')

Bu gün:


FutbolPress.Az | Yeni loqo, yeni era

Yeni loqo, yeni era


oxunma sayı: 1150 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Bir söz de mənə, vəsf elə məni, şair! (Vəsf zamanı deyil, AFFA!)

 

Mart gəldi... Bu ayın 5-i bir çox əlamətdarlıqlarıyla yaddaşa köçdü: "The Washington Post" yazdı ki, nəvə Heydər Əliyevin BƏƏ-də ümumi dəyəri 44 milyon olan 9 malikanəsi var. Kobud desək, bu məbləğ, orta statistik azərbaycanlının 10.000 illik maaşı deməkdi.

Bundan bir neçə saat əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Türkiyəni, bütün türk dünyasını "erməni soyqırımı" sancısından xilas etdi - dedilər, Osmanlı dövründə həqiqətən soyqırım olub və biz bunu sənədləşdirmək qərarındayıq. İndi Ərdoğanla Gül diplomatik loyallığın acısını bayram edir, yəqin.

Bu əlamətdarlıqlara Stalinin ölümündən düz 57 ilin ötməsini də əlavə edəndən sonra gəlib çıxırıq futbola.

Dünən AFFA-da yekə bir iclas oldu. Rövnəq Abdullayev İcraiyyə Komitəsini başına cəm edib dedi: loqotip dəyişdirilməlidi! (Heç Stalinin yeridi...) Kazbek Tuayev başda olmaqla, bütün komitə üzvləri və "ağsaqqallar şurası" qeyri-ixtiyari, buna razılaşdılar. Və bununla da Azərbaycan futbolu yeni eraya qədəm basdı.

Qarşıda bu iclasın faydalı tərəfləri haqda çox müzakirələr olacaq. Məsələn, Abdullayev "Köhnə loqoda nə A hərfi bilinirdi, nə də F hərfi, buna görə də dəyişdirilməliydi"- deyə, proyektin lazımlı olduğunu və uğurlu alındığını izah edib (Sən demə, iki hərfə görə, Azərbaycan futbolu mıxa keçibmiş). Arada mətbuata da barmaq bulayıb: "Futbolun təbliğində jurnalistlərin fəaliyyəti məni qane eləmir".

Rövnəq müəllim, guya jurnalistlərdən kim qane olub ki, siz də olasız - bu heç, bunu qoyduq bir kənara. Qaldı ki A və F hərflərini oxuya bilməməyinizə, bax, burda işlər bir az xarablaşır. Siz belə danışandan sonra camaat necə əmin olsun ki, günün birində ARDNŞ abbreviaturasının başına oyunlar açılmayacaq.

Futbolun inkişafına dair Dövlət Proqramı barədə bir kəlmə də danışmayan, hesabat verməyi ağlına da gətirmək istəməyən federasiya prezidenti belə getsə, sabah bunun hesabını da jurnalistlərdən soracaq. Bəli, bəli, bizim ölkədə ən yaxşı çıxış yolu budu. Deyəcək, bizim başımız loqo hazırlamağa qarışmışdı, niyə yazıb yadımıza salmırdız bu məsələni və s. və i.

Ümumiyyətlə, bu iclasda loqodan başqa bir neçə məsələ də müzakirə olunub, amma yalnız loqo söhbəti konkret və real olduğu üçün bu haqda yazmaq lazım oldu. Guya çempionatda 12 yox, 10 komandanın iştirak etməsi nəyisə dəyişəcək və ya U-15, 17, 19 və U-21 özünü doğrultmuşdu, yanına U-17-nin əlavə olunması da bütün çatışmazlıqları yoluna qoyacaq- hansı ki bunlar da iclasda söhbət mövzusu olub.

Yeni loqo təqdim olunandan sonra əvvəlcədən məlum idi ki, bu haqda kim nə və necə danışacaq. Bəy tərifinin biri bir qəpik - oğlan igid, qız qəşəng..! Ona görə də kimdənsə bu haqda fikir öyrənmək işarəyə işləyən jurnalistikadan fərqlənməyəcəkdi, bunu etmədik.

İstisna halda, Elşad Nəsirov vurğulayıb, "Çox yaxşı loqodu. Çoxdandı bunu müzakirə edirdik". Məlumdu, yoldaş Nəsirov, AFFA-da başqa nə işlə məşğul olmaq olar ki..? Deyilənə görə, loqoda təsvir olunan od - Odlar diyarı, aypara və rənglər isə bayrağımızın rəmzini daşıyır. Pardon, bəs yarımçıq top nəyin rəmzidi? Nəsirov əlamətləri sonadək açıqlamalıydı...

Yazarın bütün yazıları

oxunma sayı: 1150 | Paylaş:




?>