')

Bu gün:


FutbolPress.Az | QeyRi-adi islahat

QeyRi-adi islahat


oxunma sayı: 1222 Paylaş:

FutbolPressMövzu passivliyi günlərində ora-bura boylanan informasiya reseptorlarım son ərəfələr yalnız və yalnız “Sumqayıt”a tuşlanır...

“Sumqayıt”da ilişir...
“Sumqayıt”ı görür...

Ələk-vələk edilən gündəmin heç bir aktivasiyası “Sumqayıt”ın passiv, məzlum, məkruh hal-əhvalı qədər çəkmir diqqətimi.

“İki ölkədə çempionluq yaşayıb!” – deyərək gətirdikləri Baqa “Sumqayıt”da nəticə iflası bir yana, hansı futbolu oynatdırır, məlum deyil.

İki dəfə kubok finalçısı olan Ayxan Abbasovu təzminatlı-filanlı göndərib, islahat adı altında edilən məşqçi dəyişikliyi klub prezidenti Riad Rəfiyevin də əslində strateq, idarəçi kimi dayanıqlı projesinin olmadığını, Abbasovun uğurları fonunda parladığını gördük.

Atılan addım, risk ehtimalları ilə birgə ölçülüb biçilən planın nəticələri belədirsə, vay halına “Sumqayıt”.

Növbəti mövsümün komandasını qurmaq? Bu nə tezisdir atılıb ortaya?

Baqanın gəlişindən sonra komanda 5 rəsmi matç keçirib. Qələbə üzünə həsrət olan "Sumqayıt" bu görüşlərin 3-də uduzub, 2 dəfə heç-heçə edib. Buraxılan 8 topun müqabilində vurulan 2 qol.

Abbasov ən pis, ən ən bərbad halda Baqanın düçar olduğu nəticələrdən daha yaxşısına qadir olardı. Mövsümü bu gedişatla bitirib, növbəti mövsümün komandasını növbəti mövsümün astanasında qurmaq daha təfsil variant olmazdımı?

İndi uğursuzluq bir yana, məzmunsuz, ruhsuz futbolu ilə “Sumqayıt”ın halına “Bəzi futbolçular bacardığı qədər oynamır” bəraətləri uydurmaq manipulyasiyadan başqa nəsə deyil. Bu heyətlə hələ yayda, avrokubok matçından öncə edilən danışıqlar, bağlanan müqavilələr gətirib bugünkü mənzərəni yaratdı.

Riad Rəfiyev Ayxan Abbasovun istəyilə saxlanan heyəti elə onun öhdəsində saxlayıb, mövsümün bitməsini gözləməliydi. Uğursuzluq olardısa, onunla vida, yeni məşqçiyə qapı açılardı. Ancaq mövsümün yarısı olmamış edilən məşqçi dəyişikliyinin məntiqi anlaşılmamışdı, nəticələri də ortada.

Bu məntiqlə atılan addımlara “vaxt tanımaq” çağırışları da səmimi deyil. Vaxt və onun qatarı sürətlə gedir - “Sumqayıt”la əks istiqamətdə... Vəziyyətdən çıxış yolunun işartıları isə hələ də görünmür.

Elçin Cəlilov


oxunma sayı: 1222 | Paylaş:




?>