')

Bu gün:


FutbolPress.Az | “Ehtiyac yaranarsa, AİJF prezidentliyindən istefa verə bilərəm” (MÜSAHİBƏ)

“Ehtiyac yaranarsa, AİJF prezidentliyindən istefa verə bilərəm” (MÜSAHİBƏ)


oxunma sayı: 966 Paylaş:

FutbolPressGənclər və İdman Nazirliyi Mətbuat xidmətinin yeni rəhbəri, Əməkdar jurnalist Qabil Mehdiyevin “Futbolpress”ə müsahibəsi...

- Əvvəlcə istərdik, yeni posta təyinatınızla bağlı hisslərinizi, fikirlərinizi bölüşəsiniz...
- Hisslərim, əlbəttə pozitivdir. Gənclər və İdman Nazirliyi mənim üçün doğma təşkilatdır. Əmək fəaliyyətimin böyük əksəriyyəti bu qurumun rəsmi orqanı olan “İdman” qəzetində keçib. Bundan sonra isə fəaliyyətimə doğma nazirliyimdə davam edəcəyəm. Məsuliyyətimin nə qədər artdığını ifadə etməyə ehtiyac yoxdur. Ölkədə iki böyük sahəyə - gənclər siyasətinə və idmana məsul bir nazirliyin media siyasətinə cavabdehlik böyük məsuliyyətdi. Çalışacağam ki, işimin öhdəsindən layiqincə gəlim.

- Uzun illərdi nazirliyin əməkdaşısınız, son zamanlar isə mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirdiniz və artıq bu təyinat rəsmiləşdi. Yeni işinizdə ilkin planlarınız nələrdir?
- Mən uzun illərdir, bu strukturda çalışıram. 24 illdir, idman mətbuatındayam. Bunun 22 ilini Gənclər və İdman nazirliyin rəsmi orqanı olan “İdman” qəzetinin baş redaktoru olaraq çalışmışam. Düzdür, bir müddət öncə, hazırkı vəzifəmin icrası mənə həvalə edilmişdi. Lakin bu təyinatdan sonra nazirliyin rəsmi olaraq, media siyasətinə məsul olacağam. Göstərilən etimada görə nazir Fərid Qayıbova minnətdaram. Bundan sonra tam gücümlə, bütün enerjimi bu işə sərf edəcəyəm.

- İstərdik, nazirliyin mətbuatla mövcud qarşılıqlı əlaqələrini təhlil edəsiniz. Kommunikasiya istənilən səviyyədədirmi?
- Bildiyiniz kimi, mən bundan öncə də, rəsmi olmasa da, bu vəzifəni icra etmişəm. Bu müddətdə həm idman mediası ilə, həm də gənclər siyasətini işıqlandıran KİV nümayəndələri ilə normal əlaqələrim yaranıb. Fikrimcə, kommunikasiya normal səviyyədədir. Hər iki sahə üzrə həmkarlarla daimi əlaqələr var. İstənilən jurnalist mənimlə əlaqə saxlayıb, istədiyi suala cavabı ala bilir. İnformasiyanın mediaya ötürülməsində də heç bir problemimiz yoxdur. İnanıram ki, bu günədək fəaliyyətimizdən narazı qalan jurnalist yoxdur və bundan sonra da çalışacağıq ki, olmasın. Mən mətbuat katibi olaraq, medianın fəaliyyətimizi işıqlandırması üçün vəzifəmi layiqincə yerinə yetirməyə çalışıram. Eyni zamanda, özümü həm də medianın nazirlikdəki nümayəndəsi hesab edirəm və jurnalist həmkarlarımın müraciətlərini operativ cavablandırmaq üçün əlimdən gələni edirəm

- Hansı çatışmazlıqları görürsünüz və bunları aradan qaldırmaq üçün hansı ideyalarınız var?
- Әslində Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsindən sonra nazirliyin fəaliyyətində bir sıra yeniliklərin əsası qoyuldu. Bu sırada media siyasətində də dəyişikliklərə start verildi. Nazirliyin sosial səhifələrində, xüsusən də feysbuk və instaqramda qısa müddətdə fəallığa nail olunub. Lakin rəsmi saytımız istədiyimiz səviyyədə deyil. Daha əhatəli və rahat bir veb-səhifənin hazırlanması üzərində iş gedir. İnanıram ki, tezliklə o məsələ də həllini tapacaq.

- Fərid Qayıbovun nazir təyin edilməsindən sonra idman sahəsində bir “islahat dalğası” başlayıb. Nazirliyin mətbuatla bağlı siyasətində də bunu gözləmək olarmı?
- Cənab prezident İlham Əliyevin nazir Fərid Qayıbovu videokonfrans formatında qəbulu zamanı tapşırıq və tövsiyələrini hər kəs gördu və eşitdi. İnkişaf və uğur üçün islahatlar zəruridir. Yəqin ki, bundan sonra islahatlar davamlı olacaq. Ehtiyac yarandıqca yeni kadrların xidmətindən də istifadə olunacaq. Media siyasətində də bəzi yeniliklər olacağı istisna deyil.

- Ümumiyyətlə, yeni mətbuat xidməti rəhbəri Qabil Mehdiyev fərqli nələr edəcək?
- Əsas məqsəd, ictimaiyyətlə əlaqələrin şəffaf və dinamik olmasıdır. Kommunikasiya strategiyası təkcə bizim nazirlikdə deyil, bütün ölkədə yeni mərhələyə qədəm qoyur. Digər tərəfdən müasir media vasitələri inkişaf etdikcə, dövlət qurumları da onunla ayaqlaşmağa çalışmalıdır. Sözsüz ideyalar var, lakin yenilikləri zaman göstərəcək.

- Təyinatınız o cəhətdən də diqqəti çəkir ki, həm də Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidentisiniz. Bu qurumla bağlı işlər necə olacaq?
- Nazirlikdəki iş həqiqətən də çoxdur və günümün böyük hissəsi burada keçir. Buna görə də etiraf edim ki, AİJF-yə vaxt ayıra bilmirəm. Amma AİJF-də prezidentlik səlahiyyətimin bitməsinə də hələ iki ildən çox var. Düşünürəm ki, İdarə Heyətinin dəstəyi ilə federasiyanın işini davam etdirmək mümkündür. Lakin mənim üçün öncəlik nazirlikdəki məsuliyyətim olduğu üçün ehtiyac yaranarsa, istefa verməyim və AİJF prezidentliyinə yeni seçkinin keçirilməsi də mümkündür.

- Bu təyinatın AİJF-yə hansı təsirini gözləmək olar?
- Ümid edirəm ki, AİJF-yə müsbət təsiri olacaq. Zərəri, yalnız mənim federasiyaya vaxt ayıra bilməməyim ola bilər ki, bu halda da qeyd etdiyim kimi, təşkilatın fəaliyyətini zəiflətməmək üçün qurum özünə rəhbər seçməli olacaq. Buna isə sözsüz, AİJF İcraiyyə Komitəsi qərar verəcək.


oxunma sayı: 966 | Paylaş:




?>