VAQİF SADIQOV MƏQAMINDA GETDİ...
Paylaş:
"Neftçi"də bu cür "gediş" daha kimçün labüddü? Cari mövsümün əvvəllərində "Neftçi"yə gəlişindən indiyədək bir oyun belə uduzmayan Vaqif Sadıqov dünən komandanın baş məşqçisi vəzifəsindən istefa verdi. Heç "İnter"ə məğlubiyyət də səbəb götürülə bilməz. Sadıqov öz istəyiylə, "Neftçi"yə yeni "nəfəs" lazımdı"- deyib getdi. Azərbaycan futbolunda müstəqil istefalara çox təsadüf etmişik. Arasında çox az hallarda səmimi olanlan var. Amma Sadıqovun istefasında rəhbərliyin təzyiqi motivi yoxdu- bu böyük ehtimalla belədi. Vaqif müəllim məşqçi kimi daha geniş müzakirə oluna bilər, amma onun bir xarakter kimi intizamlı biri olduğu bizə məlumdu. Lazımlı məqamda geri addım ata bilir. Vaqif müəllim öz futboluyla "Neftçi"lik deyildi. Uduzmamaq bəs etmir, qələbə, çoşğulu oyun azarıdı bu komandanın azarkeşləri. Sadıqovun futbolu qol vurmağa hesablanmayıb, onun taktikası rəqibi səhvindən tutub "cəzalandırmaqdı". Sanki Sadıqov taktikasında qol anlayışı onun Azərbaycan futboluna bəxş etdiyi məxsusi künc zərbələridi. Onun çalışdırdığı komanda yalnız küncdən həmin ekstravaqant gedişi etməklə qol vura bilər. Qalan bütün hallarda rəqib o həddə qədər səhv etməlidi ki, Sadıqovun komandası "boş qapıya" vursun qolu. Bu həm rəqib üçün, həm də özü üçün təhlükəli bir futboldu. Bax, belə bir məşqçi getdi "Neftçi"dən. Bu həm də "flaqman" üçün mövsümi məşqçi dəyişiklikləri vərdişinin hələ də qaldığını təsdiqlədi. "Neftçi"nin yeni prezidenti Sadıq Sadıqov haqda müsbət emosiyalar var: həm ictimai fikirdə, həm də mətbuatda. Amma Sadıqov hələ elə bir qlobal işlə önə çıxmayıb ki, yeni vəzifəsində hara qədər olduğu müəyyənləşsin. Deyilənə görə, komandada xırda islahatlara başlayıb. Yayda tam yeni "Neftçi"ni qurmağa start verəcək. Bura həm yeni administrasiya, həm məşqçi, həm də komandada islahatlar planı daxildi. Əgər Vaqif Sadıqov bu komandanı "yeni nəfəs" naminə tərk edibsə, Sadıq müəllim mütləq halda, Sadıqovun sələfini seçməkdə yüz ölçüb, bir biçməlidi. İddialar böyüyürsə, onda yerli mütəxəssis variantı siyahıdan silinsə, daha yaxşı olar. Onsuz da gün kimi aydındı, Azərbaycanda inqilab edə biləcək məşqçi yoxdu, ya da var, "üzdə" deyil. Yerli mütəxəssislərin ən çatışmayan cəhəti xaraktersizlik, iddiasızlıqdı. Amma daha sərrast davranıb, "papaq altda yatan" bir mütəxəssisi də üzə çıxarmaq olar. Bu, az əvvəl bildirilən "yerli mütəxəssislərdə xaraktersizlik var" fikrinə də tutarlı cavab olar. Həm də əcnəbi məşqçiyə etimad göstərmək əksər məqamlarda heç də özünü doğrultmur. Yalnız belə olan halda Sadıq Sadıqovun əsl futbol işiylə məşğul olduğu bilinər. Bu "yenidənqurmanı" daha faydalı və məhsuldar formada gerçəkləşdirmək üçün Sadıqov adminitrasiyasına da "əl gəzdirməli" olacaq. Çünki klubun hazırkı idarəçilik mexanizmi bir qədər köhnəlmiş təsiri bağışlayır. Klubun vitse-prezidenti postu hərəkətverici və tənzimləyici funksiyasını daşıyır. Hazırda bu vəzifəni kim icra edir: Tahir Süleymanov. Süleymanov peşəkardı, buna şübhə yox. Amma müşahidələrə görə aparılan təhlillər belə qənaətə gətirir ki, obrazlı desək, o, XXI əsrin peşəkarı deyil. Bir az köhnə, bir az da yad bir tipdi. Süleymanov indiyədək "Turan"ın, "Qarabağ"ın rəhbərliyində çalışıb, amma uğurlu karyera cızmayıb. Bunlar əslində, Süleymanovun uğursuzluğu kimi yox, uyğunsuzluğu kimi yozulsa daha məntiqli alınar. O, sanki Azərbaycan futbolunda rəhbər vəzifəsi icra etmək üçün klub sahəsində mövcud mühitə uyğun bir tip deyil. Bu qeydlər Süleymanovun "Neftçi"dən qoparılması və bununla problemlərin həll olunması anlamına gəlmir. Sadəcə, Süleymanov bir neçə dəfə göstərib ki, o rəhbər yox, işçi qüvvəsi kimi daha uyğundu. Sadıqov Süleymanov "bəndini" də yerinə düzgün yerləşdirməlidi. Eləcə də digər yerləşdirmələr diqqətlə yoxlanmalıdı... E L Ç ! N
| Paylaş: