')

Bu gün:


FutbolPress.Az | MƏHMƏT AK "QARABAĞ"DA DİNİ BAXIŞLARINA GÖRƏ QRUPLAŞMANIN OLDUĞUNU TƏSDİQLƏDİ! (Müsahibə)

MƏHMƏT AK "QARABAĞ"DA DİNİ BAXIŞLARINA GÖRƏ QRUPLAŞMANIN OLDUĞUNU TƏSDİQLƏDİ! (Müsahibə)


oxunma sayı: 1570 Paylaş:

A dətən, müsahibənin əvvəlində müəllifin girişini oxuyursuz. Uğurlu giriş müsahibə üçün yaxşı reklamdı. Bəs mən necə giriş verim ki, bu müsahibədən daha məzmunlu, daha səs-küylü olsun, onu reklam edə bilsin? Məhmət Ak hər şeydən danışdı, bütün suallara cavab verdi, maraqlı söhbətimiz alındı. Elə isə birbaşa müsahibəyə keçək...

- Son zamanlar "Qarabağ"da problemlər qabarıq şəkil alıb. Komandanı yaxından tanıyan biri kimi, kənardan prosesi necə görürsüz?

- Mən əslində, belə vəziyyətlərdə danışmamaq qərarını vermişdim, amma bəzi səbəblərə görə qərarımı dəyişdirirəm. Bəli, son vaxtlar komandada problemlər var. Amma bu problemlər daxildə həll olunmalıdı. İkinci dövrədən sonra bəzi oyunlara baxmışam, digər prosesləri də mətbuat vasitəsilə izləyirəm, aydın görünür ki, ikinci dövrədə komanda heç də yaxşı oynamır.

- Bunun səbəbi nə ola bilər?

- Hər bir komandanın bəzi problemləri ola bilər. Məncə, peşəkar komandalar problemi öz daxilində araşdırmalı, həll etməlidi.

- Bilirsiz, Azərbaycanda əksəriyyər elə düşünür ki, "Qarabağ" ölkəmizi Avropada layiqli təmsil edib, indi birdən-birə belə problemlərin yaranmasının əsas səbəbini komanda daxilində yox, daha çox Foqtsun təlim-məşqlərində axtarırlar...

- Foqts "Qarabağ"ın planlarını pozmaq üçün nə edə bilər ki?! Və yaxud nə etməlidi ki, komanda zəifləsin, oynaya bilməsin və s.

- Belə anladım ki, Foqtsun təlim-məşqlərinin "Qarabağ"a problem yaratması fikrini qəbul etmirsiz?

- Mənim bildiyimə görə, qaydalara uyğun məşq edən komandaya belə şeylər problem olmamalıdı. Müasir futbolda artıq belə bir düşüncə yoxdu.

- Səhv eləmirəmsə, siz "Qarabağ"da əsasən fiziki hazırlığa məsuliyyət daşıyırdız...

- Əvvəlcə buna bir aydınlıq gətirim. Azərbaycanda həmişə bunu mənə deyirdilər, amma bilmək lazımdı ki, futbolda fiziki hazırlığa və ya sırf hansısa istiqamətə məsul olmaq anlayışı yoxdu. Futbol bütöv sistemdi: texnika, taktika və fiziki hazırlıq. Bunların hamısını bilmək mütləqdi. Bunu geniş ifadə elədim ki, bundan sonra "Qarabağ"da nə işlə məşğul olduğum konkret bilinsin.

- Elə bunu öyrənmək istəyirdim. Yəni Azərbaycanda sizin əsasən komandanın fiziki hazırlığı ilə məşğul olduğunuzu bilirdilər. Deməli, həm də taktiki-texniki planları da qururdunuz?

- Sonuncu iş yerim "Bursa Nilufərspor"da baş məşqçilik olub (Türkiyənin 3-cü liqa komandası. Cari mövsümün ikinci dövrəsində istefa verib- red.). "Qarabağ"dan əvvəl də məşqçilik eləmişəm. Deməli, bu statusda yeni deyiləm.

"KARA O KLUB ÜÇÜN ÇOX ŞEYLƏR ELƏYİB..."

- Aydındı, bu mövzuya bir azdan davam edərik. "Qarabağ"dakı enişin fiziki, taktiki və texniki tərəfində səbəblərini deyə bilərsizmi?

- Əslində, hər bir yüksəlişin enişi də olur. Əgər alternativ planınız yoxdursa, təbii ki, belə durumda qarşınıza problemlər çıxacaq. Çünki İspaniyada "Real Sosyedad" bir vaxtlar çempionluğa oynayırdı, Çempionlar Liqasında diqqət mərkəzində idi. Amma birdən-birə gözdən itdi. Elə Türkiyədə "Sivasspor"u götürək. İki il idi çempionluq üçün oynayırdı. Amma bu mövsüm liqada qalmaq üçün çarpışır...

- Bu nümunələri göstərirsiz, müqayisələriniz maraqlıdı. Amma sualım başqa istiqamətdə idi. Məsələn, "Real Sosyedad"ın bu vəziyyətə düşməsinin səbəbi maliyyə böhranı oldu. Pul azaldı, iddia da azaldı. Amma Azərbaycanda eyni şərtlər deyil. Sosyedad ayrı, Qurban Qurbanovun çalışdırdığı "Qarabağ" ayrı...

- Məncə, peşəkar futbolçu həftə ərzində iki fərqli tipdə məşq keçirsə bunun ona heç bir pis təsiri ola bilməz. Yəni Foqtsun məşqləri komandaya pis təsir göstərib, ya nəsə... Ola bilməz! Məndə bu mövzuda onlarla məqalə var. Belə iddialar boş şeydi...

- Rasim Karanın vaxtında "Qarabağ"a yeni sistem gətirildi və o həmin vaxt komandada siz də işləyirdiz. Sonra ayrılmağınızın səbəbi nə oldu?

- Kara o klub üçün çox şeylər eləyib, indi heyətdə parlayan yerli futbolçuların əksəriyyətini o gətirib komandaya. Bunları danmaq olmaz. Mənim o vaxt klubdan ayrılmağım isə şəxsi qərarım idi, elə bir ciddi problem yox idi.

- Amma siz ikinci dəfə qayıtdız. Bu dəfə Qurbanovun dövründə işlədiz. Sonra yenə də istefa verdiz, ancaq bu dəfəki qalmaqallı oldu...

- Bu haqda mənə çox sual verilib, amma görürəm ki, orda hələ də məsələnin real tərəfini bilməyənlər çoxdu. Bu mövzuya sonuncu dəfə aydınlıq gətirirəm. Mən İstanbuldaydım. İndi "Qəbələ"nin uşaq futbolu məşqçiləri olan Halim Ficici və Recep Yazıcı ilə birlikdəydim. "Qalatasaray"da çox ciddi bir proyekt üzərində çalışırdıq. Həmin ərəfədə Əmrah bəy (Əmrah Çəlikəl - "Qarabağ"ın direktoru- red.) Türkiyəyə gəldi və mənimlə görüşmək istədiyini dedi. Görüşdük. Mənə komandanın durumunu izah elədi və geri dönüb-dönməyəcəyimi soruşdu. Mən də ona, siz və Tahir bəy (Tahir Gozal - "Qarabağ"ın prezidenti- red.) olan yerə qayıtmaq istəyərəm, amma əvvəlcə "Qalatasaray" rəhbərliyindən icazə almalıyam - dedim. Adnan Sezginlə (Həmin vaxt "Qalatasaray"ın direktoru və baş meneceri idi- red.) danışdım və icazə aldım. Daha sonra Tahir bəy də mənimlə telefon danışığında komandanın çətin vəziyyətdə olduğunu bildirdi və orada Rasim Kara olsun, kim olur olsun, mənim geri dönməyimi istədilər. Mən elə telefonda Tahir bəyə komandanı mövsümün sonunda ona sevinc yaşadacağını əmin etdim və gəldim Azərbaycana. Komandanın çox çətin vəziyyətdə olduğunu gördüm. Ona qədər Qurban Qurbanovu tanımırdım, o vaxt tanış olduq. Bundan sonra oyunumuz yüksələn xətlə inkişaf elədi. 2008/2009 mövsümünün ikinci dövrəsində yalnız bir dəfə uduzduq...

- Və ölkə kubokunu qazandıqdan üç gün sonra istefa verdiz. Bu istefa hələ də birmənalı qəbul olunmur. Əsl səbəbi nə idi?

- Çünki orda istədiyim işi qurmağa çətinliklər yarandı. Əvvəl hər şey yaxşı idi. Mən komandayla özümə aid işləri, tapşırıqları eləyəndə Qurbanov hər şeydən məmnun idi. Onun haqqında müsbət fikirlərim yaranmışdı. Amma sonra nədənsə, dəyişildi. Sanki məni öz yanında artıq hiss edirdi. Amma bir daha deyirəm, həmin vaxt baş məşqçi olmaq niyyətim və ya bu haqda hansısa tədbirim olmayıb...

- Sizə qarşı dəyişməyinin səbəbi nə ola bilərdi?

- Bunu dəqiq deyə bilmərəm. Mənim rəhbərliklə münasibətlərim çox yaxşı idi, futbolçuların hamısıyla dost idim, işimi çox böyük həvəslə görürdüm. Bəlkə bunlar ona xoş gəlməyib, bəlkə kimlərsə mənim baş məşqçi olmaq istədiyimi demişdi... Bilmirəm. Amma yenə deyirəm, qətiyyən belə bir fikrim yox idi.

"QURBAN MƏNDƏN ÜZ ÇEVİRDİ. ONDA BİLDİM VƏZİYYƏTİN NƏ YERDƏ OLDUĞUNU"

- Deyəsən, Əmrah bəy sizə baş məşqçi olmağı təklif etmişdi...

- Bəli. Mən orda olanda onunla aramızda bu haqda söhbətlər olmuşdu. Amma mən təklifi qəbul eləməmişdim. Bu, Rasim Karanın gedişindən sonra baş vermişdi.

- Bəs konkret nə vaxt və hansı səbəbdən bildiz ki, Qurbanov sizə qarşı ayrıseçkilik edir?

- Dəqiq bildiyim bir səbəbi deyəcəm. Kuboku qazandığımız gün bütün komanda sevinirdi, bayram əhval-ruhiyəsiydi. Amma Qurban məndən üz çevirmişdi. Onda bildim vəziyyətin nə yerdə olduğunu. Həmin gecə restoranda kubok qalibiyyətini qeyd edirdik, biz məşqçilər korpusu olsaq da, ayrı oturmuşduq. Səbəbi məndə deyildi amma... Əlbəttə, üz çevirəcəklər də, komanda ən yaxşı vəziyyətdə idi; 21 gündə 7 oyun keçirdik və heç birində uduzmadıq. Hazır məhsul idi, kim mənimsəməz ki?! İndi mən orda istefa verib ayrılmağımı düzgün hesab etməyənlərə sual verirəm: mənim o komandaya verdiyim qədər onların hansı biri faydalı olub?!

- Siz gedəndən sonra "Qarabağ" Avropa Liqasında uğurlu çıxış etdi. Komandanın yaxşı oyunu iki cür fikir formalaşdırdı: 1. Bu uğurun memarı Qurban Qurbanovdu; 2. Bunun təməli Rasim Kara və Məhmət Akın yeni çalışma stilindədi...

- Çox yaxşı sualdı. İstefa verəndən sonra orda haqqımda çox şeylər yazıldı. Amma kimsə demədi ki, bəs necə oldu bu komanda belə uğurlu oyun göstərir. Yoxsa kimsə yad planetdən gəlib komandanı bu vəziyyətə gətirdi... Yanlış anlaşılmasın, Qurban o komandanın baş məşqçisidi, onun bu uğurlarda əməyi danılmazdı. Amma Əfranı, Vaqifi, Raufu, Aftandili, Ayxanı Rasim Kara gətirdi "Qarabağ"a. Hər bir uğurun bir başlanğıcı və sonu olur. "Qarabağ"ın uğuru Rasim Karayla başladı, mənimlə davam etdi, Qurbanovla son nöqtəyə çatdı...
Bir şeyi də qeyd eləyim. Komandanın bu uğurları qazanması heç də təsadüf ola bilməz. Hələ qazanılanlar gördüyümüz işin tam qiyməti, tam nəticəsi deyildi. Bu işlərə yeni başlayanda mən "Azərsun"un ofisində bütün komandaya işə peşəkar şəkildə davam edərsək, bu cür uğurlara çatacağımızı əvvəldən deyirdim. Amma o vaxt çoxu mənə gülürdü, inanmırdı dediklərimə. Bilirsiz, "Qarabağ" Avropa komandalarıyla yaxşı oynadı, ancaq əgər uğurun davamı gəlmirsə, deməli bu bir şans və ya təsadüf idi...

- Mən artıq hiss eləyirəm ki, "Qarabağ"dan çox narazısız. Çünki indiyədək belə həddə etirazlar, narazılıq olmamışdı.

- Yox, kimisə pisləmirəm, kiminsə haqqımı yediyini iddia eləmirəm. Əslində, bu klub mənə özümü sınamaqda çox böyük fürsət verdi. Hələ gəncəm (28 yaşı var- red.), indiyədək məşqçilik işində topladığım təcrübədə "Şəkərspor", "Bursa Nilufərspor" qədər "Qarabağ"ın da rolu oldu.

- Bildiyimə görə, Tahir bəy istefanızı qəbul etməmişdi. Hətta restoranda kuboku qeyd etdiyiniz gecə orda sizinlə ayrıca görüşmüş və komandada qalmağınızı israr edibmiş. Yaxşı da məbləğ təklif edib. Belə bir səviyyədə müraciəti qəbul etməməyiniz aydın deyil...

- Dediyim kimi, dəyişən biri nəfər var idi və mən belə vəziyyətdə orda qalıb işləyə bilməzdim. Bir şeyi də deyim: kuboku qazandıqdan sonra Xəzər TV-də "Futbol saatı" verilişinə dəvət olunmuşdum. Verilişə kubokla çıxmaq istəyirdim, amma vermədilər.

- Kimdən istəmişdiz kuboku?

- Əmrah bəyə dedim. Kuboku istədim. Verilişə kubokla çıxmaq istədiyimi bildirdim. Hər şey normal idi. Amma sonra vermədilər kuboku. Həqiqətən münasibət birdən-birə çox dəyişmişdi. Ondan sonra mən necə qalım klubda?! O komandanın uğurunu hamı öz adına çəkir, amma ən böyük zəhmət komandanındı, oyunçularındı

- Növbəti sualımın cavabında deyəcəyiniz hər bir söz çox maraqla gözlənir. Çünki siz "Qarabağ"la bağlı dolaşan bu informasiyalar haqda ən doğrusunu deyə bilərsiz. Azərbaycanda bu klub haqda belə deyək - "kölgə problem" var. Son vaxtlar xüsusilə bu mövzu qabardılır, amma dəqiq dəlillər yoxdu: deyilənə görə, komandada bəzi futbolçular dini inanclarına görə bir yerdədilər, bir qruplaşma halındadılar. Digər oyunçulara da təsir edirlər. Hətta Qurbanov da bəzən bacarmır onlarla. Sizin vaxtınızda belə problemlər yaşanmışdımı?

- Son vaxtlar nələr olduğunu deyə bilmərəm, amma bəli, mənim vaxtımda belə problemlər olmuşdu. Məsələn, bəzən oyuna çıxmalıyıq, oyunöncəsi meydançada isinmə hərəkətləri olmalıdı, amma bu səbəbdən yubanmalar olurdu. Bundan artığını deyə bilmərəm... Heç kiminsə dini inanclarını müzakirə etmək də istəmirəm.

- Bu barədə rəhbərliyə narazılığınızı bildirmişdizmi?

- Bəli, Tahir bəyə bu barədə demişdim.

- Nə cavab almışdız?

- Nə cavab ala bilərəm ki... Mən sadəcə, sözümü dedim, onlar tədbir gördülər, ya görmədilər, mənim nəyimə lazım. O vaxt indiki bəzi oyunçular yox idi, hazırda vəziyyət nə yerdədi, bilmirəm. Onların problemi məni maraqlandırmır.

- Deyirsiz, sizi maraqlandırmır onların problemi. Haqlısız. Amma maraqlıdı, yenidən təklif gəlsə, işləyərsiz orda?

- Mən o klubda nə vaxtsa çalışacağıma və inanılmaz uğurlar qazanacağıma əminəm. Bu, indi olacaq, 10 ildən sonra olacaq, bilmirəm, amma olacağına əminəm. Çünki mən işimin hər detalını peşəkarlıqla öyrənirəm. "Qarabağ" üçün "Qalatasaray"dakı karyeramdan imtina edib, gəlmişəm ora. Mənim pis olduğumu deyənlər ən azı o klub üçün etdiyim fədakarlığı bacarsaydı...

- Qeyri-rəsmi məlumatlara görə, "Neftçi" də sizinlə maraqlanır...

- Bu barədə heç bir müraciət olmayıb. Mənimçün əsas klubda sistemin və hədəfin planlı şəkildə qurulmasıdı. Bu tələbələrə cavab verirsə, həmin klubda məmnuniyyətlə işləyərəm.

- Yaxşı, "Neftçi", yoxsa "Qarabağ"?

- Mənimçün fərqi yoxdu. Hər iki klub dəyərlidi. Ancaq ən əsası, işə peşəkar yanaşmadı. Bu ən vacib amildi.

Elçin CƏLİLOV


oxunma sayı: 1570 | Paylaş:




?>