')

Bu gün:


FutbolPress.Az | Gec qoşulma xəstəliyi

Gec qoşulma xəstəliyi


oxunma sayı: 903 Paylaş:

FutbolPressAzərbaycanlı məşqçilərin bir xeylisi geniş yaradıcılıq imkanlarına sahib olmadıqlarından uğursuzluğa gətirdikləri bəhanələr və pis nəticələr üçün əsas hesab etdikləri arqumentlər adətən oxşar olur. Bunların arasında bir məşhuru var: Gec qoşulma.

Bizim klublar adətən futbolçu transfer edəndən xeyli müddət sonra da həmin oyunçu ya meydana çıxmır, ya çox az oynayır, ya da çıxıb çox bərbad oyun göstərir. Belədə baş məşqçilər müvafiq suala cavabda deyirlər ki, gec qoşulub, hələ hazır deyil, uyğunlaşmalıdı. Birinci dövrənin sonunacan heyətin hələ yeni-yeni komplektləşdiyi söhbətləri gedir. Qış fasiləsində yenə gedənlər-gələnlər olur və yenə eyni “nəğmə” səslənir: “Vaxt lazımdı”. Türklər demiş, “bir türlü” heç bir komanda, heç bir futbolçu ideal formasına, ya da məşqçilərin təbiri ilə “maksimum”una çatmır, çata bilmir. Bəlkə, 25-ci turda-filan, ondan bir az sonra da mövsüm yekunlaşır. Baş məşqçi dad edir ki, yenicə formaya düşürdük, heyf.

Növbəti mövsümdə sirkulyasiya davam edir. Azərbaycan futbolu ilə yaxından maraqlanan hər kəs bunu mütləq müşahidə edib. Bəzən hətta elə zənn edirsən ki, yeni transfer əməliyyatları sırf baş məşqçilərin belə bəhanəsi mövcud olsun deyə, gec həyata keçirilir.

***

Millinin baş məşqçisi Canni De Byazi də deyəsən tezliklə azərbaycanlılaşıb. İtalyan çalışdırıcı Lüksemburqla oyunda (1:2) bəzi əsas heyət üzvlərinin ilk “11-lik”də yer almaması ilə bağlı suala cavabında oxşar məzmunda deyib ki, ölkə xaricində oynayan həmin futbolçular düşərgəyə gec qoşulmuşdular deyə, startda meydana buraxmadım.

Bəhanədi. Özü də çox uğursuz. Guya çox möhtəşəm sistem, düşünülmüş oyun elementləri varmış və gec gələnlərə bunları aşılamaq mümkün olmayıb.

Azərbaycan milli matçlardan əvvəl tur baş tutmayan bəlkə də yeganə ölkədi. PFL hər dəfə yığmanın oyunlarını, toplanışlarını nəzərə alacaq deyə, mövsümün təqvimini hazırlamaqda girinc qalır. Bu dəfə də yığmaya görə ötən həftə sonu çempionat matçları keçirilmədi, ilk oyuna qədər 10 günlük fasilə yarandı. De Byaziyə öncə imkan yaradıldı ki, yoxlama xarakterli toplanış keçsin. Ardınca avrokubokda mübarizə aparan “Neftçi” və “Qarabağ”ın üzləri, ölkə xaricində çıxış edənlər də komandaya qoşuldu. Bundan sonra da yığmanın tam tərkibdə hazırlaşmaq üçün kifayət qədər fürsəti olub.

Lap belə imkan olmasa da, bu, hansısa oyunçunu meydana buraxmamaq üçün əsas sayıla bilməz. Sən bu futbolçularla buna qədər də bir neçə toplanış keçə bilmisən, Millətlər Liqası kimi periodun olub və ən əsası onları daim izləyirsən/izləməlisən, indiyə çoxdan bələd olmalıydın ki, kim nə bacarır, kim hansı formadadı, hansı tapşırığı necə yerinə yetirmək iqtidarındadı və s. Digər tərəfdən, dünyanın hər tərəfində belədi, futbolçular yığmaya gec qoşulurlar, heç bir klub oyunçusunu 10 gün əvvəldən milliyə buraxmır/buraxmaz.

Sadə, yaxın bir nümunəyə baxaq: Ötən gün İrlandiyaya 2 qol vuran Kriştiano Ronaldonun başı son zamanlar transfer məsələlərinə qarışıb, oynamamaq bir yana, normal məşq etməyi də mümkün olmayıb və bəlkə də, İrlandiya ilə oyun saatına güclə çatdırıb özünü. Ancaq Fernandu Santuş onu ehtiyata atıb, sonra da bəhanə gətirmir.

Ok, deyəcəksiz ki, Kriştiano hara, Mahir, Namiq hara? Biz sizə dünən yığmamızı meydandan silən Lüksemburq millisinin start heyətində yer alan futbolçuların klublarında son oyunlarını keçirmə tarixlərini təqdim edirik:

Antoni Moris (“Yunion”) – 28.08.2021
Loren Yans (“Sparta”) – 28.08.2021
Mixael Pinto (“Sparta”) – 28.08.2021
Enes Mahmutoviç (“Lvov”) – 29.08.2021
Dirk Karlson (“Ersgebirge”) – 28.08.2021
Sebastyan Til (“Şerif”) – 28.08.2021
Kristofer Martinş (“Yanq Boyz”) – 29.08.2021
Oliver Til (“Vorskla”) – 29.08.2021
Leandro Barreyro (“Mayns”) – 28.08.2021
Dane Sinani (“Haddersfild”) – 28.08.2021
Jerson Rodriqeş (“Trua”) – 18.08.2021 (klubunu yeni dəyişib, debüt etməyib)


Göründüyü kimi, əksəriyyəti klubunda 90 dəqiqə oynayan rəqib komandanın üzvləri yığmaya ən yaxşı halda matçdan 3 gün əvvəl qoşulmaq imkanına sahib olublar. Bizimkilər isə mütləq 120 gün əvvəldən gəlib komandaya uyğunlaşmalı, o bizim görmədiyimiz sistemə düşməliymişlər. Bəlkə, bütün futbolçuları klublarından ayırıb müqaviləsinin sonuna qədər cənab Byazinin yan-yörəsinə yığmalıyıq?

Faiq Tahirov


oxunma sayı: 903 | Paylaş:




?>