraq hədsiz dərəcədə acgöz və hərisdimi - fərqi yoxdu: o, gec-tez ömrünü sərf etdiyi idman növünü talamağa başlayacaq.
Əlbəttə, heç kəs qarşısına belə məqsəd qoymur. Amma elə ki pul idmana nüfuz edir, o öz simasını dəyişir və çirkin əllər nəsə qoparmaq ehtirası ilə oraya uzanır. Bunlar - "agentlərdi".

Onlar idman "ulduzları"nın "şəxsi müvəkilləri" olur və hər şey üçün pul tələb edirlər: "ulduz"un kəşfi üçün, televiziya müsahibəsi üçün, qəzet məqaləsi üçün və s.

Görüşlərdə çıxış etdiklərinə görə futbolçulara qəpik-quruş "kompensasiya" almağa icazə verən o cənablar, futbolun nəyə çevriləcəyini gümanlarına gətirə bilərdilərmi? Onlar dəhşətə gələrdilər! Futbolçuların qonorarlarının artımı ağlasığmaz vüsət alıb. Futbolçuların alınıb-satılması sistemi peşəkarlığın əsasına çevrilib.

Xatirinizdədirsə, bütün bunlar çox sadəcə başlamışdı. 1885-ci ildə futbol inzibatçıları, bəzi klubların ən yaxşı oyunçulara gizli pul verdiklərini qəflətən bilmişdilər. Bu cür riyakar təcrübəyə və "utancaq marağa" son qoymaq üçün onlar futbolçularına pul vermək arzusunda olan klublarda peşəkarlığı qanuniləşdirmək qərarına gəldilər.
Belə oyunçular əvvəlcə yarımpeşəkar oldular: onlar şənbə günləri oynayır, həftənin başqa günlərində isə başqaları kimi öz sənəti üzrə işləyirdilər. Lakin tez bir zamanda futbolçular öz oyunlarına görə daha çox pul tələb etməyə başladılar. Və labüd proses başlandı.

Klublar böyük məbləğ hesabına oyunçuları tovlamağa, yaxud da "dəbbə pulunu" ödəyərək onları başqa klublardan satın almağa başladılar.
Bu "qaramal yarmarkasına" son qoymaq üçün futbol assosiasiyası ölçü götürmək qərarına gəldi. 1894-cü ildə assosiasiya qərara aldı: "Oyunçuların komandadan komandaya keçməsinə görə klubların pul alıb verməsi qadağan olunur". Ancaq futbol assosiasiyasının üzvləri bu qərarı yerinə yetirməkdənsə, daha çox boşboğazlıqla məşğul olurdular. Dəbdəbəli qərarın qəbul olunmasından 5 il sonra üç məşhur futbol qanunvericisi (Ç. Kleqq, K. Kramp, K. Olkok) assosiasiyanın qərargahında hesabat verdilər: "Oyunçuların alınıb satılması idmana yaraşmayan, qanunsuz aktdı".

Söz yox ki, bu gəlişigözəl kəlam idi və yalnız... kəlam idi. Assosiasiyanın rəhbərləri bu sözləri sadəcə olaraq qulaqardına vurdular. Nəticədə oyunçuların dalınca qaçmaq davam elədi. Bu həmişə müvəffəqiyyət gətirmirdi, axı 11 oyunçunu almaq olardı, amma oyun nizam-intizamını, oyun ansamblını almaq mümkün deyildi. Bu hal sərvət dalınca qaçanlara lazım idi, onlar üçün futbolun özü heç bir əhəmiyyət kəsb eləmirdi. 

Peşəkarlığın ilk çağlarında komandadan komandaya keçməyə görə verilən məbləğ indi miskin qəpik-quruş təsiri bağışlayır. Amma məsələ ondaydı ki, "cin"i butulkadan buraxmışdılar.
Meydana gələn alqı-satqı sistemi futbol klublarını müflisləşdirib məhv edərək qüvvə toplayırdı.
Futbol bazarında məzəndələrin artmasının bir neçə nümunəsini göstərək:
- 1905-ci ildə Alf Kommon ilk oyunçu olub ki, min funt alıb.
- 1914-cü ildə "Mançester Yunayted" klubu "Derbi Kaunti"nin oyunçusu Horas Barnsa görə 2500 funt verib.
- 1922-ci ildə "Vest Hem Yunayted" Sid Paddfut üçün ("Falkirk" klubundan) 5 min ödəyib.
1928-ci ildə "Arsenal"ın meneceri Herbert Çapmen bir hücumçuya görə "Bolton Uonderers" klubuna 10 min ödəyəndə çoxları belə hesab elədilər ki, onun başına hava gəlib.
Məbləğ getdikcə çoxalırdı. 1947-1948-ci illərdə iki ingilis "superulduz"u - Tommi Louton və Len Şeklton - hər biri 20 min dəyərində idi.

Klublar düşünmədən alverə girişmişdilər - pullarını sağa-sola səpələyirdilər. 1961-ci ilin noyabrında "Tottnem Hostpur" Cimmi Qrivsi "Milan"dan 98 min funta almışdı. 1962-ci ildə isə Denis Lou İngiltərədə ilk futbolçu oldu ki, ona düz 100 min funt ödənildi. Əslində isə Matt Basbi "Turin"ə 116 min vermişdi. O zaman Basbi mənə deyirdi: "Lou bu məbləğin hər bir pennisini doğrultdu, çünki o, "Mançester Yunayted"ə yeni uğurlar gətirdi və "Old Trafford" stadionuna tamaşaçı axınına səbəb oldu".
Louya çəkilən xərc bəlkə də özünü doğruldub, amma oyunçu hərracının əndazəni aşması futbolu gülünc vəziyyətə saldı. Qiymətlər isə elə hey artırdı.

Və nəhayət, İngiltərə yığma komandasının oyunçusu Trevor Frensis milyon funta satılan ilk futbolçu oldu. İndi İngiltərədə artıq bir neçə belə "milyonluq" futbolçu var. Oyunçunun alınmasına görə rekord məbləği 1979-cu il sentyabrın 12-də "Aston Villa" klubu verib - "Vulverhempton Uonderers" Endri Qrey üçün 1 469 500 funt sterlinq ödənilib.
Bu qədər ağlasığmaz məbləğlər belə bir fikir oyada bilər ki, klublar qızıl içində üzürlər. Ancaq biz lap yəqin bilirik ki, hətta "Liverpul" kimi çiçəklənməkdə olan klublar belə, bu cür astronomik məbləğləri sərf etməklərinə baxmayaraq böyük maliyyə çətinlikləri ilə yaşayırlar.
Oyunçulara verilən yüksək maaş, başqa komandaya keçmək üçün onlara ödənilən zəhmətsiz sərvətlər az qala milli flakətə çevrilir.

Frenk Teylor - "Peşəkarlar" (1985)
Materialdan istifadə olunsa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov

(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)
(V Fəsil)
(VI Fəsil)
(VII. I Hisəə)
(VII. II Hissə)
(VIII Fəsil)
(IX Fəsil)


oxunma sayı: 1351 | Paylaş:




?>