')

Bu gün:


FutbolPress.Az | Futbolun için(d)ə

Futbolun için(d)ə


oxunma sayı: 1001 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Sinoptiklərin məlumatı: Yazının içində söyüş elementləri var, ürəyi zəif olanlar oxumasın

Arxayın olun, Azərbaycanda futbolun ömrü 2030-cu ilə qədərdi. Çünki hesablamalara görə, neftimiz həmin ilə qədər lap azalacaq, üstündən bir az da keçəndən sonra tamamilə tükənəcək. Əvvəli "Neftçi"yə gedib çıxan futbolumuzun axırı bundan yaxşı olmayacaqdı...

Hələ o vaxta bir igidin ömrü var, görək bu günümüzdə necəyik.

Lüksemburqla yoldaşlıq oyunundan sonra AFFA-nın gərgin səyi nəticəsində milli komandanın növbəti görüşdə Honduras yığmasıyla yoldaşcasına oynayacağı bilindi. Birazdan Hondurasdan da o tərəfə gedəcəyik. Şimali Amerika qitəsini fəth edib, Sakit okeanını aşıb gəlib çıxacağıq bu tərəfdən Yaponiyaya-zada. Ordan da vurub çıxacağıq Hind okeanı tərəfə, bir az irəliləyib yetişəcəyik Ərəbistan yarımadasına. Ədən körfəzini keçib daxil olacağıq Bab-əl-Məndəb boğazına, ordan da Qırmızı dənizə biraddımlıq yoldu. O tərəflərdə Berti Foqts mütləq BƏƏ-də təlim-məşq toplanışı keçirməyi təklif edəcək. Sonra Somali piratlarıyla danışıqlar uğurlu alınmasa, onda futbol üzrə Burundi yığma komandasıyla yoldaşlıq görüşündə qələbə qazanıb qayıdacağıq PFL-in təşkilatçılıq elədiyi Premyer Liqaya. Bununla da Magellanın dünya səyahəti başa çatacaq. 2030-cu il...

Ramin Musayev harda jurnalist gördü, tutub yaxasından, "Niyə Premyer Liqanın inkişaf elədiyini yazmırsan, həmişə pisləyirsən" sualının cavabını istəyir. Elxan Məmmədov isə sual vermir, əvəzində milli komanda haqda hər dəfə danışandan sonra adamda saysız suallar yaranır. Məsələ çox sadədi, jurnalist Ramin müəllimin sualına cavab tapa bilmir, mister Məmmədov da adamların ona verdiyi suallara sualla cavab verir. Buna görə də Azərbaycan futbolu inkişaf eləmir. Rövnəq Abdullayev də demir ki, ay Elxan, ay Ramin, axı mənim futboldan bir qram da başım çıxmır, niyə heç olmasa siz bu zibili öyrənmirsiz ki, camaata cavab verək. Bir-iki nəfər Elxanın jurnalist dostu, üç-dörd nəfər AFFA-dan pensiya alandan başqa heç kim bu zəhrimarın inkişaf elədiyini demir, sabah cənab prezident məndən proqramın nəticəsini istəyəcək, bəs mən ona nə deyəcəm..?

Bizdə belədi, bütün nazirliklər proqram hazırlamaqla məşğuldu. Proqram istehsalında da dünyada ön sıralardayıq. Ancaq işin bir eybi var ki, həmin proqramlar "printer"dən çıxarılandan sonra, lazımlı və lazımsız qədər surəti çıxarılır və axırda maklatura kimi yenidən emala verilir - bu oldu, kağıza qənaət. Əla. Azərbaycan futbolunun inkişafı üçün cızılan 10 illik məşhur proqram da bu cür "maklaturaya" çevrilməkdədi. Əgər o proqramda yazılanların 1 faizi yerinə yetirilsəydi, şəxsən mən futboldan yekə-yekə məqalələr yazardım, hətta professorluq edib taktiki-texniki-fiziki-kimyəvi xətalardan danışar, problemlərdən çıxış yollarını axtarmağa çalışardım. İşimizin adı da olardı futbol jurnalistliyi. Amma heç yarım faiz də iş görülməyib, sadəcə, çoxlu pul xərclənib. Onda həftənin 7 günü, günün 24 saatı eyni şeyi necə yazım? İnkişaf yoxdu- bu sözü bir, uzağı bir neçə dəfə işlətmək olar da.

Son vaxtlar bir məsələ dəbdədi: jurnalistlər təklif versin, problemlərdən çıxış yolunu göstərsin. Mən bir şeyi anlamıram, bəs bütün bu tənqidlər kimçün yazılır? Funksionerlər hara baxır? Yoxsa tənqiddən nəticə çıxmır. Yəqin çıxmır da. Çıxmır ki çıxmır... Yaxşı bəs təklifi də jurnalist verdisə, suala görə üzrlü sayın, onda siz niyə oturmusuz o kresloda? Lüksemburq Futbol Federasiyasının prezidenti eşitsə ki, AFFA-nın 10 milyon manat büdcəsi var, Azərbaycana məğlubiyyətə görə, sevincindən ürəyi partlayar. Amma bilsə ki, bu pul fan-şop və məzəli "Top festivalı"ndan başqa gözlə görünən heç bir işə xərclənməyib, onda Rövnəq Abdullayevin əvəzinə özü istefa verər. İnanın, bu, belədi. Avropada istefa mədəniyyəti əzəldən var.

Əgər bizim ölkədə istefa hadisəsi axırıncı dəfə heç eramızdan əvvəl də baş verməyibsə, onda xülyalardan əl çəkək, heç olmasa mövcud durumdan bir çıxış yolu axtaraq. Məsələn, ölkə çempionatında iştirak edən klublardan tələb olunsun ki, bütün yaş qrupları üzrə komanda, baza, stadion, çoxillik fəaliyyət proqramı və s. bu kimi şeylər olsun. Əmin olun ki, bu tələbdən sonra dərhal bir neçə klubun "ürəyi gedəcək". Yerdə qalan 2-3 klubla isə çempionat keçirməyin mənası olmayacaq.
Görürsüz? Gülürsüz? Yoxsa.. Neyləyirsiz? Nə edirsiz edin, təkcə gülməli vəziyyətdən çıxmağın yolunu tapın...

Yazarın bütün yazıları

oxunma sayı: 1001 | Paylaş:




?>