')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyev: “Mövsümün ikinci yarısında “Qarabağ”ın asan oyunlarının sayı az olacaq” (MÜSAHİBƏ)

Şahin Diniyev: “Mövsümün ikinci yarısında “Qarabağ”ın asan oyunlarının sayı az olacaq” (MÜSAHİBƏ)


oxunma sayı: 899 Paylaş:

FutbolPressAFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin “FutbolPress”ə müsahibəsi...

- Məşqçilər Komitəsinin üzvü kimi Antalyada olduz və klubların təlim-məşq toplanışını yerində izlədiz. Səfərinizdən danışardız...
- Yanvarın 15-dən 22-nə qədər Məşqçilər Komitəsinin adından Əsgər Abdullayevlə birgə Antalyada olduq. Məqsəd orda toplanış keçən klublarda gedən prosesləri və əsasə millidə oynayan futbolçuların performansını izləmək idi. Məşqlər, oyun prosesinə baxdıq. Antalyada 7 oyun izlədik. Bunlardan 2-si “Qarabağ”ın idi, digər 5 matç digər klubların iştirakı ilə keçirilənlər oldu. Eyni zamanda məşqlərə baxdıq. Ümumən məhsuldar səfər oldu, istirahət məqsədi daşımırdı. 7 gün ərzində oyunlar, məşqlər izləmək, iki görüş keçirmək bunu göstərir. Martda milli komandanın Millətlər Liqası öncəsi toplanışı olacaq. İndiki hazırlıq həmin zaman üçün də əhəmiyyətli idi. Millinin oyunçularını izlədik, yüklənmələrə reaksiyalarını gördük, qeydlərimizi etdik.

- İki görüş Murad Musayev və Aleksey Baqa ilə oldu...
- Bəli. Premyer Liqaya yeni gələn iki məşqçi ilə fikir mübadiləsi apardıq. Buna qədər bütün Premyer Liqa klublarının prezidentləri, əsas və əvəzedici komandalarının baş məşqçiləri ilə görüşmüşdük. Sadəcə, “Sabah” və “Sumqayıt”a yeni baş məşqçi təyin olunub. Murad Musayev və Aleksey Baqa ilə fikir mübadiləsi aparmaq vacib idi. Azərbaycan futboluna baxışlarını, hansı problem və üstünlükləri gördüklərini öyrənmək istəyirdik. Sizin vasitənizlə “Sumqayıt”ın rəhbərliyi və əsas da mətbuat katibinə, eyni zamanda “Sabah” rəhbərliyi və xüsusən mətbuat xidmətinin rəhbərinə təşəkkürümü bildirmək istəyirəm. Bizə baş məşqçilərlə görüşmək şəraiti yaratdılar. Yarım saat, 40 dəqiqə faydalı söhbətimiz oldu. Məşqçilər Komitəsi adından Azərbaycan futbolu naminə onlara uğurlar arzuladıq, yanlarında olduğumuzu bildirdik.

- Əcnəbi mütəxəssislərlə görüş sizdə hansı təəssüratı yaratdı?
- Həm öz adımdan, həm də Əsgər Abdullayevin adından deyirəm ki, çox pozitiv fikirlər yarandı. Onların düşüncələri xoşumuza gəldi. Hər ikisində işləmək, ölkə futboluna və klublara yardım etmək istəyi gördüm. Baxmayaraq ki, komandaları hazırda elə də yüksək sıralarda deyil, amma baş məşqçilər pozitivdilər, inanırlar. Onlar həqiqətən Azərbaycan futboluna klub vasitəsilə faydalı olmağa çalışırlar. İşləməyə həvəsli mütəxəssislərdi, bura vaxt keçirməyə və ya hər hansı başqa niyyətlə gəlməyiblər.

- Musayev və Baqa ölkə futbolu ilə bağlı hansı məqamları xüsusi qeyd etdilər?
- Hərəsi müxtəlif məqamları qabartdı. Azərbaycanda futbolçu potensialının olduğunu söylədilər. Eyni zamanda ölkəmizin iqlim şəraitinin əlverişliliyi xüsusi qeyd olundu. Həqiqətən, 12 ay ərzində yaxşı hazırlıq keçmək mümkündü. Limit barədə fikirlərini bildirdilər. Daha çox yaxşı şeylərdən danışdıq, potensiallı gənclərin olduğu qeyd edildi, adları da çəkildi. Pozitiv məqamlar çox idi, nəinki neqativ. Mən hər bir şeyi demək istəmirəm, bizim hesabatımızda hamısı qeyd olunacaq.

- Klubların Antalya toplanışının təşkilatçılığı hansı səviyyədə idi?
- Gördüklərimə əsasən, çox yüksək səviyyədədi. Komandalar gündə iki dəfə məşq edirdilər. Toplanış yükləmələr üçün yaxşı şərait yaradırdı. Havanın yaxşı keçməsi də klublara bu imkanları yaradırdı.

- Ölkə xaricində toplanışda əsas məqsəd yaxşı rəqiblərlə yoxlama oyunları keçirməkdi. Rəqiblər kifayət qədər güclü idimi?
- Düşünürəm ki, bəli. Bütün rəqiblər güclü, sayılıb-seçilən komandalar idi. Bu da çox əhəmiyyətlidi, oyun planında hansı problemlərin olduğunu göstərir. Komanda güclüyə qarşı tam başqa futbol oynayır. Bu, yerli futboldan fərqlidi, çatışmazlıqları üzə çıxarır.

- Antalyada müşahidə etdiklərinizdən sonra mövsümün ikinci yarısından gözləntiləriniz nələrdi?
- 6 komandanı izlədik, bu da çempionatın böyük hissəsidi. Gördüklərim belə fikir yaratdı ki, biz ikinci yarıda daha maraqlı, dinamik, sürətli, taktiki fərqliliyin olduğu qarşılaşmalar izləyəcəyik. Atletik futbola üstünlük verən komandalar olacaq. Əvvəl mütəxəssislərin çoxu komandada oxşar sistem tətbiq edirdi. İndi Murad Musayev və Aleksey Baqanın fərqli futbol oynadacağını düşünürəm. Müxtəlif sistemlərin futbolu olacaq və bu da çempionata və mübarizəyə rəngarənglik qatacaq.

- “Keşlə” və “Səbail” ölkə daxilində hazırlıq keçdi. Bu məqam onları rəqiblərindən çox geri salmayacaq ki?
- Burda qalan klublarımız Məşqçilər Komitəsinin diqqətindən qaçmayıb. Bilirsiz ki, pandemiya dönəmində yaşı 60-dan yuxarı olan şəxslər risk qrupunu təşkil edir. Buna görə də Ağasəlim Mircavadovla Vaqif Sadıqov ölkə daxilində qalmışdı. Onlar “Səbail”lə “Keşlə”ni yaxından izlədilər, yoxlama oyunlarına baxdılar. Ordakı təlim-məşq toplanışı ilə burdakı tamailə fərqlidi. Əsas məsələ də yoxlama oyunlarındakı rəqiblərdi. Həm funksional hazırlıq, həm də rəqiblərin kimliyi komandaların oyununa böyük təsir edən qüvvədi. Bu baxımdan istərdik ki, “Keşlə” və “Səbail” də ölkə xaricində hazırlaşsın. Maliyyə imkanları baxımından alınmayıb. Düşünürəm ki, fərq olacaq. Bu, qaçılmazdı. Ordakı həm oyunlar, həm şərait, həm rejim, həm yükləmələr fərqin yaranmasına səbəb olur.

- “Neftçi” qış fasiləsinin ən aktiv klubu oldu və heyətdəki problemləri böyük ölçüdə həll etdi. Sizcə, “ağ-qaralar” ikinci yarıda “Qarabağ”a rəqabət göstərə biləcək?
- Bir az qarışıq məsələdi. “Qarabağ”da oturuşmuş heyət var. “Neftçi”də isə uyğunlaşma üçün vaxt lazım olacaq. “Qarabağ” dəqiq transferlər edən klubdu, onlara daha asandı. Oturuşmuş heyət oturuşmuş oyun deməkdi. “Neftçi”yə bir qədər çətin olaacaq. Zaman lazım olacaq. “Neftçi” güclənə bilər, amma deyək ki, 10 gün ərzində bunu meydanda əks etdirmək çətin olacaq.

- Belə çıxır ki, hər hansı komandanın mövsümün ilk yarısında fərq yaradan “Qarabağ”a çata bilməyəcəyini demək olar...
- Belə də demək olar. Amma digər 5 komanda da güclənmək yönündə addımlar atıb. İlk iki dövrədəkindən fərqli olaraq, fasilədən sonra “Qarabağ”ın asan oyunlarının sayı az olacaq.

Faiq Tahirov


oxunma sayı: 899 | Paylaş:




?>