')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ"LAMA...

"QARABAĞ"LAMA...


oxunma sayı: 657 Paylaş:

"Xəzər Lənkəran" - "Qarabağ" oyunundakı gəginlik davam edir və tədricən şiddətli hal almaqdadı. "Qarabağ" rəhbərliyi Vüsal Əliyevin oyunun ikinci hissəsində Elnur Allahverdiyevə və Rəşad Sadiqova qırmızı kart verməsini qərəzli hesab edir, bunu məqsədyönlü şəkildə komandanın qarşısının alınması sayır. Problemin həlli üçün isə həmişəki kimi, məntiq yoxdu. Səbəbkar və ya təqsirkar kimdi?

Mətbuatın da bu qalmaqala münasibəti ya tam aydın deyil, ya da heç yoxdu - bu da "səbəbsiz" deyil... Münasibət bildirməli olan mütəxəssislər isə şəxsi mənafeyi həmişəki kimi üstün tutur, belə olan halda "ictimai ədalət"- deyilən nəsnədən nə anladasan bunlara..? Onda hər şey qalır hüquqi qiymətə.

Nəticəni gözləmək əvəzinə "Qarabağ"ın icraçı Direktoru Əmrah Çəlikəlin dünən klubun rəsmi saytında yerləşdirilən bəyanatının nə qədər məqsədəuyğun olduğunu birmənalı bildirmək mümkün deyil. Əgər klub problemin araşdırılması üçün PFL-ə müraciət edibsə, bu cür bəyanatla çıxış etməyin adı nədi?

Çəlikəlin bəyanatı belə başlayır: "Bu oyun haqqında saatlarla danışmaq olar. Hər halda 9 nəfərlə son saniyədə qol vursaydıq, futbol tarixinə ən yüksək əzmkarlıq kimi daxil olardı. Amma istənilən halda komandayla qürur duyuram. «Qarabağ»ın əzmini, mücadilə istəyini təkcə biz yox, bütün Azərbaycan şahid oldu. Bizi daha çox üzən meydandankənar amillərdi. Ölkəmizin avrokuboklarda təmsil edəcək klubların müyyənləşdiyi turnirdən biri olan kubok mücadiləsi hər zaman maraqlı və gərginliyə ilə maraq oyadıb. Amma təəssüflər olsun ki, bizim kuboka gedən yolumuz yaşıl meydandan kənarda gedən olayların təsiri ilə bağlanır".

Klub rəsmisi yəqin ki, adi protokol qaydalarını bilməmiş olmaz: elə isə qarşılarının futboldankənar "amillərlə" alındığını iddia edirsə, onda bu ittiham birbaşa oyunun hakiminə ünvanlanıb. Bəs hakimin bunda "stimulu" nədi? Belə çıxır ki, ya hakim şəxsi qərəzinə görə bunu edib, da "Xəzər Lənkəran" tərəfinin burda hansısa "rolu" var (Halbuki bu versiyalar da araşdırma predmeti ola bilər)... Bəlkə Çəlikəl bu variantların heç birini nəzərdə tutmayıb, bəlkə tam başqa səbəblər var..? Gördüyümüz kimi, ittiham aydın deyil. Əgər işə pafos qatmaq niyyəti yoxdusa, onda arqumentlər açıq bildirilməlidi.

Bəyanatdan bir məqama da diqqət yetirək: "...İndi hansı övladının taleyini düşünən valideyn uşağını Vüsal Əliyevin idarə edəcəyi yarışlarda iştirak etməyə imkan verər? ...Mən çox üzülərəm ki, mənim öz oğlum televiziyada «Xəzər Lənkəran» - «Qarabağ» oyununa baxırdı. Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı. İndi biz övladlarımıza baş vermiş bu haqsızlığı necə başa salaq? ... Dünyada baş verən heç bir haqsızlıq cavabsız qalmır. Bu ölkədə futbolun inkişafı üçün bu qədər işlər görülür. İnanırıq ki, Vüsal Əliyevin qərəzli hakimliyi ilə bağlı lazımi tədbirlər görüləcək. Amma bu gün ölkədə futbola bu qədər sərmayə yatırılır. Hər kəsə bəllidir ki, bu yatırılan sərmayə qarşılığında sponsorlar bir qəpik belə qazanc götürmürlər. Bu qədər çəkilən xərcin üzərinə 2 qərəzli fitlə xətt çəkən hakimləri nəinki hakimlikdən silmək, eyni zamanda onlarla bağlı ciddi cinayət işi qaldırmaq lazım olduğunu fikirləşirəm"

Bilirsiz problem nədədi: Azərbaycan futbolu həm də bu cür minnətçi oliqarxların ixtiyarındadı. Çəlikəl bir klub rəsmisi kimi, təbii ki, rəhbərliyin mövqeyini ifadə edir. Məsələyə bir qədər obrazlı yanaşsaq, iki qırmızı karta görə, millətin mənəvi dəyərlərini işin içinə qatmaq nə qədər səmimi görünür? "Qarabağ" rəhbərliyinin işini aşağılamaq niyyəti sayılmasın, amma bu cür minnətli fikrin uzunömürlü olacağına şübhə yaranır. Məgər bu ölkədə təkcə "Qarabağ"ın strategiyası var, yalnız bu klub haqlıdı və ya hər zaman onlar nəyəsə görə sıxışdırılır...? Mümkünsə, bu cür pafosu unudaq, real yanaşma göstərək işə. "Bir hərəkatda hər bir hərəkətin faydası var"- deyiblər, əgər ölkədə futbol oynanılırsa, çempionat varsa, burda hər bir subyektin və ya obyektin öz haqqı, öz yeri var- bərabər yanaşma isə lazım və vacibdi. Həmçinin "Qarabağ"a. Faktiki işi mənəvi dəyərlər və ya digər sferaya yönəltmək isə çıxış yolu deyil.

P.S. Maraqlıdı, Çəlikəl təmtəraqlı bəyanatla onlara qarşı kütləvi haqsızlığın olduğunu, hakimliyin komandanı uğurdan məhrum etdiyini bildirəndə, xatırlamadımı ötən il bir FİFA dərəcəli hakimimiz məhz onun ucbatından peşəsindən uzaqlaşdırıldı... Unutmayaq, təkcə rüşvət alan təqsirkar deyil. Haqdan danışırıqsa, tələb ediriksə, gərək "Qarabağ" da daxil olmaqla bütün klublarımızın açıq, aydın siması olsun.

E L Ç ! N


oxunma sayı: 657 | Paylaş:




?>