')

Bu gün:


FutbolPress.Az | SADIQ SADIQOV "NEFTÇİ"DƏKİ "PERESTROYKASINDAN" DANIŞIB

SADIQ SADIQOV "NEFTÇİ"DƏKİ "PERESTROYKASINDAN" DANIŞIB


oxunma sayı: 514 Paylaş:

- "Nefçi"nin Premyer Liqanın final mərhələsinin ilk dövrəsindəki nəticələrini necə dəyərləndirirsiniz?
- Nəticələrimiz göz qabağındadır. Ardıcıl iki oyundur ki, komandamız uduzur. Bu da ürəkaçan hal deyil. Düzdür, əvvəllər komandada ruh düşkünlüyünün olmasına dair müəyyən söz-söhbətlər var idi. Bu gün "Neftçi"də hər şey qaydasındadır. "Neftçi" bəlkə də yeganə komandadır ki, rəhbərlik tərəfindən göstərilən qayğı baxımından heç bir problemi yoxdur. Son 3 ildə "Neftçi"də xeyli məşqçi dəyişikliyi baş verib. Hər məşqçinin də özünəməxsus taktikası, oyun tərzi var. Komandamız Vaqif Sadıqovun baş məşqçi olduğu dövrdə müdafiə futbolu oynayırdı. Bu posta Arif Əsədovun gəlişindən sonra "Neftçi" hücum futbolu oynayır. Amma birdən-birə yüksək nəticələr əldə etmək mümkün deyil. Hücum taktikasının bəhrəsini görmək üçün vaxt lazımdır. "Neftçi" son 2 matçında "Qəbələ" və "Qarabağ"a uduzdu. Düzdür, "Qarabağ" ölkəmizin ad-sanlı klublarından biridir. Ağdam klubu çox gözəl oyun nümayiş etdirdi və qalib gəldi. Bu münasibətlə Qurban Qurbanovun komandasını təbrik edirəm. "Neftçi" isə arzulanan oyunu sərgiləmədi. İnanıram ki, gələcək matçlarımızda komandamız öz sözünü deyəcək.

- "Neftçi"ni "xalq komandası" adlandırsalar da, öz oyunu ilə heç də bu adı doğrultmur...
- Hamımız "Neftçi"nin "xalq komandası" olduğunu başa düşürük. Mən də belə bir klubun prezidenti kimi bu məsuliyyətin altına girmişəm. Yəqin ki, "xalq komandası" olaraq, "Neftçi"nin növbəti mövsüm üçün transfer siyasətinə baxılacaq. Bir çox futbolçuların müqaviləsı başa çatır. Onlarla yəqin ki, vidalaşacağıq. "Neftçi"yə, xalqı təmsil edən komanda kimi, adına layiq transferlər etməliyik. Elə etməliyik ki, transferlər məsələlərində etdiyimiz səhvləri təkrarlamayaq. Tam əminliklə deyirəm ki, gələcək transfer məsələlərimizdə böyük işlər görüləcək. Artıq işlərə başlanılıb. "Neftçi" Azərbaycanda yeganə klubdur ki, ən səviyyəli transfer şirkətləri ilə müqavilələr bağlayıb. Bunlardan biri Braziliyada yerləşir. Artıq bəzi oyunçularla danışıqlar gedir.

- Kimlərlə?
- Hələlik onların adlarını açıqlamayacağam. Yaxın müddətdə "Neftçi"nin nümayəndələri başda vitse-prezident Tahir Süleymanov olmaqla, Braziliyaya səfər edəcəklər. Onlar bir çox oyunçuları yerindəcə izləyəcəklər. Mayın 4-də Braziliya çempionatı başlayır. Çempionatda bəyənilən futbolçularla ilkin müqavilələr bağlanılacaq. Qarşıdan dünya çempionatı gəlir. Bu səbəbdən, transfer çalışmaları üçün vaxt azlığı yarana bilər. Buna görə də indidən bu istiqamətdə fəaliyyətə başlamışıq. İnanıram ki, gələcəkdə "Neftçi" "xalq komandası" kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək.

- Bəs Dünya çempionatında çıxış edəcək yığma komandaların futbolçuları ilə danışıqlar aparmaq fikriniz var?
- Biz işlərimizi hər formada qaydaya salırıq. Hələ dünya çempionatına çox var. Mundialdan öncə gərək bir neçə futbolçunu baxışdan keçirək. Dünya çempionatında çıxış edəcək futbolçularla da danışıqlar aparmaq fikrimiz var. Məqsədimiz odur ki, Azərbaycana gələcək futbolçuların hamısı öz ölkəsinin yığmasını təmsil etsin. Əsasən, Braziliya və Avropa ölkələrindən oyunçular axtaracağıq. Mayın ortalarınadək hansı dövlətlərdən oyunçu axtarmağın gərəkliyi haqda fikrimizi dəqiqləşdirəcəyik. Seleksiya işlərində yanılmamağa çalışacağıq. İnşallah, yanılmarıq.

- Növbəti mövsümdən legionerlərə "8+3" limiti tətbiq ediləcək. Buna görə də yerli futbolçuların transferi istiqamətində hansı addımları atacaqsınız?
- Biz yerli oyunçu transferinə də önəm veririk. Komandanı tam legionerləşdirmək istəmirik. Azərbaycanlı futbolçuları da heyətimizə cəlb edəcəyik. Amma hələlik konkret oyunçular haqda danışmaq tezdir.

- Hazırkı legionerlərinizin səviyyəsi sizi qane edir?
- Hardan qane edir? Kimi qane edir ki, məni də qane etsin? Qane etsəydi, yəqin ki, "Neftçi"nin durumu bu günkü kimi olmazdı. Onlara çempionatın sonunadək şans veririk. Mövsümün axırınadək onların müqavilələri var. Şans veririk ki, oynasınlar, özlərini göstərsinlər. Hələ ki mən onlarda bir irəliləyiş görmürəm. Bu qədər diqqət və qayğıdan, onları hər şeylə təmin etdikdən sonra yenə də öz sözlərini deyə bilmirlərsə, hər bir klub prezidenti mənim kimi danışar. Hələ ki şansları var. Qarşıdakı 5 tur ərzində öz sözlərini deyə bilərlər. Ürəyi "Neftçi" ilə döyünən, layiqli oyun sərgiləyən futbolçunu komandada saxlayacağıq. Kim bizi qane etmirsə, onlarla vidalaşacağıq. Bu bizim qəti fikrimizdir.

- Heyətdəki narazı qaldığınız legionerləri sadalaya bilərsiniz?
- Bunları jurnalist olaraq, bizdən yaxşı bilirsiniz. Onları bizim sadalamağımız düzgün olmazdı. Hələ qarşıda oyunlarımız var. Sadəcə, narazı qaldığımız legionerlər onlara verilən şanslardan istifadə etməlidirlər. Bundan yararlana bilsələr, "Neftçi"dəki karyeralarını davam etdirəcəklər. Əks halda, yollarımızı ayıracağıq.

- Transfer siyasətinizdə boşluqlara yol verildiyini dediniz. Bu kimin məsuliyyətidir: qış transfer dövründə komandanızın baş məşqçisi olan Vaqif Sadıqovun, yoxsa klub rəhbərliyinin?
- Qapıda duran mühafizəçidən tutmuş klub prezidentinədək hamının günahı var. Heç kim "Günahım yoxdur" deyə, yaxasını kənara çəkə bilməz. Transfer məsələsi çox incə məsələdir. Gərək "Neftçi"nin keçmiş rəhbərliyi bu işi peşəkarlara, ən azı futboldan başı çıxana həvalə edərdi. Klubumuzun transfer məsələsində çox boşluqlar olub. Həmin boşluqlar göz qabağındadır. "Neftçi"nin oyunu heç kimi qane etmir.

- Deyilənlərə görə, yenicə klub prezidenti təyin olunduqdan sonra "Neftçi"nin bir oyununu izlədiyiniz vaxt xeyli əsəbiləşmisiniz və əksər heyəti dəyişəcəyinizi bildirmisiniz?
- Bax, qardaşım, sən özün deyirsən ki, "Neftçi" "xalq komandası"dır. "Xalq komandası"nda, sən də daxil olmaqla, hamımız varıq. Sən o oyunçuları saxlayarsan? Şəxsən mən böyük məsuliyyətin altına girmişəm. "Neftçi"ni xalq dəstəkləyir. Ona görə də xalqın dəstəklədiyi komanda belə çıxış etməməlidir. Mən məğlubiyyəti sevməyən insanam. Məğlubiyyəti qəbul etmək də böyük fərasətdir. "Qəbələ" ilə oyunda 3 xal götürəcəyimizə inanırdım. Amma əksi baş verdi. Bu məğlubiyyətə şanslarımızın itməsi kimi baxdım. Həmin oyunda böyük şansımız vardı ki, çempionatda öz sözümüzü deyək. Amma olmadı. Yəqin, məsləhət belə imiş. Görək, nə olur da... Mən inanıram ki, "Neftçi" gələcəkdə doğrudan da "xalq komandası" olduğunu isbat edəcək.

- "Neftçi"nin şanslarının itdiyini dedikdə, konkret nəyi nəzərdə tutursunuz: çempionluq, yoxsa Avropa Liqasına vəsiqəni?
- Bunu gələcək göstərər. Komandamız sabit oyun sərgiləmir ki, nəyə layiq olduğunu deyək. Hələ mən "Neftçi"nin oyunundan heç nə anlamıram. Görək də, başımıza nə gələr?

- Hesab etmirsiniz ki, klubunuzun bacarıqlı kadrlara ehtiyacı var?
- Düzdür, ehtiyacımız var. Bu gün bir futbol klubu olaraq, "Neftçi"də vitse-prezident, icraçı direktordan tutmuş bütün əməkdaşlarınadək futbol elmini bilənlərdən ibarət olmalıdır. Klubumuzda kadr dəyişiklikləri baş verib, bir çox mütəxəssislər dəvət etmişik. Yaxın günlərdə "Neftçi"yə daha 2-3 mütəxəssis cəlb etməyi nəzərdə tutmuşuq. Onlar əsasən, uşaq futbolu, baza işləri və seleksiya məsələlərini bilənlərdən ibarət olacaqlar. Klubumuzu tam formalaşdırmışıq. Mətbuat xidməti, kadrlar şöbəsi, iş rejimi qurmuşuq. Eyni zamanda, Oqtay Abdullayevin rəhbərliyi ilə "Neftçi"nin veteranlar cəmiyyəti də yaranıb. Gələn ay 9-10 nəfərdən ibarət bir komissiya yaratmaq fikrimiz var. Həmin komissiyaya "Neftçi"nin veteran futbolçularını dəvət edəcəyik. Bütün seleksiya və klubumuzun gələcək inkişaf məsələlərində onların da fikrini öyrənəcəyik. Veteranların iştirakı ilə səsvermə olacaq və gələcək işlərimizi onların razılığı ilə həyata keçirəcəyik. Mayın ortalarında "Neftçi"nin böyük iclasını həyata keçirmək niyyətindəyik. İclasda komissiyanın tərkibi və sədri müəyyənləşəcək.

mənbə: lent.az


oxunma sayı: 514 | Paylaş:




?>