')

Bu gün:


FutbolPress.Az | Kazbek çökəkliyi

Kazbek çökəkliyi


oxunma sayı: 3140 Paylaş:

FutbolPressPost-sovet vərdişi/ənənəsi saymaq olar;  yarınmağa, pərəstişə meyllilik mərəzi...

Kazbek Tuayev bu haldan xali deyil. Onun bu istiqamətdə öz dəsti-xətti, taktikası, öz biabırçılığı var.  Yüzildənbir mənasız açıqlamasıyla görünər, qıcıq oyadar, danışığı və ya rəftarıyla heç nəyi həll etməz, yenidən çəkilər bir kənara...

Dünən də peyda olub və deyib ki, “Narazıyam. Elxan Məmmədov kimi insana daha yüksək vəzifə verilməlidir. O, UEFA prezidenti olmalıdır”

Yüz otuz beş ildir uşaq futbol məktəbi adıyla dotasiya alan Tuayevin indiyədək ölkə futboluna bircə futbolçu bəxş etdiyini görmüşük? Bir problemi qabartdığını eşitmişik?

Amma bu özündənrazı, “Düzü, Aleksander Çeferinin işi məni qane etmir” – deyəcək qədər hədyanlığa uğraya bilir.

Çeferinin işi Tuayevi qane etmir...
UEFA-nın prezidenti!
Tuayev...
Nə deyəsən...

Bu ağıl bulandıran söhbətə qarşılıq bir fikri aydın şəkildə ifadə etmək olur: Tuayev UEFA-da hansısa işdə çalışsaydı, deyəcəkdi ki, Çeferin dahidir. Bəli-bəli, bu, belədir.

Yüz otuz beş ildə bircə futbolçu yetişdirib meydana çıxarmayan bu özündənrazı qədim kreslo sakini kimisə bəyənməmək, bu azmış kimi, bəyənmədiyinin yerinə bəyəndiyinin layiq olduğunu iddia etmək qədər xülyaya düşə bilir rahatca. Buna parapsixologiyada heç də yaxşı ad qoyulmur...

Çeferini bəyənməyib yerinə Elxan Məmmədovun layiq oluğunu demək post-covid19 fəsadı deyil, bu, Tuayev müştəbehliyi sindromudur. Heç bir ehtiyac olmadan baş verən yarınma faktı da məəttəl edən əlamətdir.

Həqiqətən, o, həqiqəti deməmək, özünə, kiçik maraqlarına sərf edəcək fikirləri sırımaqçün lazım gəlsə hay-küy qopara, lazım gəlsə mülayim olmağa qadir bir xarakter get-gəlinə sahibdir. Bu istedadının hesabına yüz otuz beş il heç bir məhsuldarlıq göstərmədən AFFA-dan yeyir... 

AFFA kazbektuayevlərlə doludur. Onlar heç bir işi irəli apara bilməyən ağır metal kimidirlər. Ümumiyyətlə, Azərbaycan futbolu çoxdan bu  “kazbeki çəkə bilmir”... Sinəsi dağlar futbolumuzun sinəsi dağılmamış - tərgitmək, tərgitmək, yenə də tərgitmək...


Elçin Cəlilov


oxunma sayı: 3140 | Paylaş:




?>