')

Bu gün:


FutbolPress.Az | Yenə.. Ramin Musayev (!)

Yenə.. Ramin Musayev (!)


oxunma sayı: 1044 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

"Böyük qayıdış" filminə baxmısız? Harda görürəmsə, nə vaxt xatırlayıramsa və ya kinokadr kimi gözümün önündə canlanırsa, nədənsə, Ramin Musayevi böyük qayıdış söbətinə oxşatmağım gəlir.

Gedir, qayıdır... Gedir, qayıdır... Gedir, qayıdır... Böyük söhbətdi! Böyük həngamədi...

Yenə.

Qayıdıb. Xeyli vaxt idi görünmürdü. Qayıdıb, nə danışıbsa, hər tərəf "ŞOK!" püskürür.
Dekabrda heç nə eləməyə-eləməyə həmin ayın ən yaxşı futbolçusu seçilən Əfran İsmayılova (amma həqqi, yaxşı futbolçudu) hansısa bankın 1111 manat verməsi üçün keçirilən süni gülüşlər, miniatür söhbətlər və şəkilçəkdirmə mərasiminin lap axırında Ramin Musayev deyib: gəlin kişi kimi danışaq- jurnalistlərə.
Qayıdıb ki, bəzi jurnalistlərin yazdıqları inkişafa mane olur.

Heyif ki, Azərbaycanda keçirilən istənilən sorğunun süni, mənasız, reallığa görə yox, xülyalara əsasən olmasına inandığım üçün ora getməmişdim, yoxsa Musayevə həmin kəlməni işlətdiyi məqamda "odboy" verərdim.

Yoldaş Musayev, siz hansı jurnalistləri nəzərdə tutursuz? Bizdə jurnalistin bir neçə sortu var: Sizin "dostlarınız", "düşmənlərinizin dostları", dost-düşmənlər, bir də JURNALİSTLƏR. Siz axırıncı varianta diqqətlə baxın, bu da müəllifi olduğunuz "hakimin səhvi onda səhv olur ki, o qərəzli olur" aforizmi deyil ha, hər rastlaşdığınızla söhbətinizin nəqarəti edəsiz. O variantdakıların sayı çox azdı, onlar qırımızı kitaba düşməyin heç də yaxşı hal olmadığını anlayıblar; çalışın, təhlükəni özünüzə yaxın buraxmayın.

Ciddi deyirəm, əgər siz çempionatın inkişaf etdiyini mikrofona exo verib desəniz belə, inandırıcı səslənməyəcək. Çünki hamı stadiondakı oyuna evində oturub televizordan baxır, hamı "Böyük oyun"dan küsüb, hələ də "İnter"-"Simurq" bic əkizliyindən danışılır, hay-küylə başladığınız "altılıq" sisteminin deffektləri hər gün müzakirə olunur, hakimlərinizin bərbad idarəçiliyi haqda əfsanələr ellər-obalar dolaşır, irəliləyiş ümumiyyətlə yoxdu, çempionatı təbliğ edəcək işlərdən həmişə dəm vurursuz, ortalıqda heç nə yox, yayım məsələsini blokadaya almısız... Davam eləsəm, yazı vergüllərdən canını qurtara bilməyəcək. Siz isə həmişəki kimi, iki inkişaf sözünün arasına vergül qoymaqla məşğulsuz, iş görmək, peşəkarlıq sözünü sözdən əmələ çevirmək isə nəsibiniz olmur...

Cənab Musayev, "bu meydan, bu da şeytan" deməklə deyil, gərək şeytana Demokl "barmağı" uzadıb, meydanda insanlara qətiyyətli və məğrur baxmaq deyilən bir şey də olsun. "Turan" - "Neftçi" həngaməsinin "qırxı" çıxmayıb, heç olmasa ekspert araşdırma komissiyası goplamalarını yad edək. Xoşa gəlmək üçün, gəlişi gözəl sözlər deməyə nə var ki, gərək kinoya qədər heç olmasa göstərməyə jurnal olsun.

Demisiz ki, bəzi futbolçular xarici klublara transfer olunub, bu, çempionatın inkişaf eləməsinə görədi. Bilirsiz niyə düz demirsiz? Ona görə ki, Azərbaycan çempionatını heç Çeçenistanda izləmirlər, nəinki Beyləqanda.

Yazının burasında təbəssümlə, "Məlumdu nə demək istəyirsən, azarın nədi"- deyib, düşünməsəz, üstünə bonus olaraq deyərəm ki, arxayın olun, heç Elxan Məmmədovun milli komandasının da bunda rolu olmayıb. Vaqif "Tvente"yə gedibsə, bunda 5 qram bəxt, 15 qram klublar arasındakı isti münasibət, 55 qram öz oyunu, bir neçə qram da həmin komandanın baş məşqçisinin zövqü rol oynayıb. Eləcə də xırda fərqlərlə Mahir Şükürovun "Anji"yə keçidi. Odur ki, rahatlanın, bu söhbətdə heç biriniz səbəbkar deyilsiz.

Rahatlığınızın davamı üçün ardını deyim ki, futbolçuların xaricə transfer olunması çempionatın inkişaf etməsi söhbətinə nə qədər aid deyilsə, sizin "...Bəzilərinizin yazdıqları inkişafa mane olur" formasında nigarançılığınızın da təmənnasız tənqid yazan jurnalistlərə dəxli yoxdu. İnkişafa dəstək olmaq üçün inkişafdan yazmırlar, tənqid yazırlar. Hə, o tamam başqa məsələdi ki, kim "məqsədyönlü" yazır. Onsuz da özünüz hamıdan yaxşı bilirsiz. Amma xahişimiz odur ki, bu haqda danışanda yuxarıda göstərilən sortları bir-birindən ayırıb, sonra buyurun.

Azərbaycanda bir neçə klub güclənib. Heç o da olmayıb. Sadəcə, bəzi klublar bir neçə, bizə güclü kimi görünən futbolçular gətirib bura. Bu proses də cəmi 4-5 ildi gedir. Bu, çempionatın inkişafı demək deyil! Çempionatı normal təşkil eləmək də inkişaf demək deyil, yoldaş Musayev. İnkişaf ona deyirlər ki, hamı o yerdəki tərpənən adi bir şeyi də görmək, ona baxmaq istəyir. Diqqətlər ora yönəlir, o haqda danışılır, maraqla ardı izlənilir. Bunu ən sadə dillə də dedik, indi özünüz görün də, siz dediyiniz inkişaf deyilsə, onda nədi...

P.S. Zəlimxan Yaqub şeirinin dühası ondadı ki, özəyində, "Saqqızın şirini gedənədək çeynədin, sonra tüpür getsin" məntiqi var.
Məncə, belə yazıları çox uzadanda şirini gedir...

Yazarın bütün yazıları

oxunma sayı: 1044 | Paylaş:




?>