')

Bu gün:


FutbolPress.Az | MaHEROwski-dən nə xəbər..

MaHEROwski-dən nə xəbər..


oxunma sayı: 792 Paylaş:

FutbolPressMahir bir palançı olsa da insan,
Yaxşıdır yalançı papaqçılıqdan (Nizami Gəncəvi)


Mahir “Legiya”ya gedəndə bu haqda fikirlər iki əsas hissəyə haçanalanırdı: ya artırar, ya batırar.

Pis başlamadı. Həm qarşılanması, həm təqdimatı, həm o vaxt komandanı çalışdıran Mixneviçin referansı futbolçumuz haqda müsbət ssenari cızmaqdaydı.

Mahirin avrokuboklardakı performansı isə şanslı, həm də möhtəşəm alındı. O, adlı-sanlı rəqiblərə (“Lester”, “Napoli”) qol vurdu, Avropanın məşhur nəşrlərinə manşet oldu. Lakin…

Mahiri potensiallı azərbaycanlı futbolçular üçün Avropaya cığıraçan qismində görməyə başlayarkən ənənəvi mərəz özünü gecikdirmədi.

Avrokubokda yaxşı nəticələr qazansa də, ölkə çempionatında uğursuzluqlar sıralanırdı. “Legiya” azarkeşləri komandanın son pillələrə düşməyini qəbul edə bilmədi və toplanmış qəzəb oyunçuların avtobusuna hücumla nəticələndi.

Hücumda xəsarət alan iki nəfərdən biri də Mahir olmuşdu. Düzdü, nə o vaxt, nə də sonradan o hücumun videosu, fotoları, Mahirə xəsarətin nəticələrinə dair görüntülərə/izlərə rast gəlməsək də, “cığıraçanımız” olanlara görə necə acıqlandısa, hələ də Polşa klubuyla ulduzu barışmır.

Qış fasilsində təlim-məşq toplanışına gedən “Legiya” israrla dəvət etsə də, Mahir qatılmaq istəməməyində inad etdi. Bu müddətdə o, əsas vaxtını Bakıda keçirdi və “Fəlidən doğru xəbər” adlı yutub verilişinədək çıxdı, şou-mou…

Biz isə “dəlidən doğru xəbər” gözləyir(d)ik. Mahirin Polşa təmsilçisiylə müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir. O, klubla münasibətini doğru nizamlamalıdır. Əks halda, karyerası ciddi zərbəyə tuş gələcək…

***

Təlim-məşq toplanışından yayınan Mahir “Legiya”da qalsa, əsas heyətdə oynamaq şansını böyük ölçüdə qaçıracaq. Başqa kluba keçsə, yenə də hazırlıq səviyyəsi qaydasında olmadığına görə meydanda olması sual altına düşəcək.

Klub Mahirə 2 milyon transfer qiyməti qoyduğunu açıqladı. Bugünədək isə onu transfer etmək istədiyini rəsmən açıqlamış yeganə klub “Başakşehir”dir və Türkiyə təmsilçisi bu keçid üçün ən yaxşı halda 750 min avro ödəməyə hazır olduğunu bildirib.

Mahiri 1-1.5 milyon avroya almaq istəyən klubun tapılacağı ehtimalı çox azdır, nəinki 2 milyona. Beləliklə, ən ümidli ismimizin də Avropada böyümək, artırmaq ehtimalları yerinə, problemləri qabardı…

Niyə belə olur?

Bizim Kamran Ağayev, Emin Mahmudov kimi təcrübəli, Elnur Cəfərov, Budaq Nəsirov kimi gənc və perpsektivli futbolçularımız Avropada karyera qura bilməyib geri döndülər. Uzaq tarixdə buna Vaqif Cavadov və s. adları da misal göstərə bilərik.

Mütəxəssislərin müxtəlif təhlil versiyası var. Ancaq sırf Mahir Ermeli ilə bağlı vəziyyət ümumi problemin mənzərəsini də təşkil edir. Fikir verək:

- Mahir Polşaya gedəndən sonra  işin menecmentində ona kömək edənlərlə yolları ayırdı, sonra əcnəbi menecerlərlə əməkdaşlıq etdiyi barədə xəbər çıxdı, ən son bilinənsə odur ki, futbolçunun meneceri anasıdır. Bu işdə gedişatın belə olması peşəkalığa ziddir…

- İntizam məsələlərinə dair xeyli şikayətin olması… Mixneviçin Mahirin yatıb məşqə gecikməsi barədə sözləri isə…

- Mahir orada çox məşhurlaşmışdı. İlk dönəmdə ünsiyyət/kommunikativ keyfiyyətlər ona rəğbəti artırdı. O,  həm media ulduzu oldu, həm qolları ilə “Legiya” fanatları üçün “MaHEROwski”yə çevrildi. Lakin açıqlamalarının bir neçəsində “Legiya” mənimçün bir tramplindir” ifadəsi də işlətdi – təbii ki, bu yanaşma ilə o, nə qədər səmimi görünsə də fanatları özündən soyudacaqdı…  Mahir hətta parlamasında əməyi olan Qurban Qurbanovun adını çəksə də, yetişməsində danılmaz əməyi olan “Bakı”dan heç vaxt bəhs etmədi. Bu kimi irili-xırdalı hallar Mahirin peşəkar idmançı karyerası haqda anlayışınının geniş miqyasda olmadığını göstərdi. Bu erudisiya ilə böyük meydan və aşırı diqqət qarşılığında “tab gətirmək” mümkün olmadı və budur.. eniş, deqradasiya özünü büruzə verdi. Mahir indi blef dolu açıqlamalarından başqa heç nə ilə yadda qalmır. “Ən böyük arzum “Qalatasaray”da oynamaqdır” – deyən hərdəmxəyalın  “Legiya” ilə müqaviləsi, azarkeşləriylə buz kimi münasibəti, klubla isə dərin böhrana düçar olan münasibəti qalıb ortada…

Mahir olanların fərqindədirsə, peşəkarlığın vacibliyinə dair ciddi söhbətlər etməli, məsləhətlər almalı və qarşıda bu yöndə əhəmiyyətli addımlar atmalıdır. Nə qədər ki qatar ötüb keçməyib…

Elçin Cəlilov


oxunma sayı: 792 | Paylaş:




?>