')

Bu gün:


FutbolPress.Az | Problem.. sizsiniz 

Problem.. sizsiniz 


oxunma sayı: 1056 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Tanrının qəribə nizamı var; həmişə bu kəlamı işlədirik. Çünki görürük ki, dünyada hər bir varlıq digərindən asılıdı. Bu zəncirvari silsilə nəticədə gətirib hansısa hadisəyə çıxarır. Məsələn - İnsan. Bir hadisə kimi, insanın əmələ gəlməyi üçün görün, nə boyda proses var... Yəni əgər bir məxluq varsa, mövcuddusa, deməli, Tanrı bunu bir məqsədlə yaradıb.

Ancaq Azərbaycan futbolunu hansı məqsədlə yaratdığını, əstəğfürullah, anlaya bilmədim. Başdan-başa sirlər xəzinəsi olan yerin üzündə Azərbaycan futbolu qədər məqsədsiz hadisə varmı görəsən.

İndi hardan başlayım, bilmirəm. Elə bir vəziyyətdi ki, həm ağlamalıdı, həm də gülməli... 1992-ci ildə, ictima-siyasi proseslərin çaxnaşdığı bir ərəfədə, heç 5 ölkədə səfirliyimiz açılmamışdı, ancaq AFFA yaradılmışdı. Sanki bizə futbol çox lazım idi. AFFA da bu işin rifahı naminə göydən enmiş mələk qədər vacib bir qurum kimi, hoppanıb atılmışdı ortalığa.

O hoppanan-bu hoppanan, hələ də bir şey edə bilməmişik.

İndi qarşıdan gələn 2012-ci il 17 yaşlı qadınlar arasında futbol üzrə Dünya Çempionatına hazırlıq gedir. Milyonlar gedir...

FİFA rəsmilərindən kimə sual etsən, belə bir yarışın mənasını anlada bilməyəcək. Deyirəm də, "it dəftərində" də belə bir yarış adı yoxdu. Ancaq gəl, AFFA bunun ətrafında elə bir ajiotaj yaradıb ki, süniliyi Himalayı da aşıb gedib.

Hətta ölkə başçısını da inandırıblar ki, bu yarış bizimçün əla hadisədi. FİFA bizə önəm verir, ev sahibliyini bizə etibar edir.

Əgər gələcəkdə Bakıda Yay Olimpiya Oyunlarını keçirmək üçün bunu strat kimi hesablayıblarsa, bundan gülməli start yoxdu. Start başlamalıdı kanalizasiya sistemindən. Paytaxtın kanalizasiya sistemi qədər dərindi problemlərimiz, odu ki, olimpiyadaya ev sahibliyi etmək yaxın 25-30 ildə mümkün olmayacaq. Ən azı, kanalizasiyaları da ona qədər 15 dəfə düzəldib-söküb-düzəldəcəklər. Lazım deyil, imkan verin, insanlar rahat yaşasın.

Şəhərin hər tərəfini, "Müvəqqəti narahatlığa görə üzr istəyirik" bildirişləri bürüyüb. Müvəqqəti narahatçılıq illərlə davam etmir. Nəysə, məlum olan odu ki, müvəqqəti-əbədi narahatçılıqdayıq, vərdişkarıq.

O bildirişdən birini də AFFA-nın binasının önünə asın.

Bu yazıda məqsədim hansısa problemi qoyub, onu müzakirəyə təklif etmək deyil, sadəcə, problemlər çoxluğunda səmtini itirməkdə olan nizamın bucaqlarını axtarmağa çalışıram. Bizdə "Futbolun inkişafı" anlayışı problemlərin çoxluğu fonunda dəyişilib, "Problemlərin inkişafı" ifadəsiylə əvəz olunmalıdı. Biz hələ problemlərin çeşidlərini öyrənməliyik. Aydınlaşdırmalıyıq ki, hansı məsələlər əslində problem adlandırıla bilər. Məsələn, Flavinyonun milliləşdirilməsidi problem, yoxsa "Turan"ın viran qalması və s. bu kimi misallar.

Problemin diaqnozu düzgün qoyulmalıdı. Ondan sonra həlli istiqamətləri müəyyənləşdirilməlidi.

Bizdə "problemlər inkiaf edib"... "nano problemlər" texnologiyası kimi bir şey yəni... Yəni "futbolun inkişafı" abzasını açmaq üçün, əvvəlcə "problemlərin inkişafı" prosesini əngəlləmək gərəkdi.

Hər nə gəldi haqqında yazmaqdansa, aralarında problem yükü daşıyanları müəyyən edib, o tərəfdən yanaşmaq gərəkdi. 

P.S. Bizim təfəkkür jarqonlarımız da çeşid-çeşiddi. Məsələn, biri mənə deyə bilər: Nə çox problemdən danışırsan, sənə problem lazımdı, bəyəm? Bax, inkişaf üçün bunun özü də bir problemdi... 

Yazarın bütün yazıları

oxunma sayı: 1056 | Paylaş:




?>