Bülənt Qorxmaz və "qara pişik"
Paylaş:
Noolsun ki, dünya ölkələri Azərbaycanın haqq səsinə SMS göndərmir. Heç lazım da deyil. Bizim öz səsimiz və səsverənimiz var, heç Qarabağ problemini Obamanın umuduna buraxmaq da olmaz... Qəzet oxuyanların xəbəri olar, keçən il "Bakı" çempion olanda yazdılar ki, klubun şefi Hafiz Məmmədov paltardəyişmə otağında Sissokodan məzə üçün haralı olduğunu soruşub. Zarafatsevən Sissoko da hazır cavabı səsləndirib: Naxçıvanlıyam! Familiyam da Süleymanovdu... Gün gələr, "Bakı"nın şokolad kimi qapıçısı, seneqallı Xalidu Sissokonun simasında bütün dünya azərbaycanlı soyadı üçün növbəyə duracaq. Amma onda hər şey gec ola bilər, dəmiri isti-isti döymədinsə... Kim ki hərtərəfli inkişaf edən ölkəmizin uğurlu iç və çöl siyasətini dəstəkləmir, bax, o vaxt "kaznit" olunacaq. Söhbət "kaznit"dən düşdüsə, köşənin məqsədini də açıqlayım. Məni dünyaya gətirən "adəmlə" "həvvanın" arasındakı münasibətlər qırmızı kart həddinə çatıb son vaxtlar. Biri futbola baxmaq istəyəndə "Ezel"in vaxtına düşür, "Ezel"ə baxmaq lazım gələndə isə futbol girir ortaya. Lanet olsun, serial çıxarana! Deyirəm də, gərək bir səbəb ola ki, mən də yazım. Yolumu redaksiyadan salıb, uşaqlardan son həftə haqda anket aldım: Rövnəq müəllim neft-qaz turbalarını başlı-başına buraxıb, gəlib AFFA-da iclas edib, loqo dəyişdirilib... Yəni zəngin həftə olub. Ən interesni məsələni isə yazmaq fikrinə gəldim. Sən bir işə bax! Arkadaşımız, teknik direktör Bülənt Qorxmaz Sissokonu neçə vaxtdı oynatmır... "Hər şeydə bir mistika" - buna deyirlər də - evdəki qaraqan əhvalın siqnalı qarabala Sissokoya qarşı haqsızlıqdan gəlirmiş. Mən hələ dədəmin ev tapşırığının həllində bizə kömək edib sonra ehtirasla "Qalatasaray"ın UEFA-dakı oyunlarına baxmağa tələsdiyi vaxtlardan tanıyıram Bülənti. Ovaxtkı ağlımnan götürsək, elə bilirdim Hasan Şaş dazbaş olduğu üçün yaxşı futbolçu da deyil, Bülənt isə komandada həm yaraşığına, həm də "priçoskasına" görə yaxşı da futbol oynayır. Amma indi o yaşda və ağılda deyiləm, Hasan abi də aff etsin məni, hər şey fikirləşdiyim kimi, ev tapşırığı qədər asan deyilmiş... Konkret Bülənt Qorxmaza bir neçə sözüm olacaq. Sissokonu niyə oynatmırsan? Bir dəfə, iki dəfə, üç dəfə... artıq ağını çıxarırsan. Səbəbi izah eləyə bilməsən, NAXÇIVANLINI oynatmamağının bədəli nə olacaq, təsəvvür belə eləmək istəməzdim. Bizdə hər kəsə naxşıvanlı olmaq şərəfi verilmir, verilsə də, o adam elə-belə adam olmur. Eşitmişəm ki, komandada türkiyəli arkadaşlarımız həvəslə məşqçilik edir, gələcəyin ulduzlarını yetişdirir, bütün bunlara Bülənt abinin də nəzarəti var. Amma abimiz öz üzərindəki nəzarəti də itirməsə, məsləhətdi. Sissoko artıq klubun daxilində rəhbərliyin ən güclü bəndlərinin yerlisidi. İndiyədək onu oynatmamağının qəzəbini üstünə tökməyibsə, şükr et. Hətta ola bilər ki, Sissoko sonadək qəzəblənməsin, elə onun qəzəblənməməyinə görə də yerliləri qəzəblənsin. Qəliz oldusa, qısaca belə deyim: sən bu gedişlə çox tab gətirməyəcəksən. Sissoko oynamalıdı! Ya oynatmalısan, ya da klubla sənin aranda "qara pişiyin" bərq vurması ehtimalı yüksəkdi... Burda başqa səbəblər də qaçılmazdı. P.S. Bayaq dediyim "kaznit" məsələsi qüvvəsində qalır. Növbədə durub bu tərəfə keçə bilməyənin bir-ikisini də mənə verərsiz...
Arkadaş, bizim xalq sadəliyi, səmimiliyi sevir. Azərbaycandı - deyib yuxarıdan aşağı baxmasan, gələcək taleyin də parlaq ola bilər. Sənin kimi özünü dartıb-dartışdıranlar çox idi, saya almırdı bizimkiləri. Qulağına qurğuşun, misal üçün Petrjela: əyyaş adıyla qovuldu burdan, hələ də özünə gələ bilmir. Gede: şillə-təpiklə yola salındı...
| Paylaş: