')

Bu gün:


FutbolPress.Az | Berti Foqtsa "Ön söz"...

Berti Foqtsa "Ön söz"...


oxunma sayı: 936 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Əvvəllər Berti Foqtsu heç sevmirdik. Az qala, hər açıqlamasından sonra ona qarşı aqressiv reaksiyalara əksər KİV-də rast gəlinirdi. Bilinən səbəblər; jurnalistlərimizə qarşı psevdoetik ünsiyyəti, maaşında azərbaycanlını qıcıqlandıracaq rəqəmlər, əsasən xaricdə verdiyi müsahibələrdə futbolumuz haqda aşağılayıcı fikirlər bildirməsi və s. sayıla bilər. Zaman keçdi, tənqidlər bol olsa da, Foqtsla yeni müqavilə imzalandı. ...Foqts həyat tərzimizə çevrilməkdədi.

Məsələn, mən Foqtsa qarşı əvvəlki qədər radikal mövqedə deyiləm. Çünki özünü Azərbaycana uyğunlaşdırmadı, öz tərzini diqtə etdi. Əgər ona qarşı ən sərt tənqid "Ayın 1 həftəsini burda, üç həftəsini vətənində olur" həddindən yuxarı qalxmadısa, onda o tənqiddə yoxam.
Məşqçilik bacarığını müzakirə edəcək biri tapıldımı burda... Yerli məşqçilərdən onun işi haqqında irad bildirən oldumu... Bilirsiz, Karlos Alberto Torres kimi məşqçini bəyənmədiyini əsaslandıra bilməyən mütəxəssisimdən Foqtsun çatışmazlıqlarını öyrənəcək şansım yoxdu. Torres azərbaycanlı futbolçuya qapıya düzgün zərbə vurmağı öyrədirdi. Onu burdan hansı hoqqayla yola saldıqları köhnə nağıldı. Foqts isə Torresi davam eləyib, futbolçumuzun eşitdiyi "peşəkar" kəlməsini ona hiss elətdirmək yolundadı. Bu, davam eləməlidi. Belə davamı azərbaycanlı məşqçiyə həvalə etmək zamanı hələ çatmayıb.

...Yenə öz ampluasındadı. Almaniyanın "Bild" qəzetinə müsahibəsində belə deyib: "Avropa çempionatının seçmə mərhələsinə indidən hazırlaşırıq. Axı sentyabrda Almaniya ilə görüşürük. Bu dəfə 0:4 hesabı ilə uduzmaq istəmirik. Yalnız 0:3 hesabı ilə uduzmaq üçün indidən işə başlamalıyıq". Foqtsun bu açıqlamasına qıcıqlananlar həmin saydadı, həminkilərdi. Elə bilirəm ki, belələrinin mövqeyi artıq aktuallığını itirir. Foqtsun haqlı olmadığını deyənlər, "niyə" sualını hələ də cavablandırmayıblar, onlar sadəcə, hələ də belə düşünürlər.

Məsələyə bir az başqa yöndən baxaq. Foqts, yəhudi əsilli olsa da, alman kultunun yetirməsi, psixoanalitiki Ziqmund Freydin, Nitşe kimi, düşüncələrdə çevriliş edən filosofun, Hitlerin (!) həmvətənidi... Freyd pasientlərini orijinal bir üsulla müalicə edirdi: onlara rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa belə dilinə gətirməyi təklif edirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu.
Almanlarda olan özünəinam estetikası heç bir xalqda olmayıb. Foqts azərbaycanlı futbolçuya bunu öyrədir, aşılayır. Azərbaycanlı 0:3 hesabıyla uduzmaqla 0:4-lük məlubiyyətə - "ikisi də məğlubiyyətdi..." düşüncəsiylə yanaşmamalıdı, bunların arasındakı fərqi dərk eləməlidi. Əlbəttə, Foqts bu həssas və xarizmatik yanaşmanı detallarıyla tətbiq etməyə borclu olmadığını bilir, amma bunu ondan istəmək haqqı əlinizdədi, buyurun, istəyin.

Müsahibəsindən daha bir maraqlı məqam: "Azərbaycanda futbol şahmat qədər populyar deyil. Harri Kasparov kimi şahmatçını yetişdirən ölkədə daha çox həmin idman növü sevilir. İkinci sırada isə ağır atletika gəlir. Mən bununla mübarizə aparıram. Futbol artıq bir fənn kimi məktəblərdə tədris olunur". Əslində, predmet şahmat və ya ağır atletika deyil, bu, bir eyhamdı. Bizim ölkədə fərdiyyət kollektiv təşkil edə bilmir. Bu, futbol kimi komanda oyununa şübhəsiz, ziddi. Foqts problemin, əslində, dərin kök saldığını - ənənəvi olduğuna işarə edib.

Məncə, bir şərq ölkəsində xoş olmayan ənənəni dağıtmaq Berti Foqtsun yazdığı mükəmməl bir kitab olardı. O, bu kitabın neçənci səhifəsindədi, bilmirəm, amma "ÖN SÖZ"ü yaza biləcək KOMANDA ərsəyə gətirə bilsə, məmnuniyyətlə, bunu bir şərq ölkəsində gerçəkləşən "Barbarossa" adlandırardım...

Yazarın bütün yazıları

oxunma sayı: 936 | Paylaş:





?>