')

Bu gün:


FutbolPress.Az | RÖVNƏQ ABDULLAYEV: Düzü, yeni loqoya gerbimizi qoymaq istəyirdik. Lakin...

RÖVNƏQ ABDULLAYEV: Düzü, yeni loqoya gerbimizi qoymaq istəyirdik. Lakin...


oxunma sayı: 702 Paylaş:

"Növbəti mövsümdən etibarən hansı klub istəsə, yayım hüququna özü malik olacaq"

 

Bu gün keçirilən AFFA-nın İcraiyyə Komitəsinin qapalı iclasından sonra prezident Rövnəq Abdullayev mətbuat konfransı keçirib.


- Premyer Liqanın "altılıq" sistemi üzrə keçirilməsinə münasibətiniz necədi?
- AFFA İcraiyyə Komitəsində Premyer Liqa ilə yanaşı, kubokun formatına da toxunuldu. Qərara gəldik ki, 1/4 finaladək tək oyunlar keçiriləcək. Bu zaman komandalar oyunlara daha ciddi yanaşacaqlar, yarış daha maraqlı alınacaq. Qərarın qəbulunda dünya təcrübəsi əsas götürüldü. "Altılıq" məsələsinə gəlincə, bu sistemin mənfi və müsbət tərəflərini müzakirə etdik. Sözügedən formatın müsbət tərəfləri çox oldu. Əsas məqsədimiz Premyer Liqanı maraqlı etməkdi. "Altılığ"ın tətbiqi zamanı oyunların, xüsusilə derbi matçların sayı artıb. Mayda çempionatın reqlamenti bir daha müzakirəyə çıxarılacaq. Hər necə olsa da, 4 dövrəli sistemi saxlamaq vacibdi.

- Hakim Anar Niyazovun bağışlanması xəbəri doğrudumu?
- Anar Niyazov mənə müraciət etmişdi. Bu gün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşəcəyəm. Əgər o, günahlarını başa düşübsə, hakimliyə qaytarılacaq və yavaş-yavaş I divizionun oyunlarına təyinat alacaq. Biz heç bir mütəxəssisimizi itirmək istəmirik. Eyni zamanda günah işlətmiş şəxsləri də cəzasız qoymaq fikrimiz yoxdu.

- Bəs keçmiş FİFA referisi Babək Quliyevin məsələsi necə olacaq?
- Bu da eyni sualdı. Səhvini anlayan hakim öz işinə qaytarılacaq.

- Mətbuatda futbolun təbliği sizi qane edirmi?
- Yox, qane etmir. Öz iradımı baş katibə də bildirmişəm. Futbol şoudu, bu idman növünü kütləviləşdirmək üçün mətbuatın üzərinə böyük yük düşür. Bir məqamı da qeyd edim ki, bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasında teleyayım məsələsinə də toxunuldu. Növbəti mövsümdən etibarən hansı klub istəsə, yayım hüququna özü malik olacaq. Bir neçə klub bizə müraciət göndərdiyindən, teleyayım qaydalarında dəyişikliklər etmək qərarına gəldik. Bundan ötrü AFFA-ya ərizə ilə müraciət etmək lazımdı. Müraciət qəbul olunduqdan sonra yayım hüququ klubun özünə veriləcək və o, hansı teleşirkətlə istəsə əməkdaşlıq edəcək.

- AFFA 18 il eyni loqonu daşıyıb. Yeni loqo ilə bağlı təkliflər çox idi, yoxsa?
- Loqonun dəyişdirilməsi prosesi təxminən 6 ay vaxt apardı. Hələ Lixtenşteynlə matçdan öncə bu işə başlamışdıq. Köhnə simvolda milli rəmzlərdən heç nə yox idi. Nə A hərfi bilinirdi, nə də F hərfi. Düzü, yeni loqoya gerbimizi qoymaq istəyirdik. Lakin UEFA tərəfindən buna icazə verilmir. Dizayn şirkətləri arasında müsabiqə keçirdik və sonda bu loqonu qəbul etdik.

- Yığmanın son oyunlarında baş məşqçi Berti Foqts futbolçulardan narazılığını bildirirdi. Bəs həmin matçlar barədə sizin fikirləriniz necədi?
- Həqiqətən də Foqts futbolçulardan narazı qalıb. Gərək onlarla görüşək. Qələbə futbolçuları "boşaldır", onlarda arxayınçılıq yaradır. Təəssüf ki, bizdə belə xəstəlik var. Hiss edəndə ki, Lüksemburqu udurlar, birinci hissədən sonra futbolçularımız arxayınlaşmışdılar. Buna görə də qarşılaşmadan sonra paltardəyişmə otağına girən kimi Foqts onların üstünə qışqırıb. İnanıram ki, yığmamız gələcəkdə daha yaxşı oyun nümayiş etdirəcək. Yoldaşlıq görüşlərində rəqiblər tədricən gücləşir. İyunda dünya çempionatının iştirakçısı Hondurasla qüvvəmizi sınayacağıq. Məqsədimiz sentyabrda başlanacaq Avropa çempionatının seçmə mərhələsinə ciddi hazırlaşmaqdı.

- Avro-2012-nin seçmə mərhələsi barədə proqnozlarınız nədi? Sizcə, yığmamız neçə xal toplayacaq, neçənci yeri tutacaq?
- Çətin qrupa düşmüşük. Məndən olsa, deyərəm ki, birinci pillədə qərarlaşaq. Ancaq arzulamaqla iş bitmir. Ən əsası odu ki, milli komanda bizi təəssüfləndirməsin. Yığmanın heyətində 20 yaşadək olan 7 futbolçu var. Futbol udmaq da olar, uduzmaq da. Ancaq gərək nəticə biabırçı olmasın. Əvvəllər qapılarından qol buraxırdılar, sonra sanki vətən müharibəsi başlayırdı, topu hara gəldi vururdular.

- İordaniya və Lüksemburq üzərində qazanılan qələbələrə görə futbolçulara mükafat veriləcəkmi?
- Bəli. Vaxt olub, yığma hətta məğlub olanda da, mükafat vermişik. Əgər komanda özündən güclü rəqibə qarşı əzmlə mübarizə aparırsa, onların zəhmətini qiymətləndirmək lazımdı.

- Mükafatın məbləği nə qədər olacaq?
- Nəyinizə lazımdı? (gülür) Başqasının pulunuz saymazlar. Bir şeyi də deyim. Lixtenşteynlə oyundan sonra yazırdılar ki, Elxan Məmmədov bir çemodan pul apardı, Rusiya ilə matçı almışıq. Nəyə gərəkdi ki, milli komandanı şərləmək, onun qələbəsini yerə vurmaq? Cavan oyunçulardı, belə sözlər onları "sındırır". Bizi tənqid edin, onlara dəyməyin. Bir də ki, futbolçuları çox tərifləməyin.


oxunma sayı: 702 | Paylaş:




?>