')

Bu gün:


FutbolPress.Az | Fabio Luis Ramim: “Azərbaycan Premyer Liqasında minimum 16 komanda olmalıdı” (MÜSAHİBƏ)

Fabio Luis Ramim: “Azərbaycan Premyer Liqasında minimum 16 komanda olmalıdı” (MÜSAHİBƏ)


oxunma sayı: 1155 Paylaş:

FutbolPressAzərbaycanda “MKT Araz”, “Olimpik” və “Bakı” kimi klubların formasını geyinmiş, milli komandanın üzvü olmuş Fabio Luis Ramimin “FutbolPress”ə müsahibəsi...

- Fabio, səni Azərbaycandan narahat edirik. Söhbətləşmək, keçmiş günləri yada salmaq istəyirdik...
- Buyurun, narahat etmirsiz. Azərbaycandan hər kəsə, hər zaman açığam.

- Uzun müddət ölkəmizdə futbol oynadıqdan sonra indi harda yaşayırsan?
- Braziliyadayam. Doğma şəhərim San Paoloda, San Xose do Rio Predoda yaşayıram.

- Futbolçu karyeranı başa vurduqdan sonra nə ilə məşğul olursan?
- Universitetdə fiziki hazırlıq üzrə təhsil aldım. Bundan sonra məşqçi işləmək üçün lisenziyaya sahibləndim. Artıq 7 ildi, məşqçiliklə məşğulam. Futbolçuların inkişafı üzrə akademiyam var.

- Sosial şəbəkə paylaşımlarından ölkəmizi unutmadığın görünür. Vətən müharibəsi dövründə dəstək olmuşdun, hətta komandan künc zərbəsindən ölkəmizdə məşhur olan stildə qol da vurub. Azərbaycanı necə xatırlayırsan?
- Çox yaxşı xatırlayıram. Burda, Braziliyada futbolun növbəti bir adi üzvü olardım. Braziliya futbolu uğurlarla zəngindi. Burda çoxlu yaxşı futbolçu və çoxlu yaxşı məşqçi var. Braziliya futbolu çox böyükdü. Fabio Braziliya futbolunda adi bir futbolçu olardı. Azərbaycanda isə fərqli idi, orda mən çox uğurlu oldum, seçildim, sevildim. Eyni zamanda mən ölkənizi, ölkənizin insanlarını çox sevdim. Mən orda təxminən 8 il yaşadım və insanlardan həmişə böyük hörmət gördüm. Azərbaycanda çoxlu dostlar qazanmışam. Orda hər şey mənim ürəyimcə idi. Azərbaycan da vətənimdi.

- Beləliklə, həyatının və karyeranın ən yaxşı zamanlarını burda keçirdiyini deyə bilərik?
- Əlbəttə.

- Burdakı insanlarla əlaqələrin qalır?
- Bəli. Bəzən Saşa Yunisoğlu ilə danışıram. Çox zaman feysbuk və instaqramdan klubların paylaşımlarını izləyirəm. Ümumiyyətlı, tez-tez dostlarımla bağlı yaxşı xatirələrimi yada salıram. “Olimpik”də oynayanda Junivan Suares, Usim Nduka, Draqan Mandiç, Elvin Əliyev həm birlikdə oynamaq, həm də yaşamaq üçün gözəl insanlar idi. Bakıda oynadığım 4 il ərzində İsə Şkuliç, Fernando, Jaba, Juninyo, Borets, Savinov kimi futbolçularla əla münasibətim var idi. Həm meydanda, həm də kənarda belə idi. Buna görə də böyük uğurlar qazanırdıq.

- Oyunlara baxmaq imkanın olur?
- Həm Azərbaycan milli komandasını, həm də Premyer Liqanı mütəmadi izləyirəm. Tam olaraq oyunlara baxmağa vaxtım olmur, amma icmallara baxıram.

- Deməli, xəbərin var ki, Premyer Liqada cəmi 8 komanda yarışır, milli komanda isə DÇ-2022-nin seçmə mərhələsində 1 xalla sonuncu oldu...
- Düşünürəm ki, Azərbaycanda uşaq futboluna ciddi yatırımlar edilməlidi. Gənclərin inkişaf etməsi diqqətdə saxlanılmalıdı. Özü də bu proses yalnız Bakıda deyil, bütün ölkə üzrə regionlarda da aparılmalıdı. Belədə, futbolun coğrafiyası genişlənəcək, bu idman növünə maraq çoxalacaq. Bəli, əsas çempionatda cəmi 8 komandanın yarışmasından xəbərdaram. Bu, çox pisdi. Məncə, minimum 16 komanda olmalıdı. Mənim Azərbaycanda oynadığım ilk vaxtlarda say məhz bu qədər idi. Sonradan 14-ə düşmüşdü. İndi isə lap azdı. Düşünürəm ki, AFFA və müxtəlif şirkətlər bu vəziyyətdə futbola daha çox investisiya yatırmalıdı. Əgər bu baş verməsə, vəziyyəti dəyişmək çətin olacaq. O ki qaldı milli komandaya, fikrimcə, Azərbaycanda yaxşı futbolçular var. Nəticələrin belə olmasına təəssüflənirəm.

- “MKT Araz”, “Olimpik” və “Bakı”nın formasını geyinmisən. İndi həmin klubların heç biri yoxdu. Hətta “Bakı”nın bazası da sökülüb...
- Buna görə pis oluram. Xüsusilə, Bakının dağılması təsir edir. “Bakı” böyük komanda idi. Orda bir kluba lazım olan hər şey var idi. Futbolçular üçün bütün şərait yaradılmışdı. Biz iki dəfə ölkə kubokunu qazandıq, çempion olduq. Belə klubun indi mövcud olmaması ölkə futbolu üçün mənfi haldı.

- Azərbaycana ilk gəlişin İmişliyə, “MKT Araz”a olmuşdu...
- Çox yaxşı yadımdadı. İmişlidə təxminən 2 il yaşadım. Oranın indi necə olduğunu bilmirəm, o zaman çox balaca yer idi. İnsanları çox sadə, canayaxın idi. Çox gözəl zamanlardı. Xatırlayıram ki, həmin vaxtlar Azərbaycanda Braziliya serialı “Klon” çox məşhur idi. İnsanlar məni və komandanın digər braziliyalı futbolçusu Tomaş Mavrilyonu görəndə bizə baxır və “braziliyalılar, braziliyalılar” deyirdilər (gülür). Çox əyləncəli, maraqlı zamanlar idi.

- Azərbaycan millisinə cəlb olunmağın necə baş verdi?
- Berti Foqts millinin baş məşqçisi təyin olunandan sonra komandanı gücləndirəcək futbolçular axtarmağa başladı. Bu məqsədlə bütün komandaların məşq və oyunlarını izləyidi. Bundan sonra o, məni seçdi. İnanırdı ki, yığmanın inkişafında faydam olacaq. Mənə Azərbaycanda həm də Ramin deyirdilər. Ailəm isə Türkiyədəndi. Düşünürəm ki, bunun da vətəndaşlıq almağımda rolu oldu. Bundan başqa, həmin zaman artıq 5 ilə yaxın idi, Azərbaycanda yaşayırdım. Bundan sonra milli komandanın formasını geyindim. Azərbaycan yığması üçün bütün ürəklə oynayırdım. Qəlbimdə indi də azərbaycanlıyam.

- Azərbaycanda keçirdiyin hansı oyunlar sənin üçün unudulmazdı?
- “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”ə qarşı əksər oyunlar böyük matçlar idi. Milli komandada isə keçirdiyim bütün matçlar mənim üçün xüsusidi.

- “Bakı”nın prezidenti Hafiz Məmmədovu xatırlayırsan?
- Əlbəttə. O, mənimlə çox mehriban idi.

- Onda sənə pis xəbərim var, həbs olunub...
- Aman tanrım! Doğrudan? Nəyə görə həbs olunub?

- Vergi borclarına görə...
- İnanılmazdı.

- Xatirində necə qalıb?
- Həmişə mənə qarşı çox gözəl davranıb. Özümlə, ailəmlə, uşağımla münasibətdə çox məzakətli idi. Onun həmişə güldüyünü xatırlayıram. Hətta biz məğlub olanda da paltardəyişmə otağına əsəbi gəlməz, qışqıraraq danışmazdı. Xüsusilə mənə qarşı böyük hörmətini hiss edirdim. Hafiz Məmmədovla bağlı yalnız yaxşı xatirələrim var. Çox konkret insan idi. Nə deyirdisə, onu edirdi. Bu, mənim üçün çox pis xəbərdi.

- Hafiz Məmmədov əvvəlcə müflis oldu, indi isə həbsdədi. Azərbaycan futboluna böyük yatırımlar edən şəxsə qarşı haqsızlıq edildiyini düşünmürsən?
- Bunun ədalətli, yoxsa ədalətsiz olduğunu deyə bilmərəm. Xüsusilə, son baş verənlərdən xəbərdar deyiləm. Braziliyada yaşayıram, bu barədə heç nə eşitməmişəm.

- Azərbaycanda oynadığın zamanlar ölkəmizin futbolunda böyük pullar var idi. Burda yaxşı qazandın?
- Kifayət qədər qazancım oldu. Ev, maşın aldım, biznesimi qurdum. Bu, böyük pul deyildi, ancaq komfortlu yaşamaq üçün kifayət edirdi. Düşünürəm ki, mənim üçün yaxşı idi.

- Ölkəmizlə bağlı ən çox nə üçün darıxırsan?
- Ən çox keçirdiyim oyunlar üçün. Azərbaycan Premyer Liqası, kubok oyunları Çempionlar Liqası və Avropa Liqasının seçmə mərhələ oyunları – bunlar çox gözəl idi. Eyni zamanda Azərbaycan millisini beynəlxalq oyunlarda təmsil edirdim. Gözəl səfərlərimiz olurdu. Mən futbol adamıyam. Meydanda, mübarizənin içində olmaq istəyirəm. Ona görə də həmin hissləri unutmağım mümkün deyil.

- Yenidən Azərbaycana gəlməyi düşünürsən?
- Bəli. Gələcəkdə Bakıya gəlməyi çox istəyirəm. Mən yaxşı məşqçi olmaq üçün çox oxuyur və çox çalışıram. Məqsədim Azərbaycanda bir komandanın baş məşqçisi olmaqdı. İnanıram ki, belə bir şansım, fürsətim olacaq.

Faiq Tahirov


oxunma sayı: 1155 | Paylaş:




?>