')

Bu gün:


FutbolPress.Az | Futbolumuza türkəçarə

Futbolumuza türkəçarə


oxunma sayı: 1207 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Bir oxucu e-mail ünvanımı "mazol" eləyib. Təəssüf ki, öz adını gizli saxlayıb - mail adı belədi: fdrxms@bk.ru. Buna baxmayaraq, çox ciddi bir məxluqdu. Demək olar, hər gün yazır: Günay xanım, yazılarınız özünüz kimi gözəldir. Amma futbola aid yazmırsınız. Bir dəfə də Gəncə futbolunun problemlərini, dərdini yazın daaa...

Hörmətli, "fdrxms", bax, mən indi nəyə and içim ki, futboldan yazıram - inanasan? Hə, o tamam başqa məsələdi ki Gəncə futbolunun problemləri, dərdi və s.

Çox maraqlıdı, insanlar hələ də jurnalistə inamını itirməyib, elə bilirlər ki, yazmaqla problemlər düzəlir. Ən maraqlısı isə odur ki, Gəncə futbolu boyda mövzunu çözməyi məndən istəyirlər. Yaxşı olar inşaallah...

Əziz oxucu, nə sistemə, nə uşaq futboluna, nə stadiona, nə ot örtüyünə qarğış yağdır, bunlar gərəksiz zəhmətdi. Səni əmin edirəm ki, nəinki Gəncədə, bütün Azərbaycanda futbolun inkişaf eləməsinin bir üsulu var. Bu qeyri-qəliz, yəni çox asan üsul bundan ibarətdi ki, futbolumuzu neftin əsirliyindən xilas edirsən, vəssalam-qutardı-getdi...

Kimisə istefaya göndərməyə ehtiyac yoxdu, onsuz da istefa yaxşı yer deyil. Ondansa yekəqarın idarəçiləri diateya məcbur eləmək faydalı olar. Manıs yazarlar onları "futbol başbilənləri" adlandırır. Məşhur "Təbiəti sevənlər" verilişindən bir sitat yadıma düşdü: "...məməlilər sinfinə aid canlıların başının diametri bədənin ümumi diametrinin 1/25-ə bərabər olur". Bioloq və anatomiklərdən üzr istəyirəm, səhv eləmirəmsə, insanın da əvvəli məməlilər sinfinə gedib çıxır. Belə dərin təhlildən sonra vurğulamaq istəyirəm ki, yuxarıda qeyd olunan dieta məsələsi şiddətli dərəcədə vacib və zəruri olduğunu büruzə verir.

Müsəlman kadınına yaraşmaz, ona görə də nəzərimdə olan yekəqarınların adını burda elan eləmirəm. Amma yaxın vaxtlarda irəliləyiş olmasa, ad da çəkəcəm, inciməyin. Hara baxırsan, yekəqarın, hər yan yekəqarın... Bunlar ancaq özlərinə qulluq edirlər, futbola xidmət eləyən çıxar onlardan?!

O ki qaldı futbolmuzun bu gününə, bu haqda çox qısa danışacam. Biz futbolun inkişafı üçün hər şey elədik: Fuad Musayevi çıxartdıq - Ramiz Mizəyevi saldıq, Rövnəq Abdullayevi seçdik - Elxançik (prosto krasssavçik!) Məmmədovu qazandıq, Ramin Musayev əmiyə baxdıq - Fuad Əsədov qağanı xatırladıq, dəyişmədi ki dəyişmədi. Bu inkişaf vurğunvurmuş gəlmək bilmir də... "Şəfa" stadionu belə, bu xəstəliyin əlacını tapa bilmədi! Axırda hökümətimiz də işə girişdi, müdhiş bir, "«Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»" (ətiniz tökülsün) adlı şeir yazdı, yenə də əncam eləmir.

Bəs nə etməli?

Heç bir vasitə çarə etməyincə, əlac qalır türkəçarələrə. Axırıncı yol (bir az kobud çıxdı) türkəçarədi. Rayon yerlərində, ucqar kəndlərdə elə qarılar var ki, ən axırıncı ümid yeridi. Bütün tibbi imkanlar çarə olmayınca, qarı gəlib xəstənin o yanına-bu yanına baxır, süzür, dodağının altında nəsə pıçıldayır, sonra xəstənin ağrıyan nahiyəsinə bir neçə dəfə tüpürür, vəssalam-şüttamam, bununla da iş bitir. Həmin bu tüpürcək həkim apteçkasında olan bütün tibbi vasitələri əvəz eləyir.

Hə düz tapdız, həmin qarılardan birindən xahiş eləyib, AFFA-nın binasının qarşısına gətirmək lazımdı. Düzdü, belələri ağır təbiətli olurlar, hər xəstəni müalicə eləmirər. Ancaq buna da çarə var. AFFA-nın vitse-prezidenti Rauf Əliyev deputatdı, hökümət adamıdı, onu göndərin qarının qənşərinə. Qarı naz eləsə, dərhal fəliyyət üçün lisenziya və vergi qəbzlərini tələb eləsin (Maşallah, AFFA hərtərəflidi haa..!). Qarının hünəri nədi ki, bu şeylərdən sonra razılaşmasın. Bundan sonrakı prosesi özünüz bilirsiz... Mən getdim biskivit bişirməyə.

Yazarın bütün yazıları

oxunma sayı: 1207 | Paylaş:




?>