Müdrikliyin müdrikliyi...
Paylaş:
Müdriklik ismin adlıq halından "sifariş olunmuş" tərzi-hərəkət zərfliyi və feli-sifət kimi "xərclənə" bilər (Mən həmişə belə qəlizliyi xoşlamışam). Baxır, bunu və bu cür ziq-zaq ifadələri faydalı azuqəyə çevirməyi bacaran yazar hazır məhsulla necə davranacaq; əgər qızaradacaqsa, vitamin A-dan Z-ə qaynadılmaq arzusunda olacaq... Onda rədd elə bütün faydanı. İndi ölkənin ən tirajlı qəzetinin baş redaktoru, nə bilim neçə illik təcrübəsi bir cümlənin mübtədasından xəbərinədək hayqırmaqdan yuxarı qalxa bilmirsə hardan bilsin ki, mən az əvvəl nə demək istədim (Savadlı və çoxbilmiş eyni şey deyil). Onda səssizliyi qoru, mənim sərpayı qətiyyətiylə sifarişvermə zəhmimə etibar elə... Qulaq as! Müdrikliyin müdrikliyi... (ifadənin qəlizliyindən gicəllənməyin). Sizin "KomandA" qəzetinə (Eşq olsun bu qəzetin baş redaktoruna, ondan yoxdu...) verdiyiniz müsahibədə söhbət bundan gedir. Amma hara gedir, naməlumdu. Səbrli olun, getmək istədiyi çalaya qərq edim onu. Müsahibəni alan dostumuz da yaxasını qurtara bilməyib canfəşanlığınızdan. Ağsaqqallığınızın dəyərli və dəyərsiz imkanlarından gen-bol istifadə edib gücənmisiz ki, bir nəfəri publisistikcəsinə səhv çıxarasız: "Vaqif Cavadov hələ Hollandiyaya getməyib, Bakının küçələrində sülənir" ifadəsinin müəllifinin yanında özümü görmürəm". Bunu siz- Mahir Rüstəmli, haqqımda bayatıya çevirmisiz. Artıq neçənci dəfədi ki, çənə yorulanda yazıya, klaviatura "donanda" danışmağa keçirsiz. Sonra da əlavə edirsiz ki, "Ad çəksəm, reklam olar". Əgər reklam haqqını ödəmək büdcənizə görə deyilsə, onda intellektual məsrəfə yol verməyin. Yoxsa iflasa uğramış tirajın 17 illik təcrübəsi də köməyə gəlməyəcək... Əziz oxucu, ola bilərdi ki, reklamdan ehtiyatlanan Mahir müəllimin mənə ünvanlanmış üçüncü atmacasına da cavab verməyim, amma hal ki üçü də bir hecadan ibarətdi, onda kimlərinsə özünə müəllim sandığı bu şəxsə bir neçə müraciət (Reklam bazarında gəlhagəldi): Hörmətli Mahir müəllim, ən əvvəl buyurum ki, "Bildiyimə görə, uşaqlıqda çox dəcəl olmusuz" sualıyla başlayan müsahibənizin ibrətamiz cəhətləri danılmazdı. Etiraf edirəm ki, sualın cavabında deyilənlər məni sarsıtdı, qüdrətinizin ölçüsünü göstərdi. Amma müəllifin icazəsiylə, məhz özümlə bağlı məqamlara azca təcavüz edim. Bunadək üç atmacanızın (Bəlkə də daha çoxdu) birincisi Nail Nurəddinoğlunun yazdığı köşəyə verdiyim kommentariyaya reaksiyanız oldu. Telefonuma zəng etdiz və böyük müdrikliklə buyurdunuz ki, "Sən po... yeyərsən, mənim haqqımda belə şey yazarsan". Xeyli səbr etdim. İstəsəm də, "Mahir müəllim, po... yeməli olsam, sizi yeyərəm" cavabını özümə yaraşdırmadım. Çox pis oldum sonra. Düşündüm ki, mən hələ şagird olanda oxuduğum Mahir müəllim indi adi bir "comment"imə bu qədər qeyzlənib, hətta təhqirə keçirsə, yəqin səhv məndədi. Amma vədə keçdi, özümdə səhv axtarışları nəticəsiz qaldı. Yenə bir müsəlman bəndə, türk övladı kimi hər şeyi zamanın ixtiyarına buraxdım. Çox keçmədi ki həmkar dostlar, "Mahir müəllimin yazısını oxumusanmı, səni "vurub"- dedilər. Narahat olmaya bilməzdim. Axı illərin təcrübəsi, qarşısında heç bir qəzetin tab gətirmədiyi "Futbol+"in memarı niyə məni "vurmalıdı"... İkinci dəfə, özü də bu dəfə yazısında "vurubsa", deməli, arada nəsə müdriklik dəmi gəlib sandım. Oxudum yazını. Buyurulub ki, "Dünyanın ən səfeh əhvalatları Azərbaycanda baş verir. Məsələn, xalqımızın yaralı yeri "Qarabağ"ın Vaqif Cavadov üçün təşkil etdiyi keşməkeşli yolasalma mərasimindən xəbəriniz var. Ancaq futbolçu hələ də burdadı və Bakıda sülənir" ("Al.. tayını". (köşə). 27.01.2010) frazasında "sülənmək" ifadəsi təhqiramizdi. Mən heç demirəm ki, Mahir müəllim, sülənmək sözünün həm də frazeoloji mahiyyəti var, bu ifadənin üzərində təhqir möhürü yoxdu. Çünki müəllim, özü bunu yaxşı bilir. Axı Ramin Musayev də buyurub, səhv qərəz deyilsə, o səhv deyil... Bu ölkədə ağsaqqal statusu daşıyana əks nəsə yazmaq ucuz nəticələnmir. İllərdi "Futbol+" "məktəbinin" diplomsuz məzunları bir baryer yaradıblar; bizim "şkolanı" keçməmisənsə, dahi jurnalist ola bilməzsən. Görməmişəm buna əks çıxan, baryeri dağıdan, yeni sətir yazan birini - danışmaqdan savayı. Ondandı ki, bu "məktəbin" gücünü onun "diplomu" qədər sanmışam, əks çıxmayanları isə müdrik... Çox maraqlıdı, Mahir müəllim müsahibənin bir hissəsində "... adlarını çəkib reklam eləmək istəmədiyim gənc həmkarlarım"- deyə, bizə xitabən giley-güzar edir, sonra "Vaqif Cavadov hələ Hollandiyaya getməyib, Bakının küçələrində sülənir" ifadəsinin müəllifinin yanında özümü görmürəm. Mən o jurnalistikada yoxam"- deyir. Bu nədi? Bu da müdriklikdi? (Gülməyin, bu dəfə satira yazmamışam). Başa düşürəm, qəzetdə 8000 yazıb, reallıqda 4000-4500 tirajla nəşr olunan qəzetin nüfuzunun gündən-günə itməsi ağır zərbədi. Burda artıq müdriklik də çarə deyil. Sonra... - Deyirsiz ki, təhqiramiz ifadələr işlədirlər, barəmdə yalnış düşüncələrə düşürlər. Axı sizin yaşınız və təcrübəniz imkan verir ki, bir telefon zəngi və ya bir görüşlə tövsiyələr verəsiz, yol göstərəsiz. Sizcə, bu, "mən onlarla bir cərgədə durmaram" deməkdən daha müdrik addım deyilmi?" (Sən sualdakı müdrikliyin romantikasına bax...) Müsahibədən bu kiçik çıxarışa yalnız bunu demək olar: adamlar taleyüklü məsələlərin həllinə girişiblər. Amma bilmirlər ki, biz tövsiyə axtarışında deyilik, bu gün mən Mahir Rüstəmlidən aldığım tövsiyəylə yalnız yıxılıb ölməyi bacararam. Jurnalistlər barəsində yanlış düşüncəni yaradanlar isə hansısa futbol məmuruna satılanadək tumanını başına keçirən şüvənlik ustalarıdı, onları da siz yaxşı tanıyırsız, biz tərəfə yaxın dura bilməzlər... Yox e... Nə qədər eləsəm də, Mahir müəllim haqqında aqressiv nəsə deyə, danışa bilmirəm. Baxmayaraq ki, o mənə və mənim kimi reallığa müxalif, inkarçı bir-iki jurnalistlə barışmaz mövqedədi. Hətta məntiqsiz olsa belə, bizdən səhv tutmağa çalışır. O bizi "vursun", qınasın... Amma yenə də o Mahir müəllimdi. ...Çünki mən MÜƏLLİM görmüşəm. Allah Məmməd Nazimoğluna rəhmət eləsin! Həmişə deyərdi, "Mənə bax, əlləşmə ki, yazıb məşhurlaşasan. Sadəcə, öyrən, sonra yaz, onda güclənərsən. Güclü oldun, deməli, məşhur da olacaqsan..." P.S. Siz bizi oxumaya bilərsiz, bu, sizin hüququnuzdu... Amma oxuduğunuz köşə yazarlarına (Müsahibədə adını çəkdiyiniz bəzilərini deyirəm) deyərsiz ki, onlar vətənə daha yararlı işlə məşğul ola bilərlər. P.P.S. Bir də.. Əsl müxalif göz yaşı axıtmaz..!
- Mən sizi anladım. Ola bilər, bu məsələdə kifayət qədər əzmkarlıq göstərmirəm. Və ola bilər, oxucuda ümumilikdə jurnalistlər barəsində yanlış düçüncənin yaranmaması üçün kimisə daha ağıllı tənqid yoluna çəkmək mümkündü. Sizin bu iradınızdan gələcəkdə nəticə çıxarmağa çalışacam.
- Təşəkkürlər.
Məmməd müəllim, sənə çox ehtiyacım var. Hətta bu yazını yazım-yazmayım deyə, düşünəndə belə...
| Paylaş: