')

Bu gün:


FutbolPress.Az | AFFA İK: dəyişən qərarlar nələri dəyişəcək?

AFFA İK: dəyişən qərarlar nələri dəyişəcək?


oxunma sayı: 2442 Paylaş:

FutbolPress

Dünən AFFA İcraiyyə Komitəsinin rəsmi elan edilməyən təcili yığıncağında mühüm qərarlar qəbul edildi. Onlardan ikisi əsasdır və böyük ictimai əhəmiyyəti var:

- Legioner limiti 6+5 formatından 7+4-ə dəyişdirildi.
- 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə veriləcək (Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır)


Xatırladaq ki, cəmi bir ay əvvəl AFFA İK iclasında limit və əvəzetmə məsələsində formata toxunulmamışdı. Bəs nə oldu ki, komitə qısa müddətdə qərarlarını dəyişdi?

Limit və əvəzetmə məsələsinin intensiv müzakirəyə çıxarıldığı 2021/22 mövsümünün əvvəlindən mövzu ətrafında 20-dən çox araşdırma-təhlil məqaləsi hazırlayan “FutbolPress” futbol ictimaiyyəti üçün səhih mənzərə yaratmağa çalışdı. Demək olar ki, mövsümün ən çox müzakirə edilən məsələsi ətrafında fikir ayrılıqları da kifayət qədər idi.

Əvvəlcə millinin inkişafını prioritet kimi irəli sürərək, limitin dəyişdirilməməsi tərəfdarı olanlar çoxluq təşkil edirdi. Lakin tarixə ekskurs, dünyadan gətirilən nümunələr bu istiqamətdə düşüncələri tədricən dəyişməyə səbəb oldu. Artıq millinin inkişafında limitin əhəmiyyətli rol oynamadığını real nümunələrlə öyrəndik və illərlə davam edən bu formatın dəyişdirilməsinin klubların perspektivinə müsbət təsiri imkanları barədə təsəvvürlər formalaşmağa başladı.

Məsələn, “Neftçi”, “Sabah” kimi imkanı geniş olan klublar bu məsələdə “dabanı bərk sıxmağa” başladılar. Limitin dəyişdirilməsi mövzusunda “Qarabağ”, “Zirə” də pozitiv yanaşmalar sərgiləyincə, fikrin lehinə formalaşan sıra genişləndi. Hətta maddi imkanlar baxımından autsayderlərdən olan “Sumqayıt” da əcnəbi transferi üçün cəhdlərinə müsbət cavab aldı və dəyişiklik tərəfdarlarına qoşuldu...

Limitin dəyişdirilməsinin tərəfdarları böyük olsa da, aprelin 29-da keçirilən İK-nın iclasında formata dəyişiklik edilmədi və bu, geniş ictimai rezonansa səbəb oldu. Ən çox da əvəzetmə sayında dəyişikliyə gedilməməsi təəccüblə qarşılandı – çünki Klublar Komitəsinin İK-nın 29 aprel yığıncağından əvvəl keçirilən toplantısında bu məsələ yekdilliklə rəy qazanmışdı.

***

AFFA İK-nın klubların, nüfuzlu futbol mütəxəssislərinin mövqeyinə əks qərarlar verməsi tənqidlərə tuş gəldi. Məsələnin kuliminasiya nöqtəsi isə çıxışlarında dəmir təmkinini qoruyan Qurban Qurbanovun belə, barışmaz mövqe nümayiş etdirməsi idi...

Beləliklə, tarixi zərurət və AFFA ətrafında çoxdan danışılan/gözlənən köklü dəyişikliklərin fonunda İK-nın yığışması, məhz limit və əvəzetmə məsələsində yeni qərarların verilməsi ölkə futbolunun yaxın və uzaq gələcəyinə daha diqqətlə fokuslanmağın vacibliyini göstərmiş oldu.

AFFA-nın futbol ictimaiyyətinin qeydləri əsasında qərar açıqlaması nadir təsadüf edilən hadisəydi və bu, dünənki yığıncaqda baş verdi. Bəs gələcəkdə daha hansı dəyişikliklərə zəmin yarandığını düşünə bilərik...

Artıq AFFA və futbol ictimaiyyəti arasında fikir-icra prosesində uçurumun olmadığı göründü. Deməli, assosiasiya qəbullanıb ki, ölkə futbolunun inkişafı üçün yeknəsək qərarlar  vermək qurum üçün ciddi   problemlər yaradır. Həm də bəzi klublar artıq kifayət qədər güclənib və futboldakı fikir axınına dərin təsir göstərə bilirlər. Bu da yeni futbol kabinetinin formalaşacağı fikrini populyarlaşdırmaqdadır...

Bəs hazırkı futbol idarəçiliyi həlim pressinqlərə qarşı adekvat davrandıqca dividentlər qazanırmı?

Kuluarlarda eşidilən əsas fikir budur – çox yaxın zamanda AFFA-da “qan dəyişəcək”. Əslində, tarixi uzun olan bu iddianın son zamanlar daha sıx yayılmasına səbəb AFFA prezidenti  Rövnəq Abdullayevin SOCAR rəhbərliyindən getməsi, assosiasiyanın siyasi kursunu müəyyənləşdirən Elxan Məmdovun isə FIFA-ya Fransaya köçü kimi məsələlərdir. Ancaq gedişatın radikal axın almadığı dəqiqdir; sürətli dəyişikliklər gözləməyə dəyməz.

AFFA-da dəyişikliklər, İK-nın dünənki toplanışı kimi anidən də ola bilər, 2024-cü ilədək səlahiyyət müddəti olan hazırkı rəhbərliyin könüllü gedişiylə də. Hər iki vəziyyət üçün şərait  yetişib...

Elçin Cəlilov


oxunma sayı: 2442 | Paylaş:




?>