TAHİR SÜLEYMANOVUN PEŞƏKARLIQ "DOZASI"
Paylaş:
Və ya "Neftçi"də vitse-prezident vəzifəsi niyə boşdu? Üstündən çox keçməyib, mətbuata açıqlamasında Ruslan Abışovu Norveçin "Valerenqa" klubuna transfer etmək təşəbbüsüylə bura gələn menecer Qlen Şilleri fırıldaqçı adlandırdı. Arqumenti də bu oldu ki, Şiller Bakıda rəsmi etiket qaydalarına riayət etməyib, yəni futbolçunun məxsus olduğu "Neftçi"nin rəhbərliyi ilə danışıqlarda hansısa "quşun" müəllifi olub. Buna görə də, Skandinaviya və s. futbolçularının Avropaya "səpələnməsində" xüsusi menecerlik təcrübəsi olan Şiller onun yanında aciz qalıb... Söhbət Tahir Süleymanovdan gedir. Hər dəfə daha çox süniliyə meyl edən və ziyanlı şablonçuluğa uğrayan Süleymanov deyəsən, ifşa olunmaqdan bezmir. Şillerə qarşı ittiham dolu açıqlamasıyla ətrafdakılara özünü peşəkar, təcrübəli mütəxəssis kimi təqdim etməyə çalışan Tahir bəy unutmamalıdı ki, onun kimi futbol funksionerlərinin hər ifadəsi mətbuatın diqqətindədi. Elə isə xırda bir qeydlə tanış olsa yaxşı olar: Tahir bəy, sizin Şillerə ünvanladığınız "O, fırıldaqçıdı, Ruslanın transferinə heç bir zəmanət verə bilməzdi" iddianız tam əsassızdı. Hələ şükür qılın ki, bu cür "peşəkar" nöqsanınız Şillerin qulağına çatmasın. Yoxsa sizi bütün Avropada ifşa eləyər. Bundan sonra "Neftçi"nin vitse-prezidenti olan bir şəxsin belə absurd açıqlaması ucbatından, sizi bir kənara qoyaq, Azərbaycan futbolunun tarixi olan "Neftçi"nin nüfuzuna dəyən zərbənin əvəzini ödəmək iqtidarında olmadığınız məlumdu. Başa düşmək olar, kiminsə sadə, mahiyyətində elə ciddi bir nöqsanın olmadığı bir faktı ajiotajla təqdim edib, ilk növbədə klub rəhbəri Sadıq Sadıqovun, daha sonra futbol ictimaiyyətinin qarşısında özünü diqqət mərkəzinə çəkmək istəyi var, hansı ki, onda belə şeylərə meyllik həmişə olub. Amma əgər peşəkarlıqdan dəm vurursa, unutmasın ki, menecerin ən böyük xətası belə, yekunda özünə zərərlidi (Bu tezis menecerliyin yazılmamış qanunudu). Yəni sizin hay-küylə təqdim etdiyiniz bu məsələdə mahiyyətin əslində nədən ibarət olduğunu, aldatmaq istədiyiniz hər kəsə bəlli oldu - menecer heç vaxt xətaya yol verməz - əgər qarşılıqlı "anlaşma" yoxdusa. Yol versə belə, bu yalnız müqavilələrdə - sənəddə əksini tapmalıdı ki, təsir qüvvəsi olsun. Buna da imkan vermək üçün gərək menecerlikdən sıfır anlayış ola... Tahir Süleymanovun futbol funksioneri kimi nöqsanları təkcə bunlarla bitmir. Xüsusən, primitiv yanlışlıqlara yol verməsi təəssüf doğurur. İndiyədək "Turan" və "Qarabağ"dakı karyerasında yarıtmazlıqlarından müəyyən qədər bəhs olunub, ancaq bu cür halları "Neftçi"də təkrarlaması, xüsusən şiddətli hal alması heç arzuolunan deyil. Süleymanovun son açıqlamalarından biri bütün futbolsevərlərin diqqət mərkəzində olan gənc futbolçumuz Araz Abdullayevlə əlaqəlidi. Bilirik ki, Rusiyanın "Rubin" klubu böyük perspektiv vəd edən Abdullayevi transfer etmək niyyətindədi. Hətta klubun rəsmiləri buna inadla səy göstərirlər. Bu transferin necə nəticələnəcəyini səbrsizliklə gözlədiyimiz bir vaxtda Süleymanov bunları deyir: «Bildiyiniz kimi, Arazın 18 yaşı tamam olmadığına görə biz «Rubin»lə müqavilə imzalamamışıq. Sadəcə, bu komanda ilə şifahi razılığımız olub. Bir də ki, Arazın 18 yaşı tamam olandan sonra o, vətənə borcunu yerinə yetirməli və hərbi xidmətə yollanmalıdır». Daha sonra klubun mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu bu barədə bir qədər korrekt bir fikir bildirib: "Gənc futbolçularımızın daha səviyyəli Avropa klublarına transfer olunmaq şansı var, bir az səbrlə yanaşmaq lazımdı məsələyə..." Maraqlıdı, son iki ildə Rusiya çempionu olan, avroliqalarda nəzərəçarpacaq çıxış sərgiləyən və getdikcə daha da inkişaf edən "Rubin" hansı Avropa klubundan geri qalır bizimçün? Deyək ki, bu, Əşrəfoğlunun bu haqda açıqlama verən Süleymanovun səhvini düzəltməz cəhdidi və bu cür çıxış yolunu məqbul sayıb. Ancaq heç bir halda problem həlini tapmırsa, təqsirkarı göstərməyin məntiqi varmı? Var! Süleymanov "Rubin"in Abdullayevə "elçi" düşdüyü gündən bəri verdiyi açıqlamalarda bir qayda olaraq futbolçunun transfer olunmasının bir nömrəli məsələ olduğunu vurğulayırdı. İndi birdən-birə valı dəyişmək, özü də məntiqsiz bir əsasla bunu sübut etmək kimə xeyir verəcək? Abdullayevin hərbi xidmət məsələsi indi niyə qabarır? Məgər transfer məsələsi gündəmə gələndə, hər şeyi peşəkarcasına bilən Süleymanov bu məqamı xatırlamırdı? Lap deyək, haqlıdı, Abdullayev vətənə mənəvi borcunu versin. Amma harda, MOİK-də? Əcəb işdi, "Neftçi"ni bütün Azərbaycan futboluna xeyir verə biləcək bir klub halına gətirmək istəyən yeni prezident Sadıq Sadıqovun administrasiyası adi bir transfer məsələsində bu qədər çək-çevir edirsə, üstəlik nəticədə bir gənc futbolçunun gələcək aqibətini naməlum vəziyyətə salırsa, bunun adı ən yaxşı halda XAOSDU. Mətbuat Tahir bəyin kluba vəzifəyə təyin olunmasından sonra xeyli nikbinləşmişdi. Güman var idi ki, əvvəlki iş yerlərində Süleymanovun sərbəst işləmək, müstəqil qərar vermək imkanı olmayıb. Elə buna görə də, onun uğursuz olan keçmiş karyerasını unudub, ümidlə gözləməyə dəyərdi. Yeni vəzifəsindəki 7 ay ərzində isə Süleymanovun işi-peşəsi müsahibələrində, açıqlamalarında, hətta brifinqlərdə belə klub prezidentinin adından danışmaqdan başqa heç nə olmadı. Əkbər Haciyevin prezident olduğu müddətdə Tahir müəllim vitse-prezident kimi ona ünvanlanan sualların əksəriyyətində Haciyevin adından danışmağı, onun qayğısını dəfələrlə vurğulamağl lazım bilirdi. Eyni hal indi də davam edir, ancaq indi xitab Sadıqovadı. Müasir düşüncədən, avropasəviyyəli inkişafdan dəm vuran Süleymanov "rəhbərə pərəstiş" vərdişinin müasir dəyərlərə uyğun olmadığını bilsə də... Lap bunları qoyaq kənara, xırda məsələlərdi, ancaq ümumilikdə yanaşdıqda "Neftçi"nin vitse-prezident vəzifəsinin hələ dolmadığı qənaəti yaranır. Çünki bu vəzifənin adı Tahir Süleymanovda olsa da, müşahidələr bunu deməyə tam əsas verir ki, Tahir bəy profilaktik tədbirlərdən başqa, yəni futbolçulara mənəvi dəstək, komandanın oyunlarında hakimin gözünə görünməkdən (...ki, mən də varam, köhnə hakiməm, səhv etsəz üsyan qaldıracam...) başqa bir əlamətdarlıqlarıyla yadda qalmayıb. Artıq Süleymanov haqda bu cür fikirlərin növbəti dəfə təkrarlanması onun gələcək karyerasına da xələl gətirər. Özünün və "Neftçi"nin gələcəyi naminə düşünməyə dəyər... E L Ç ! N
| Paylaş: