')

Bu gün:


FutbolPress.Az | Gedək şəkil çəkdirək  (QEYD)

Gedək şəkil çəkdirək (QEYD)


oxunma sayı: 874 Paylaş:

FutbolPressDünən  “Qarabağ” – “Marsel” oyununun təşkilatçılığında yenilik – Nazirliyin ideyası, yoxsa müdaxiləsi...”  sərlövhəli  məqalədə qabardılan detal günün ikinci yarısında çıxan xəbərlə təsdiq tapdı...

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Elnur Məmmədovun və nazir Fərid Qayıbovun müavini Mariana Vasilyevanın Qara Qarayevə “İdman ustası” vəsiqəsni təqdim etməkçün “Qarabağ”ın bazasınadək getməsi, fotolar... Bir az qəribə, hətta həvəskar addıma bənzədi.

Açığı, peşəkar idmanla orta məktəbin son illərində vidalaşmış, ancaq “idman ustası” vəsiqəsini hələ universitetin 1-ci kursunda oxuyanda almış biri kimi Qarayevə bu adın indi niyə təqdim edilməsini elə də anlamış deyiləm...



Ümumiyyətlə, “idman ustası” sovetdənqalma addır. Fotodan göründüyü kimi, hətta vəsiqənin forması da müasir tələblərə uyğun deyil, lakin nazir müavini, nazirliyin ən mühüm şöbəsinin müdiri bu arxaik vəsiqəni də götürüb, ilin-vədənin bu vaxtında Qarayevə təqdim etməkçün gəliblər; fotosessiya-filan... Görəsən, belə anlaşılmaz, əndirabadi situasiyaya nə ehtiyac vardı?

Əslində bu sualın maraqlı cavabı var.

Həm “Qarabağ” – “Marsel” qarşılaşmasının təşkilində AGİN tərəfinin ilk dəfə olaraq müdaxilələr etməsi haqda xəbərlər və bu haqda ictimaiyyətə heç bir açıqlama, afişa ilə çıxış etməməsi, həm şöbə müdiri Elnur Məmmədovun Qarayevin qənşərinə gedib, vəsiqə verib, fotolar çəkdirməsi sırf onun öz PR-ına hesablanan addımdır. Doğrudur, yeni nazir hər gün görüşlər keçirir, ən xırda detallara da fikir verir və bu, müsbət detaldır, cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. Lakin bəzən Mәmmәdovun qismindә sәrgilәnәn mütəvazilik qəribə görüntü də yarada bilir...

***

Zahirində və batində görünməsə/hiss edilməsə də, əslində geniş müzakirə edilən AGİN-AFFA münasibətlərində qarşılıqlı atışmalar, gərginləşmə fonunda bu baş verənlər real prosesdirmi? – Kifayət qədər şübhəli görünür.

AGİN və AFFA arasında kuluar motivli gərginlik varsa belə, son bəhs edilənləri buna aid etmək olmaz. Vəziyyəti analiz etdikdə bunu daha çox şöbə müdiri Elnur Məmmədov səviyyəsində “taktiki gedişlər” adlandırmaq olar.

Elnur bəyin vaxtilə AFFA-da, daha sonra “Neftçi”də mühüm vəzifə icra etdiyi, lakin oradan xoş olmayan məcrada ayrıldığına dair xəbərlər çox yazılıb. Həmçinin o da sıx-sıx qeyd olunub ki, Məmmədovun futboldan uzaqlaş(dırıl)ması məhz AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun qərarıyla baş verib və bu üzdən Məmmədovlar arasında o vaxtdan buz bağlamış münasibətlər hələ də qarşılıqlı soyuq təsiretmə imkanlarını aktiv saxlaya bilər. Lakin...

Təkrar qeyd etməkdə fayda var ki, AGİN-AFFA arasında xəyali çəkişmə meydanı varsa belə, gedişatın son olaylardakı məcra ilə davam etməsi xüsusilə nazirlik adına xoş məqam, yaxşı mənzərə deyil.

Fərid Qayıbov nazir təyin ediləndən həm şəxsi, həm nazirliyin reputasiyasını yüksəldən, ictimai rəğbəti artıran performansı qeyd edilə bilər. Qayıbov planlı, bəlli gələcəyə hesablanmış addımlar atmağı sevən və ilkin nəticələri uğurlu olmuş personadır. Bəhs edilən gərginlik varsa və bundan Qayıbov xalidirsə, o zaman prosesin məntiqinə hörmət etməyə əsaslar var və real nəticələr qazanılacağına inanmaq da olar. Lakin gedişat Elnur Məmmədovun şəxsi mənafe zəminində yaranan ideya katalizatorluğu ilə davam edirsə, bu, nə nazirliyin, nə də nazirin imicinə uyğundur. Ən azı, ortaya aşağı səviyyəli görüntülərin çıxmaması naminə...

Eçin Cəlilov

P.S.

Futbolçumuza vəsiqənin klubun bazasında verilməsində pis yox, yaxşı məqam var. Qeydin yanlış anlaşılması baş verə bilər deyə, bunu xüsusi qeyd etmək lazım oldu. Əsas istəyimiz odur ki, hansısa xırda, şəxsi xarakterli intriqalar ümumi mahiyyətə təsir etməsin. “Qarabağ” bədnam futbolumuzun imicini xilas edən ən uğurlu addır. Nədənsə bu ad üzərindən artıq neçənci dəfə oynanılan xırda, bəsit gedişlər xoş bir şey deyil.


oxunma sayı: 874 | Paylaş:




?>