')

Bu gün:


FutbolPress.Az | “Keşlə”li : “İnanmıram ki, “Qarabağ” süni meydançadı deyə oynamasın” (MÜSAHİBƏ)

“Keşlə”li: “İnanmıram ki, “Qarabağ” süni meydançadı deyə oynamasın” (MÜSAHİBƏ)


oxunma sayı: 658 Paylaş:

FutbolPress“Keşlə”nin futbolçusu Şəhriyar Əliyevin Futbolpress.az saytına müsahibəsi...

- İlin ilk rəsmi oyununda “Qarabağ”a məğlub olduz...
- Matça çox yaxşı hazırlaşmışdıq. Zədəlilərimiz, xəstələrimiz, məşq buraxan futbolçularımız var idi. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Hər iki komandanın qol vurmaq şansları var idi. Güclü rəqibə qarşı pis mübarizə aparmadıq. Minimal hesabla uduzmuşuq. Hələ heç nə bitməyib. Cavab matçında ilk görüşdəki səhvləri təkrarlamamağa çalışacağıq.

- Kubokun son sahibisiz, çempionatda işlər qaydasında getmədiyindən yenə ümidlər demək olar ki, kuboka bağlanıb. Cavab oyununu sizin üçün mövsümün ən vacib matçı hesab etmək olar?
- Matçdan öncə baş məşqçimiz də bizə aşılayırdı ki, kubokun son qalibiyik və bu titulu əlimizdə saxlamağa çalışmalıyıq. Cavab oyunu öz meydanımızda olacaq. Səhvlərimizi təkrarlamayıb, qələbə ilə mərhələ keçmək istəyirik. O ki qaldı əsas diqqətimizi kuboka yönəltməyə, çempionatda hələ 14 tur var. İndi “Zirə” ilə Premyer Liqa matçına hazırlaşırıq. Həmin oyunda qələbə qazansaq, yuxarı sıralarla fərqi azaldacağıq. Şansımızı yalnız kuboka bağlamazdım. Çempionatda da hələ heç nə bitməyib. Hər iki yarışda əlimizdən gələni etməyə çalışacağıq.

- “Qarabağ” sizinlə görüşdən sonra “Marsel”lə səfər oyununa çıxacaq. “Keşlə”nin stadionunun örtüyünün süni olduğunu nəzərə alsaq, rəqibiniz ehtiyatlana bilər. Bu amili üstünlük hesab edirsiz:
- İnanmıram ki, suni örtü bizə kömək etsin. Düzdü, burda məşq edirik, bəlkə də, öyrəşmişik, rəqib isə təbii ota hazırlaşır. Bu baxımdan müəyyən fərq ola bilər. Amma inanmıram ki, “Qarabağ” süni meydançadı deyə oynamasın. Məncə, özümüzü oyuna necə hazırlamağımız vacibdi. Biz məcbur etməliyik ki, rəqib oynamasın.

- Komandanı bir neçə əsas heyət oyunçusu tərk edib, yerləri isə doldurulmayıb...
- Gedən oyunçular komandanın əsas üzvləri idi. Bizə çox xeyirləri dəyirdi. Demək olar ki, komandanın yükünü çiyinlərində daşıyan futbolçular idi. İnanmaq istəyirəm ki, yeni gələnlər həmiş boşluğu doldura biləcək.

- Premyer Liqanın 6 klubundan fərqli olaraq qış toplanışını Bakıda keçdiz...
- Düzdü, hazırlığa Bakıda keçirmişik. Yoldaşlıq görüşləri az oynamışıq. Amma oyundan oyuna artıra bilərik. Qarşımıza maksimum nəticə məqsədi qoymuşuq.

- “Keşlə” mart ayından “Şamaxı” adı ilə oynayacaq, yayda isə Şamaxıya köçəcək. Futbolçular bu qərarı necə qarşıladı, ümumi münasibətiniz necədi?
- Açığı, bizə hələ deyilməyib ki, komanda nə zamandan Şamaxıda oynayacaq. Qəti bir şey yoxdu. Harda oynamağımız fərq etmir. Eyni cür mübarizə aparacağıq. Komandada bu barədə çox danışılmayıb. Futbolçuların yaya qədər müqaviləsi var. Hamı peşəkardı, nə qərar veriləcəksə, onu icra edəcəyik. Bakıda, ya Şamaxıda oynamağın fərqi yoxdu.

- Sualı ona görə verdim ki, Şamaxı Bakıya yaxın olsa da, hər halda regiondu. Bu isə ölkə futbolunun yaralı tərəflərindəndi...
- Təki regionda komanda sayı çox olsun. Mən “Kəpəz”də oynamışam, Gəncədə futbolun necə sevildiyini çox yaxşı bilirəm. Elə olub ki, oyuna 10 min azarkeş gəlib. Mən də istəyərəm ki, Tovuzda, Zaqatalada, Lənkəranda, digər regionlarda futbol olsun. Bu addım çemionat daha da maraqlı olar. Elə Şamaxıda da oyunlara ciddi marağın olacağına ümid edirəm.

- AFFA-nın Konfransında Premyer Liqada komanda sayınını 10-a çatdırılacağı açıqlandı. Bu, həmişə eyni rəqiblərlə oynadığınız cansıxıcı çempionatda yeni həyəcan olacaqmı?
- 10 komanda olacağı barədə oxumuşam. İnşallah, region komandaları gələr. Çempionatın cansıxıcı olduğunu deməzdim. Bu, düzgün çıxmaz. Regionlarda  futbolun olması yaxşıdı. Çünki stadionlara Bakıdakından daha çox azarkeş gedir. Komanda sayının artması yerli futbolçular üçün də yaxşıdı. 10 klub olanda yerlilərin oynayıb özünü göstərməsi üçün daha çox şansı olacaq. Komanda sayı çox olsa futbolun inkişafı da sürətlənər.

Faiq Tahirov



oxunma sayı: 658 | Paylaş:




?>