')

Bu gün:


FutbolPress.Az | Özünə yer tapa bilməyən “Sabah”

Özünə yer tapa bilməyən “Sabah”


oxunma sayı: 1620 Paylaş:

FutbolPress“Sabah” Premyer Liqada çıxışa başlayandan böyük iddialar ortaya qoyacağını anons etmişdi. Yüksək yerlər uğrunda mübarizə, hətta titul savaşı, avrokuboklarda ölkəni təmsil etmə, yaxşı akademiya qurulması və s. Bu məqsədlər üçün ciddi büdcə ayrıldı, elitadakı ilk mövsümdən etibarən komandaya yaxşı futbolçular cəlb edildi, klubda uşaq futbolu xorvatlara tapşırıldı. Hələlik yalnız sonuncunun effektiv olduğunu, akademiya komandalarının müəyyən qədər uğur qazandığını söyləyə bilərik.

Əsas komandanın nəticələri ilk mövsümdə necə idisə, indi də təxminən o cürdür. “Sabah” faktiki ortababa çevrilib və burdan yuxarı qalxmağı bacarmır. Davam edən mövsümdə 5-ci olan komanda ilk “4-lük”dən xeyli geridir. Halbuki heyətinə görə kifayət qədər təşkilatlanmış təəssürat bağışlayır. Üstəlik hələ də yeni oyunçular cəlb edilir. Mövsümün sonuna ayarım qalsa da... Problem isə yeni gələnlərin məhz ayyarımlıq müqavilə imzalamasıdır. Onların sonlarına yaxınlaşdığımız çempionatda “Sabah”ı yüksək sıralara qaldıracağı inandırıcı deyil – mövsüm bitəndə gedəcəklərsə, indi gəlmələrinin də bir mənası qalmır. Bu addım o zaman Rusiya – Ukrayna münaqişəsindən müəyyən mənada yararlanmaq sayılardı ki, həmin oyunçularla ən azı gələn mövsümün sonuna qədər müqavilə bağlanardı. Onda demək olardı ki, "Sabah" həqiqətən krizisi fürsətə çevirir və növbəti mövsüm üçün tədarük görür.

Klubun yarandığı gündən müzakirələrə səbəb olan və hələ ortaya bir şey çıxmayan növbəti məsələ bazalaşmadır. “Sabah” Masazırdakı “Bank Respublika Arena”da məskunlaşıb, akademiya komandaları isə müxtəlif yerlərdə məşq edir.

Daha əvvəl Hövsan, ardınca Buzovnada yeni bazanın tikiləcəyi ilə bağlı məlumatlar çıxmışdı. Vaxt keçdi, heç biri həyata keçirilmədi. İndi klubun “ASK Arena”ya köçməsi gündəmdədir. “Keşlə” “Şamaxı” adı ilə bölgəyə gedir, boş qalan stadionda isə “Sabah” məskunlaşmaq istəyir. Əldə etdiyimiz məlumata görə, təklif klubdan gəlib, alınıb-alınmayacağı hələlik bəlli deyil. Ancaq güman ki, bunda bir problem çıxmayacaq və növbəti mövsümdən rəqiblərini orda qəbul edəcəklər.

“ASK Arena”ya köç cəhdi asana qaçmaqdır və növbəti dəfə fürsətcillik imitasiyasıdır. İllər keçib və hələ planlaşdırılan bazalaşma baş tutmayıb.

Tez-tez ideya dəyişikliyi, konkret bu nümunədə özünə yer tapa bilməməsi klubun ciddiliyinə xələl gətirən məqamdır...

“FutbolPresss”


oxunma sayı: 1620 | Paylaş:




?>