')

Bu gün:


FutbolPress.Az | BÜLƏNT QORXMAZDAN MƏCBURİ GEDİŞ... (İCMAL)

BÜLƏNT QORXMAZDAN MƏCBURİ GEDİŞ... (İCMAL)


oxunma sayı: 800 Paylaş:

Bülənt Qorxmazın "Bakı"dan gedişi onun ümumiyyətlə, bura gəlişinin üstü "toz" bürümüş məramını bir az aydınlatdı. Hələ burda yenicə işlməyə başlayanda onunla müsahibəmdə xasiyyətini bir az müəyyənləşdirmişdim. Təxminən iki saatlıq ətraflı söhbətimizdə məlum oldu ki, onun Azərbaycanda işləmək məsələsi özü üçün bir ekspromtdu. Bunu birbaşa deməsə də, bir neçə sualın cavabında bu fikri ehtimal edə biləcək fikirlər ala bilmişdim ondan.

...Və dünən istefa verdi. Bayram günündə istefa sadəcə, bir jest idi. Gəlişigözəl təxmin sayıla bilər, amma bu cür istefa qərarının ardına düşüb səbəb axtarışları aparmaq da bir ehtiyac hiss elətdirmir. Gümanlar ilk təəssüratdaca hocanın öz xoşuyla istefa verdiyinin inandırıcı olmadığını göstərir. Məcburi gedişdimi? Başqa nə səbəb ola bilər?

Yeni məlumatlara görə, Bülənt artıq Superliqa klublarından real təklif almışdı. Onun istefaya "tələsməsi" bundan da ola bilər. Bu məqama bir az sonra qayıdacağıq. Görək, niyə bu istefaya "məcburi gediş" adı verilib...

Mövsümün əvvəllərində Bülənt "Bakı"ya gələndə ilk açıqlaması bu oldu: "Mən gələcəyin komandasını qurmaq haqda daha çox düşünürəm, nəinki çempionluq...". Həmin vaxt bütün klub rəsmilər məmnun idilər.

Ssenari deyildiyi kimi davam edir, bəs niyə istefa..? Bəlkə "qırılma nöqtəsi" "Birlik kukoku"ndakı uğursuzluqdan başladı... Deyilənə görə, klubun prezidenti Hafiz Məmmədov kuboku qazanıb ölkə başçısıyla görüşü təxmin edirmiş. Amma hər şey gözlənildiyindən də pis olduğuna görə, tarıma çəkilmiş yayın hədəfinə Bülənt düşdü. Narazılıqların əsas ünvanı baş məşqçi olmuşdu, xüsusən təmtəraqlı təqdim olunan transferlərin bərbad durumu da bura əlavə olununca Qorxmazın mövqeyini müdafiə etməyə səbəb qalmamışdı. Daha sonra ölkə çempionatında qeyri-sabit çıxış və s. hallar istənilən halda baş məşqçinin passivinə yazılırdı...

Az əvvəl sadalanan məqamlar müzakirə etmək istədiyimiz istefayla əlaqədar görünən və hər kəsin arqument kimi istifadə edə biləcəyi şablon səbəblərdi. Amma görünən tərəfin "astarı" da var...

"Birlik kuboku"ndan sonra klubun daxilində Bülənti istəməyənlər artdı. Konkret olaraq baş menecer Zeynal Məmmədov və klubda vaxtilə vitse-prezident olmuş Nail Əliyev sözdə və əməldə narazılıqlarını büruzə verdilər. Bu isə sözdə adi göründüyü qədər olan bir şey deyildi. Daxildə narazılıq varsa, prezident də düşünməyə başlayır. ...Çox düşünmədi. Bu yaxınlarda bildirmişdi ki, Büləntlə gələn mövsüm davam etməyə də bilərik.

Bülənt hazır "ehtiyat" yığmışdı. Onun komandanı yarımçıq tərk etməyi də əbəs deyildi. "Bakı"nın kubok və çempionluq şansları cüzi idi. Bunu hiss eləyirdi. Ona görə də uğursuzluğun "müəllifi" olmadan hər şeyi qoydu, getdi. Açıqlamasında da eyham vurdu ki, "Bakı"da onun istədiyi komandanı qurmaq üçün lazımı dəstək yox idi. Yəni bunu belə başa düşək ki, məşqçi özünə qarşı təzyiq hiss eləyirmiş...

Biz indi bu ehtimalla "Bakı"nın nöqsanını kəşf eləmiş sayılmırıq. Çünki ümumilikdə Azərbaycan futbolunda bu cür yanaşma var. Klublar peşəkarlıq nə olan şeydi - bu haqda xəbərsizdilər. Bülənt də bir "köçəri quş" idi, öz "iqlimində" burda idi, hər şey dəyişildi, o da "uçub" getdi... Və onlarla, yüzlərlə başqa belə hallar. Sadəcə, bir acı reallıq hələ də aktualdı: Azərbaycanda klublar onların rəhbərlərinin İŞİ, PROYEKTİ, HƏDƏFİ, İNVESTİSİYA OBYEKTİ deyil, sadəcə, "ev tapşırığıdı". Tapşırığı "yoxlayan" isə rüşvətxor müəllimdi, icazə verir ki, "konspektdən" istifadə olunsun...


oxunma sayı: 800 | Paylaş:




?>