')

Bu gün:


FutbolPress.Az | Şimali Makedoniyadan nəyimiz əskikdir?

Şimali Makedoniyadan nəyimiz əskikdir?


oxunma sayı: 1732 Paylaş:

FutbolPressMətləbi dağa-daşa çəkməyə gərək yoxdur, sərlövhədəki suala birbaşa cavab verməklə yazıya başlamaq olar – azərbaycanlı futbolçuların xaricdə oynaması faktı əskikdir. Ən tutarlı, ağır gələn çatışmazlığımız məhz budur.

Şimali Makedoniya millisinin heyətindəki futbolçulardan cəmi bir nəfər ölkə çempionatında oynayır, qalan hamısı Avropanın müxtəlif liqalarının ortabab, yüksək səviyyəli klublarındadır.

Bəs bizdə?

Ən yaxşı halda millinin 5-6 oyunçusu ölkə xaricində oynayıb,  o da Azərbaycan çempionatı dayandırılanda.

Başqa bütün vaxtlarda biz bu say həddini belə keçə bilməmişik.

Şimali Makedoniya millisinin tarixinə nəzər yetirsək, indiyədək cəmi 3 dəfə əcnəbi məşqçiyə həvalə olunub. Onlarda yüksəlişə nail olmanın əsas səbəbi milli komandalarla bağlı ciddi proqramın icrası oldu. Aşağı yaş qruplarından əsas milliyədək vahid futbol fəlsəfəsinin tətbiqi...

Azərbaycanda bu, heç vaxt mümkün olmayıb. Hansı ki, ən vacib budur, indiyədək seçilən formasiyalardan da ən faydalısı bu ola bilər...

İqtisadi potensialı Azərbaycanla müqayisə edilməyəcək həddə məhdud olan bu ölkənin İtaliya kimi nəhəngi ələyərək DÇ-yə vəsiqə üçün pley-offun finalına vəsiqə qazanması fantastikadır. Azərbaycan üçünsə mövcud imkanlar fonunda bunlara nail olmaq fantastika deyil, real olmalı.. idi!

Bizim millinin perspektivlisi də, böyük ümidlərlə xaricdən gətirib özümüzünküləşdirdiyi ümidvericisi də xaricdə oynamaq istəmədi ki istəmədi.

AFFA-nın ödənişini belə öz hesabından etdiyi Kamran Ağayev, Emin Mahmudov, Ramil Şeydayev, Emil Balayev kimi perspektivli adlar müxtəlif ibtidai səbəblərdən dözməyib yad ellərdən pənah gətirdilər futbol bostanlığımıza...

Cibinə pul da qoyub göndərirsən, yarıtmayıb qayıdır üstünə...

İndi bizdə islahatın harasından başlamaq lazımdır? İdarəetmədən, yoxsa mental qısırlıqdan, yoxsa, yoxsa...

Şimali Makedoniya yığmasının uğur qazanmasının əsas səbəbi tətbiq edilən sistemdən başqa yerli mütəxəssislərə uzunmüddətli vaxt verilməsi, şərait yaradılması oldu. Hazırkı heyətin cilalanması, inkişafı 5 il baş məşqçi postunda çalışmış Angelovskiylə çox bağlıdır. Ümumiyyətlə, Avropanın ortabab ölkələrinin uğurları əsasən yerli mütəxəssislərə bağlıdır.

Bizim bu baxımdan axsaqlığımız, kasadlığımız yoxdur. Əksinə, futbolumuz adına öyünə biləcəyimiz yeganə tutarlı məqam yerli məşqçi potensialıdır. Uzun sözün qısası, Qurban Qurbanov başda olmaqla, Azərbaycan futbolunun inkişafı üçün ən kövrək addımlardan başlamaqla işi yerli məşqçilər korpusuna, sistematik siyasət əsasında həvalə etmək lazımdır. Yenidən, yenə də... anlamaq gec deyil, anlamaq lazımdır.

Bizim ortababların uğuruna baxaraq, özümüzü onlarla müqayisə edib fərqin pis mənzərəsi qarşısında pərt olmağımız bəs edər.

Elçin Cəlilov


oxunma sayı: 1732 | Paylaş:




?>