')

Bu gün:


FutbolPress.Az | “Prezident dəqiq ifadə edib – flaqman “Qarabağ”dır” – Ağasəlim Mircavadov

“Prezident dəqiq ifadə edib – flaqman “Qarabağ”dır” – Ağasəlim Mircavadov


oxunma sayı: 1892 Paylaş:

FutbolPressAvropa Konfrans Liqasında qrup mərhələsini adlayan “Qarabağ” Azərbaycan futbolu üçün növbəti ilkə nail olub. Ölkə başçısı İlham Əliyev bu münasibətlə komandanı qəbul edib. Görüşdə maraqla müzakirə edilən ifadələr işlədilib. Onlardan biri də prezidentin dediyi – “Qarabağ” Azərbaycan futbolunun flaqman komandasıdır” ifadəsidi.
 
Uzun illərdir həm cəmiyyətdə, həm mətbuatda bu adla “Neftçi” çağırılıb. Hətta “ağ-qaralar”ın ləqəblərindən biri də məhz flaqman idi.
 
“Neftçi”də oynamış və baş məşqçi olmuş Ağasəlim Mircavadovla mövzu ətrafında söhbətləşdik. 
 
- Ağasəlim müəllim, artıq flaqman “Qarabağ”dır?
- Son illər Azərbaycan futbolunu Avropada “Qarabağ” təmsil edir. Deməli, belədir.
 
- Görəsən prezident bu ifadəni niyə işlətdi?
- Bu, ciddi işarədir. Prezident tam haqlıdır. Mən “Neftçi”də oynamışam, baş məşqçi olmuşam, bir sözlə, “Neftçi”də doğulmuşam, amma reallığı görmək lazımdır, bu gün “Qarabağ” nəinki “Neftçi”dən güclüdür, Azərbaycan futbolunun xilaskarıdır. “Neftçi” əsasən SSRİ dövründə Azərbaycanı təmsil etdiyi üçün flaqman adlandırılırdı, ancaq müstəqillik dövründə qitəmiqyaslı yarışlarda “Qarabağ”ın uğurları bütün ölkə futbolunun nailiyyətlərini üstələyir. Flaqman belə olur.
 
- Bəs niyə “Neftçi” bu rəqabətdə uduzur?
- Bilirsiz, yenə qayıdırıq eyni problemə - ölkə çempionatında komanda sayı artmalıdır.
 
- Düşünmürəm ki, komanda sayı çox olsa, yaxşı olacaq...
- Yox, tək bunu demirəm, 2008/09-cu illər yadınızdadır? Çempionluğa 5-6 komanda rəqabət aparırdı. Oyunların sürəti, keyfiyyəti hansı səviyyədə idi...
 
- Bu gün də rəqabət zəif deyil. Komanda sayının çox olması sırf futbolçu yetişməsi baxımından faydalı ola bilər, amma o da inandırıcı deyil. Çünki uşaq futboluna yatırıma ciddi yanaşan klub lap azdır. Sizin fkrinizcə, “Neftçi” flaqman statusunu nədə uduzdu?
- Bilirsiz, “Qarabağ” mövsüm ərzində cəmi 2-3 oyunda Avropada oynadığı kimi oynayır. Qalan oyunlardan çox rahat qələbə qazanır. Bu komanda çox güclüdür. Onlarla rəqabətə girə bilən komandamız yoxdur, meydanda təkdir. Bu da əslində yaxşı hal deyil. Avropada daha da irəliləməkçün təcrübə çatmır, bu da sırf bizim çempionatın zəif olmasından doğur. Azərbaycan çempionatını xilas eləmək lazımdır. Heç olmasa, “Qarabağ”la rəqabət apara biləcək 2-3 komanda formalaşdırmaq vacibdir.
 
- Nəvaxtadək belə davam edər?
- “Neftçi” flaqman adını geri qaytarmalıdır. Bunun üçün əvvəlcə klubu daxildən düzəltmək gərəkdir. Tez-tez dəyişiklik yox, az, amma ciddi dəyişikliklər edilməlidir.

Elçin Cəlilov


oxunma sayı: 1892 | Paylaş:




?>