')

Bu gün:


FutbolPress.Az | "Böyük oyun"dan böyük oyun...

"Böyük oyun"dan böyük oyun...


oxunma sayı: 1275 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

- Kim deyir Azərbaycanda futbol var və ya olacaq..?! Rövnəq Abdullayev?
- Mən bu OYUNU Lənkəranda izlədim. ...Çempionatın bir çox oyunlarını pərdəarxasındakılarıyla birlikdə izləmişəm. Rövnəq Abdullayev əmin olsun ki, o, bu ölkənin avam camaatının "cibinə girib" talamaqla məşğuldu... Nə emosiadayam, nə də canfəşanlıq eləyirəm - sadəcə, dövlətin sosiuma qarşı "getto" siyasətinin hər gün daha də ifrat hal aldığını təkrar edirəm. Lənkəranda gördüklərim bu ölkənin futbolu haqda müşahidələrimi bir az da leqallaşdırdı: bizdə futbol "sifarişli oyundu".

Hacı Əfqan Həmzəyev cəddinə and içərək, "qəhrəmanlıqla" məşğuldu, nə çox bu ölkədə bu cür həci-hakimlər... Problem həmzəyevkimilərdə deyil, SİSTEM deyilən o mücərrəd məxluq öz işini görməkdədi. Rövnəq Abdullayev bu maxinator sistemin bir naziri kimi "qul" olmağa məcburdu. Onun bəzi mənəvi həssaslıqları haqda eşitmişəm, amma təkrar olmasın: Abdullayev və digər onunkimilər sadəcə icraçıdılar...

Rövnəq Abdullayevin "Neftçi" avrokuboklara çıxmalıdı" notu bəs eləyir ki, hakimlər, xüsusən Həmzəyev bu cür hoqqalardan çıxsın. Müəyyən qədər onun hakimlikdən başqa hansı "işlər" üçün federasiyaya yaradığını da bilirik...

Lənkəranda gördüklərim sadəcə, dəhşət idi! Dürüst və peşəkar mövqeyinə inandığım həmkarım Erkin İbrahimovun icmalında Əfqan Həmzəyevin qəti surətdə "Neftçi"nin oyunlarına təyin olunması statistikayla göstərilib. Deməli, bildiklərimizi analiz etsək belə çıxır ki, Ramin Musayev növbəti dəfə bədxassəli ssenarinin icraçısı rolunda təsvir olunmalıdı. Ən real mülahizələrdən biri də budu ki, məhz Rövnəq Abdullayevin "ismarıcı" Musayevin vasitəçiliyi ilə yalnız Həmzəyev "fiquruyla" icra oluna bilər və necə ki, belə də olur...

Bu hakim artıq beşinci dəfə idi ki, "Neftçi"nin oyununu idarə edirdi. Məlum qalmaqallı "Turan" - "Neftçi" matçı ilə başlayan silsilənin üç oyununu stadiondan izləmişəm. "Neftçi" - "Standard", "İnter" - "Neftçi" və Lənkərandakı "Böyük oyun". Həmzəyev bu oyunların hamısında "Neftçi"yə açıq-aydın dəstək verirdi. Futbolumuzun düşməni Həmzəyevdi? Düşmən axtarışında deyiləm, Həmzəyev kimdi ki, hansısa oyunda belə hoqqalardan çıxsın... Həmzəyevsifətləri yetişdirən SİSTEM hər gün daha da ağzınlaşır, törəyir.

Rövnəq Abdullayevin "notuna" əməl etmək istənilən halda Musayev üçün hər şeydən öndədi. Musayev göstərir ki, vəzifə onun üçün hər şeydən önəmlidi, bu ölkənin futbolu inkişaf eləyər, nə olar-olmaz, bunlar əsas deyil. Bu ittiham deyil, çünki hər dəfə loyal olmağa çalışsam da, bu dəfə alınmır - reallıq, gördüklərim bunu deməyə vadar edir. Həmzəyev Musayevin etibarlı mənbəsi kimi rəhbərdən gələn notu, bütün "tapşırıqları" yerinə yetirməliydi. Cəddinə qurban olduğu Hacı...

Maraqlıdı, tutalım, Abdullayev "Neftçi"ni vəziyyətdən sivirib avrokuboka çıxarmağı eyham vurub, Musayev bu haqda tapşırıq verir və əməl eləyənlər var, bəs son vaxtlar əlahəzrət halına salınan yeni prezident Sadıq Sadıqov belə vəziyyətdə hansı funksianı daşımalıdı..? Axı vəzifəyə gələndən Sadıqovu tərifləməyən görmədim...

Lənkərandakı oyunda onun necə əsəb keçirdiyini, situasiyanı idarə edə bilmədiyinin şahidi oldum, özü də lap yaxından. Ancaq prosesin tədricən bu hala gəlməsində onun da nöqsanı yox deyil. Mən Sadıqovu belə təsəvvür etmirdim, ən azı eşitdiklərim və bildiyim qədəriylə... Əgər indiyədək 5 oyunda Həmzəyev "Neftçi"nin oyununa təyinat alırsa və hər birində min hoqqadan çıxırsa, təəccüb dolu baxışlarımı Sadıqova tərəf yönəltməyə haqqım çatırmı...? Olmazdımı, indiyədək baş verən hoqqalara görə, Həmzəyevin bu oyunlara təyin olunmaması üçün PFL-ə müraciət olunsun...

TAMAŞANIN pərdəarxasından məlumatı olmayanlar üçün ən maraqlı təxminlərdən biri də o olar ki, futbolumuzda "anşlyuz" siyasətinin baş qəhrəmanı həm də Ramin Musayevdi. Bu söhbəti çoxdan eşitmişəm: "Nə qədər ki mən futboldayam, talışlar ("Xəzər-Lənkəran") çempion olmayacaq".
Oyundan əvvəl və sonra Lənkəranda azarkeşlərdən ən çox eşidilən şikayətlərdən biri də bu idi. Onlar Musayevin bu "əhdini" hər məqamda xatırlayırdırlar. Onlar futbolu analiz eləyə bilirlər, onlar eşitdiyiniz kimi, kobud, intizamsız azarkeş yox, çox tələbkardılar. Hətta Ağasəlim Mircavadovdan, klub rəhbərliyinin köklü islahatlar aparmamasından narazılar ordusu var orda. O azarkeşə bu cür KOBUDLUQ ETMƏK, onların emosialarıyla oynamaq "həmzəyev aləti" istifadə edənlərə dərs olmalıdı. Bu bütün Azərbaycan futboluna, onun azarkeşinə ümidsizlikdən başqa heç nə demək deyil. Həmkarlarım Emin Abbasov, Nail Nurəddinoğlunun da ilk dəfə getdiyi, lakin qətiyyətlə Cənub bölgəsinin, Lənkəranın futbolla yaşadığına əmin olduğu belə bir atmosferə bu cür ümidsizliyin, məyusluğun çökməsi heç birimizi narahat etməyə bilməz...

Ramin Musayevin Sadıq Sadıqovla yaxşı olmayan münasibətləri çox şeydən xəbər verir. Kim sübut edə bilər ki, Musayev "həmzəyev alətiylə" Sadıqovun imicinə zərbə vurmur... Az əvvəl qeyd olundu, Sadıqov hərtərəfli müsbət obraz kimi tanınır mətbuat üçün. Bilin ki, bu Musayevə sərf edən amil deyil. Aradakı "soyuq müharibə" daha çox Sadıqovun əleyhinə işləyir: Musayevin, məsələn, "həmzəyev aləti" ilə üç həmləni birdən öz xeyrinə dəyişməsinə diqqət yetirək:
1. "Neftçi"nin oyunlarına bu hakimin təyin olunması və onun oyun idarəçiliyi götərir ki, burda komandanı müdafiə etməkdən çox, biabır etmək, narazı nəzərləri Sadıqovun üzərinə cəlb etmək motivi var. Xüsusən, bu hal Sadıqov prezident təyin olunandan sonra başlayıb.
2. "Neftçi"nin intensiv olaraq eyni hakimin köməyi ilə vəziyyətdən çıxarılması mətbuatda ajiotaj oyatsın və dolayısıyla Sadıqovun müsbət imicinə zərbə dəysin. Bununla, Musayev mehriban düşmənə qarşı diplomatik planını tətbiq etmiş olur.
3. Musayev bu "əməliyyatı" qüsursuz yerinə yetirsə, bu bir gülləyə üç quşu birdən vurub vəzifədə möhkəmlənmək deməkdi: Rövnəq Abdullayev düşünəcək ki, yaxını Sadıqov yaxşı adam olsa da, Musayev də "vurulmalı" bənd deyil. Bununla Musayev üçün Sadıqov təhlükəsi sovuşur...

Variantlar necədi, xoşunuza gəlir? Çox maraqlıdı, eləmi - baxırsan və ən yaxşı halda dəhşətə gəlirsən. Başqa çarə yox. Amma bunlar nağıl deyil: reallığa daha yaxın olun...

P.S. Təzə xəbərdi: bu il Azərbaycanda istehsal olunan 50 milyon ton neftin 16 milyonu müəmmalı şəkildə yoxa çıxıb. Əslində, çox köhnə xəbərdi...

Yazarın bütün yazıları

oxunma sayı: 1275 | Paylaş:




?>