')

Bu gün:


FutbolPress.Az | Ağasəlim Mircavadov: “Milli “Qarabağ”ın sistemi ilə oynamalıdı” (MÜSAHİBƏ)

Ağasəlim Mircavadov: “Milli “Qarabağ”ın sistemi ilə oynamalıdı” (MÜSAHİBƏ)


oxunma sayı: 1836 Paylaş:

FutbolPressFutbol mütəxəssisi Ağasəlim Mircavadovun “FutbolPress”ə müsahibəsi...

- AFFA İcraiyyə Komitəsi millinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətini artırdı. Buna münasibətiniz necə oldu?
- Müqavilə uzadılanda adətən bunun bir əsası olur. Bildiyimə görə, milli komandaların baş məşqçiləri ilə müqavilə bağlananda heç birinin qarşısında konkret tələb qoyulmamışdı ki, filan qədər xal yığılacaq, filan yer tutulacaq. Onlardan tələb olunan komanda formalaşdırmaq idi. İndi isə De Byazinin qarşısında konkret şərt – Millətlər Liqasında pley-offa çıxmaq tələbi qoyulub. Bu, vacib amildi.

- Bacaracaq?
- Baş məşqçi dəvət olunanda onun nə xeyir verməsi müəyyənləşdirilməlidi. Biz istəyirik ki, gələn əcnəbi burda iz qoysun, Azərbaycan futbolunda inqilab eləsin. Komanda seçmə mərhələdə 1 xal yığıb. Bu, göstərici deyil. Etiraf etməliyik. İcraiyyə Komitəsi yenə ona güvəndi və qarşısına konkret tapşırıq qoyuldu.

- İcraiyyə Komitəsinin fikri, qərarı bəllidi. Bir mütəxəssis kimi, siz nə düşünürsüz?
- İcraiyyə Komitəsində çox hörmətli adamlar var. Əgər onlar saxlayıblarsa, bizim nəsə deməyimiz artıqdı. Bu qərara hörmətlə yanaşmalıyıq.

- Məsələnin futbol tərəfini nəzərdə tuturam...
- Mən futbol adamıyam, siyasətdən danışmıram, çünki başım çıxmır. Mənim üçün birinci amil komandanın oyunu, taksikasıdı. Oyun varsa, xal gələcək.

- Nə oyun, nə də xal yoxdusa...
- Söhbət ondan gedir. Mənə oyun lazımdı. Əksər uşaqlar “Qarabağ”ın oyunçularıdı. Onlar yığmaya layiq olduqları üçün. Amma “Qarabağ” başqa sistem oynayır, milli başqa. Biz sonuncu dəfə De Byazi ilə danışanda dedik ki, “Qarabağ”la sistemin fərqlidi. O bildirdi ki, söhbət 5-li, 4-lüdən getmir, “Qarabağ” futbolçuları bu oyunu bilirlər, problem yoxdu.

- Baş məşqçinin qarşısına pley-off tələbi qoyulubsa, nəticə oyundan daha vacib deyil?
- Oyun olmayan yerdə nəticə necə ola bilər? 1 matçda qalib gələrsən, o da təsadüfən. Milli “Qarabağ”ın sistemi ilə oynamalıdı. Bu komanda Avropada öz qrupunda ən güclüdü. Baxımlı futbol oynayır, topa sahib olur. De Byazinin nə fikirləşdiyini, nə edəcəyini bilmirəm, ancaq o bu qərara gəlməlidi ki, qələbə üçün sistem, yaxşı oyun modeli qursun.

- Son zamanlar ciddi yerli-əcnəbi mütəxəssis polemikaları gedirdi. Sizin gənc yerli çalışdırıcılarla bağlı fikirləriniz çox tənqid olundu. Hələ də millidə işləməyin onlar üçün çox tez olduğu fikrində qalırsız?
- Ümumiyyətlə, bizim fikrimiz belə idi ki, yığmada ancaq Qurban Qurbanov olmalıdı. Mənim müsahibələrimə baxa bilərsiz. 1993-cü ildə federasiya yarananda da fikrimi demişdim ki, yığmada yalnız yerli məşqçi işləməlidi. Çünki futbolçuları tanıyır, psixologiyaya bələddi. O vaxt istənilən şərait yox idi, indi, şükür Allaha, hər şey var. Gənc məşqçilərin hamısı çox xoşuma gəlir. Ancaq inkişaf eləməli, yığmaya hazır vəziyyətdə gəlməlidilər. Cavan məşqçidi, Allah eləməsin, gələr, uğursuz olar, bildiyini də itirər. İstəmirəm ki, onlar tez bir zamanda əzilsinlər. Vaxt hər şeyi qaydaya salacaq. Bir də ki, biz cavan deyirik, amma hamısının minimum 36-37 yaşı var. Elə məqamdadılar ki, klublarında öz sözlərini deməlidilər. Uzağa getməyək, Qurban Qurbanov tədricən bu səviyyəyə qədər gəlib çıxdı. Mən bunu deyirəm. Təcrübə böyük şeydi. Məşqçilər əvvəlcə klubda bişməlidi.

- Yəni yerli mütəxəssislər arasında Qurban Qurbanovdan başqa layiqli namizəd yoxdu...
- Var. Niyə yoxdu? Orta, yaşlı, nəsili unutmaq olmaz. Onlardan yararlanmaq lazımdı. Komanda sayı azdı, orta nəsil kənarda qalıb. Əgər onlar da işləsəydi, biz çempionatda başqa səviyyədə gərginlik görərdik. Məşqçi var, cavanlar işləyir, orta yaşlılar kənarda qalıb. Şahin Diniyev “Kəpəz”də çətin vəziyyətdə komandanı Avropaya çıxardı, mərhələ də keçdi. O, bunu öz təcrübəsi hesabına etdi. Cavanların da işləmək vaxtıdı. Harda? – Klublarında.

- Bəlkə, orta, yaşlı məşqçilər futbolda yeniliklərə bələd olmadıqları üçün kənarda qalıb?
- Xeyr. Ümumiyyətlə, həmişə axtarmaq, öyrənmək lazımdı. Mən də tez-tez köhnə kağızlarımı qaldırıram, baxıram. Gənc məşqçilərin də hamısına can sağlığı, uğurlar arzulayıram. Necə mümkündüsə, kömək etməyə hazıram.

Faiq Tahirov


oxunma sayı: 1836 | Paylaş:




?>