')

Bu gün:


FutbolPress.Az | Səhvlərin səbəbi yanlış təyinatlardı - Hakimlər Komitəsi diqqətli olmalı

Səhvlərin səbəbi yanlış təyinatlardı - Hakimlər Komitəsi diqqətli olmalı


oxunma sayı: 662 Paylaş:

FutbolPressAzərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarında futbol keyfiyyətindən çox hakim idarəçiliyi ön plana çıxdı. “Qarabağ”la “Keşlə”nin, “Zirə” ilə “Səbail”in duellərində oyun fərqi o qədər böyük idi ki, mübahisəli məqamlara sadəcə növbə çatmadı. Digər iki görüşdə isə idarəçilikdən narazılıqlar və bunun üçün səbəblər kifayət qədərdi.

“Sabah” – “Neftçi” matçında baş verənlər xeyli müzakirə olundu, saytımızda da bu görüşdə yaşananlara böyük yer verilib, yenidən təkrarlamağa ehtiyac görmürük.

Diqqətdən kənar qalan “Qəbələ” – “Sumqayıt” oyununda isə nəticəyə birbaşa təsir edən hakim səhvi qeydı alındı. Qarşılaşmanın 81-ci dəqiqəsində Kamal Umudlu ev sahibinin qapısına olmayan penalti təyin etdi. “Sumqayıt” bundan maksimum yararlanıb, qol vurdu. Hər halda, yaxşı ki, “Qəbələ” sonrakı dəqiqələrdə bərabərlik hesabını qoruyub saxladı və referinin kobud səhvinin güdazına getmədi. Yoxsa Masazırdakı hay-küy Qəbələdə də qalxacaqd.

İki oyunda belə ciddi xətaların baş verməsi hakimlərin hazırlıq səviyyəsi ilə yanaşı AFFA Hakimlər Komitəsinin yanlış təyinatlarının nəticəsidi. “Keşlə” – “Qarabağ” və xüsusilə “Səbail” – “Zirə” duellərində ilk oyunlardan sonra nəticəyə böyük ölçüdə aydınlıq gəlmişdi. Ancaq 3 FIFA referisindən ikisi – Elçin Məsiyevlə Əliyar Ağayev məhz bu oyunlara təyinat almışdı. Ardı var, 3-cü FIFA hakimi də bu oyunların birində 4-cü hakim idi. Nonsens...

İlk görüşdən sonra gərginliyin davam etdiyi “Qəbələ” – “Sumqayıt” matçı Kamal Umudluya həvalə edilmişdi. Görünür, Frits Ştuxlikin qış fasiləsindən sonra ondan gözləntiləri böyükdü. Öncə “Neftçi” – “Qarabağ” qarşılaşmasında fit çalan Kamal ardınca kubokun əhəmiyyətli matçında iş başında oldu. Ancaq təəssüf ki, onun hər iki görüşdə azı bir kobud səhvi var idi. Azərbaycan derbisində Riçard Almeydaya qırmızı vərəqə göstərmək cəsarəti tapmayan referi dünən də az qala “Qəbələ”nin yarımfinala yolunu kəsəcəkdi.

“Sabah” – “Neftçi” oyununda isə Rəvan Həmzəzadənin idarəçiliyi birmənalı qarşılanmadı. Onun hakimliyindən həm “Sabah”, həm də “Neftçi” narazı qala bilər. Son saniyələrdə “ağ-qaralar”ın penaltisi təyin edilmədi. Buna qədər isə “Sabah”ın narazı olduğu bir neçə epizod var - penalti şübhəsi, qırmızı vərəqələr...

Bunun fonunda ən yaxşı hakimimiz sayılan Əliyar Ağayev ilk görüşdən sonra mənasını itirən “Səbail” – “Zirə” oyununda hakimlik edirdi. Ümumiyyətlə, qışdan sonra ona çox qəribə təyinatlar verilir. Ağayev gərgin duellərin olduğu XV turda yalnız “Keşlə” – “Zirə” matçının 4-cü hakimi idi. OK, deyək ki, kubokda “Neftçi” ilə “Sabah”ın ilk duelində iş başında olmuşdu və cavab matçına təyinat alması birmənalı qarşılanmaya bilərdi, amma ən azından onu Qəbələyə göndərmək olardı.

Hakimlər Komitəsi Zirədəki oyundan sonta əhəmiyyətini tamamilə itirən “Səbail” – “Zirə” matçına nədənsə o qədər ciddi yanaşıb ki, Əliyar Ağayev azmış kimi ölkənin başqa bir FIFA referisi Rauf Cabarova da bu oyuna təyinat verib. Həqiqətən çox maraqlıdı, kifayət qədər çətin matçlar qala-qala heç bir əhəmiyyəti olmayan oyuna iki FIFA hakimi niyə göndərilir?

Hakimlər Komitəsi yanlış təyinatlarla yaranan gərginliklərin, səhv qərarların birbaşa səbəbkarıdı. Eyni zamanda, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik yanlış təyinatlarla onsuz da yaxşı olmayan imicini daha da pisləşdirməkdədi.

Faiq Tahirov


oxunma sayı: 662 | Paylaş:




?>