')

Bu gün:


FutbolPress.Az | Baqa(j)

Baqa(j)


oxunma sayı: 1156 Paylaş:

FutbolPress“Sumqayıt” Ayxan Abbasovu ona görə göndərdi ki, nəticələr get-gedə pisləşirdi. Komandanın maksimumuna məhz onun sayəsində çatdığı nəzərə alınmadan yollar ayrıldı.

Ayxanı “çempion mütəxəssis” əvəzlədi. Aleksey Baqa Azərbaycana gələnəcən fərqli klublarla iki dəfə Belarusda, bir dəfə Litvada titul sahibi olmuşdu. Gəlib “Sumqayıt”ı da dirçəldəcəyi güman edilsə də, indiyədək heç nə alınmır – fələyin çərxi tərsinə dönür.

Komanda qış fasiləsindən sonra 4 oyun keçirib və bunların 2-də uduzub. “Qəbələ” ilə kubokun cavab matçında olmayan penalti (!) ilə məğlubiyyətdən xilas olsalar da, haqq-ədalət yerini tapmış və bu, mərhələ keçmək üçün kifayət etməmişdi. Çempionatda isə yeganə xal qışda heyətinə oyunçu cəlb edə bilməyən, heç pul tapıb Bakıdan kənara çıxmaq imkanına sahib olmayan “Səbail”lə görüşdə qazanılıb. Dünən komanda “Qəbələ” ilə ev oyununda əsl fiasko yaşadı – 0:4.

4 rəsmi oyunun üzərinə Antalya toplanışındakı 3 yoxlama matçını (2 məğlubiyyət, 1 heç-heçə) gələndə məlum olur ki, Baqa 
“Sumqayıt”da “sükançı” kimi 7 oyunda bircə qələbə qazana bilməyib. Məzmun etibarilə 7 matç Azərbaycan Premyer Liqasında bir dövrədir. “Dövrələyən” Baqa səndələməkdədir.

Nəticə öz yerində, üstəlik komandanın oynadığı futbol da bərbaddır. “Qəbələ”yə qarşı görüş “Sumqayıt”ın mövsümdə ən pis oyunu idi. Dünənki matçdan sonra yəqin Baqa düşünür ki, nə yaxşı “Qarabağ”la qarşılaşma təxirə salındı – “Keşlə”nin başına gələn müsibət təkrarlanacaqdı.

Ayxan Abasovun zamanında “Sumqayıt”ın asan təslim olduğu oyun yada salmaq çətindir. Hətta böyükhesablı məğlubiyyətlər olanda da komanda hücum etməyə, meydanda varlığını göstərməyə çalışırdı. Bu yanaşma ilə kubokun finalına çıxdılar, ölkə çempionatında yüksək yerlərdə qərarlaşdılar və s. Baqanın “Sumqayıt”ı isə konkret dünənki oyunda meydanda görünmürdü. Hesabın lap biabırçı hədlərə çatmaması əsasən “Qəbələ” oyunçularının qeyri-dəqiqliyindən qaynaqlanırdı. Əvəzində ev sahibinin demək olar ki, “qolluq” şansı olmadı.

Abasov mövcud şərtlərlə “Sumqayıt”da maksimumu etmişdi, Baqa ilə daha artığına nail olmaq istəyən strategiyasını dəyişməliydi. Onu nəzərdə tuturuq ki, yenə yerli oyunçularla davam edəcəksənsə, hardan Belarusdan məşqçi gətirmək ehtiyacı hiss edirsən? Axı burda heç bir məntiq yoxdur. Lap strategiyanı dəyişirsənsə belə, bunun üçün əcnəbi məşqçi mütləq deyildi. Xüsusilə də əgər o, əlində olandan daha yaxşı deyilsə.

Əslində, elə bu qış komandaya legioner futbolçuların gətirilməsi gündəmdə idi, ancaq görünür, son mərhələdə hansısa maneə yaranıb. Deyilənə görə, strategiya dəyişikliyi yaya təxirə salınıb.

Nəticələr bərbad, oynanılan futbol isə heç “5 qəpiklik” deyil. Ancaq Baqanın komandadakı gələcəyi ilə bağlı narahatlığı yoxdur. Hətta deyilənlərə inansaq, o, bura De Byazidən sonra millini çalışdıracaq məşqçi kimi gətirilib. Bu nəticələrlə isə Baqa onu Azərbaycana gətirən və barəsində ciddi planlar quranları “baqaj”a qoymaqdadır.

Faiq Tahirov, Futbolpress.az


oxunma sayı: 1156 | Paylaş:




?>