')

Bu gün:


FutbolPress.Az | Milli FiasKO!

Milli FiasKO!


oxunma sayı: 856 Paylaş:

FutbolPressƏsas milli və aşağı yaş yığmaları bi həftə ərzində 10 oyun keçirdi. Nəticələr bərbardı. Bu görüşlərin 8-də uduzan millilər qələbə üzünə həsrətdi və yalnız 2 heç-heçə etmək mümkün olub.

Əsas milli göz ünündədi, daha çox müzakirə olunur, birbaşa tənqid hədəfidi. Bu yazıda aşağı yaş yığmalarını təhlil edəcəyik.

U-21

Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayan U-21 millisi öncə Xorvatiyaya, ardınca Avstriyaya uduzdu. Xorvatiya matçının ilk yarısında buraxdığı toplarla 0:2 yenilən komanda Avstriyada biabırçılıqla üzləşdi. Hər iki hissədə buraxılan 3 top yekunda 0:6 hesablı darmadağını müəyyənləşdirdi.

Milan Obradoviç 2019-cu ilin əvvəlindən U-21-in baş məşqçisisi. O, bura yığmanın nəticələrini yaxşılaşdırmaq üçün gəlib. Ancaq serbiyalının rəhbərliyi altında 15 matçda komanda 11 dəfə uduzub, 1 heç-heçə edib, 3 qələbə qazanıb. Qalibiyyətlərdən 2-si Ukrayna (biri yoldaşlıq görüşü), 1-i Lixtenşteyn üzərindədi. Lixtenşteynə məğlubiyyət kimi biabırçılıqla da üzləşən Obradoviç 3 dəfə böyük hesablı yenilgi görüb. Müqayisə üçün qeyd edək ki, ondan öncə yığmanı çalışdıran Rəşad Sadıqovun zamanında komanda bir dəfə də olsun belə məğlubiyyətlə üzləşməmişdi.

Obradoviç 2 il ərzində 50 futbolçunun xidmətindən yararlanıb. Avstriya darmadağınında iştirak edən oyunçuların, ümumiyyətlə, hazırkı milli üzvlərinin əksəriyyəti Premyer Liqa klublarında oynayır, mütəmadi elitada meydana çıxmaq şansı qazanır. Əvvəllər U-21-ə futbolçular əsasən I Diviziondan, gənclər liqalarından cəlb olunardı, bəziləri klubsuz gələrdi və s. Premyer Liqada tətbiq edilən limit onlara daha yuxarı səviyyədə oynamaq imkanı yaradıb, ancaq görünür ki, süni baş verən bu proses inkişafa səbəb olmur, nəticələr yaxşılaşmaq əvəzinə daha da pisləşir.

U-19

Serbiyada turnirdə iştirak edən 19 yaşlılar qrupda 3 oyunun 2-ni məğlubiyyətlə başa vurdu. Meydan sahiblərinə 1:2, Macarıstana 1:3 yenilən komanda Monteneqro ilə heç-heçə etdi. U-19 Serbiyada yalnız “feyr-pley” mükafatını qazana bildi.

Təxmin edin, bu komandanın baş məşqçisi kimdi? – Heç yerdə nəticə verə bilməyən, işlədiyi hər yerdə uğursuzluqla üzləşən Elxan Abdullayev. O, əsas millidə köməkçi-məşqçi kimi fəaliyyəti və daha çox “Neftçi”dəki bərbad məşqçiliyi ilə yaddaşlarda qalıb. Ancaq bu qədər uğursuzluğa baxmayaraq Abdullayev necəsə həmişə iş başındadı, gah ona ölkənin ən köklü klubu həvalə edilir, gah gələcək yığmaların sütunu olmalı olan U-19-da işləyir (Bura da U-18 millisində sərəncamında olan futbolçularla birgə keçib) və s. Abdullayev turnirdən sonra hər matçda qol vurduqlarına görə sevindiklərini və çatışmazlıqların üzərində işləyəcəklərini söyləyib. Elxan bəy öncə cavab versin ki, bu qədər ildi işləyir, ölkə futbolunda hansı çatışmazlığı aradan qaldıra bilib?

U-17

Bakıda təlim-məşq toplanışı keçən komanda türkiyəli həmyaşıdları ilə iki oyuna çıxdı. İlk görüşdə 1:4 yenilən komanda ikincidə 0:2 uduzdu.

Bu komandanı elə də böyük məşqçilik təcrübəsi olmayan Aqil Məmmədov çalışdırır. O da U-16-dan bir yaş yuxarı yığmaya keçid edib. Nəbiyevin sərəncamında ölkə daxilində çıxış edən gənc futbolçularla yanaşı 4 legioner də var. Ancaq ümumən Nəbiyevin işi və U-17-nin səviyyəsi barədə danışmaq çətindi. Azərbaycan reallığında həmin uşaqlardan neçəsinin futbolçu karyerasını davam etdirəcəyi də sual altındadı. İndiki məqamda qısa periodda nəticələr ürəkaçan deyil.

***

Bir həftə ərzində bu qədər məğlubiyyət, xüsusən aşağı yaş komandalarının ümid verməməsi daha ciddi narahatlıq səbəbi olmalıdı. AFFA əsas yığma üçün milliləşdirmələr edir, əcnəbi məşqçilər gətirir. Bu nəticələrdə süni normallaşmaya səbəb ola bilər (Əslimdə bu da olmur), ancaq davamlılıq olmayacaq. Çünki işə aşağı yaş yığmalarından başlamaq lazımdı. Onlarda isə vəziyyət biabırçıdı. Bu futbolçular məğlub psixologiyada böyüyür. Yaxın 2-3 ildə əsas yığmada oynamalı olan U-21 Avropanın ortabablarından Avstriyaya 0:6 yenilirsə, yaxın gələcək üçün hansısa pozitivlik gözləyə bilmərik.

Son bir həftədə yığma səviyyəsində qeydə alınan nəticələr fiaskodu. Azərbaycan milli futbolundakı mövcud vəziyyəti boks terminologiyası ilə ifadə etsək, təxminən nokaut vəziyyəti ilə müqayisə etmək olar.

Faiq Tahirov


oxunma sayı: 856 | Paylaş:




?>