')

Bu gün:


FutbolPress.Az | Sadıq Sadıqovun “sıvama bölümü”

Sadıq Sadıqovun “sıvama bölümü”


oxunma sayı: 911 Paylaş:

FutbolPressTokio – 2020-də Azərbaycan Olimpiya Komandasının çıxışı, nəticələri qənaətbəxş deyil. Əsas medal ümidləri – güləşçilərin çıxışı əsasən hələ qarşıdadır, lakin buraqədərki performans belə sərt tənqidlərə rəvac verdi.

Tənqidə ən çox məruz qalansa hamıdan çox lisenziya ilə olimpiadaya qatılmış və cəmi bir “bürünc” qazanan cüdo komandasıdır.

Azərbaycanda cüdonun ənənələri var və bu sahədə uğurlu nəticələr müntəzəm olub. Federasiyanın maliyyə imkanlarından asılı olmayaraq beynəlxalq tatamidə Azərbaycan cüdosunun ciddi yeri danılmazdır.

2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev seçildi. Bu, cüdonun inkişafı üçün maddi cəhətdən ən yaxşı imkanın açılması demək idi. Lakin geridə qalan zaman göstərdi ki, bu, cüdomuzun ciddi mənada inkişafına səbəb olmadı.

Abdulayev AJF-yə prezident seçilsə də, onun vəzifəsini vitse-prezident Sadıq Sadıqov icra edir. Ötən yazıda Sadıqov haqqında bəhs etmişdik, bu dəfə top yekun zamanıdır.

Abdullayevin yaxın qohumu olduğu üçün “Neftçi” PFK-nın prezidenti postundan ayrılandan sonra cüdoya idarəçi gətirilən Sadıqovun burdakı dönəmi də futboldakı kimi qalmaqallarla yadda qaldı. Sadəcə, fərq o idi ki, futoldakı hər fəaliyyəti yazılır, təhlil edilirdi, qeyri-futbol növləri o qədər sıx işıqlandırılmadığından cüdodakı çatışmazlıqlar geniş auditoriyaya çatdırılmırdı.

2015-ci ildə R.Abdulayevin AJF prezidenti seçilməsindən sonra ölkə cüdosu adına mühüm addım atılmışdı. Beynəlxalq Cüdo Federasiyası ilə SOCAR arasında əməkdaşlıq müqaviləsi bağlandı. Qurumun əsas sponsoruna çevrilən SOCAR bu əməkaşlığın cüdomuz üçün dividentə çevrilməsinə vəsilə oldumu?

Əgər geridə qalan müddətdə ölkə cüdosunun heyətində yeni adlara rast gəlmiriksə, deməli, aşağı yaş qruplarında iş keyifyyətli aparılmayıb. Bundan başqa, cüdo yığmasının baş məşqçi postundan qovulan Peter Zaeyzebaxer qalmaqalı barədə hər şey ört-basdır edildi, AJF-nin bu istiqamətdə yol verdiyi nöqsanlardan ibrətlik nəticələr çıxarmadığı isə özünü büruzə verdi. Yerli mütəxəssislərdən tez-tez narazılıqların eşidildiyi, bəzən problemlərin əsl mahiyyətini aşkara çıxarmağa çəkindikləri məlumdu. Cüdomuzun qalmaqallar əlindən inkişaf etməyə vaxt tapmamasının əsas baiskarı isə bütün prosesləri özünün yarıtmaz idarəçiliyində cəmləmiş Sadıq Sadıqov oldu. Onun son seçimi – ukraynalı Ruslan Maşurenkonun cüdo yığmasına baş məşqçi təyin ediməsi isə işbilməzliyin apogeyi idi.

Tokio – 2020 Azərbaycan cüdosuna güzgü tutdu və indi mətbuat daha intensiv şəkildə bu sahənin illər boyu naşı idarə edildiyinin fərqinə varmaqda, ictimaiyyəti məlumatlandırmaqdadır.

Azərbaycan cüdosunun yeganə olimpiada “bürünc”ünü legionerin (İrina Kindzerska) qazanması da Sadıqovun uğursuz idarəçiliyi üçün “arqument” olub. Belə təbiğat aparılır ki, yerli idmançıların potensialı legionerlərinkindən çox deyil və guya AJF-nin bu hakimiyyətdə apardığı biabırçı legionerləşmə siyasəti lazımlı, məcburiyyətdən atılmış addım imiş. Bunu Azərbaycan cüdosundan xəbərsiz birinə inandırmaq olar yalnız...

Cüdo komandasının pis çıxışı ətrafında tənqidlər səngimir, ancaq bunların fonunda AJF-nın atdığı ilk addım bütün komanda üzvlərinin məvacibinin azaldılması və baş məşqçi Maşurenko ilə yolların ayrılması olub. Bu, özünü təkzibdən başqa bir şey deyil. Günah idmançılardadır? Onlar yaxşı nəticə qazanmaq istəməzdilər ki? Deməli, onları hazırlayan faydasız olub. Onunsa təyinatının məsuliyyəti birbaşa AJF rəhbərliyindədir. Bu qurumun da hər mühüm və adi qərarı belə Sadıqovun hökmündədirsə, deməli, baiskar odur. Yanlış seçimləri indi bəraət kimi istifadə etməyə manevrlər edən Sadıqovun iş bilməzliyi ölkə cüdosunu xeyli geriyə salıb.

Atılan son addımlar radikal xarakter daşısa da, inkişafa, nöqsanların həllinə səbəb olacaq ümid və əsas vermir. Çünki analoji addımlar geridə qalan 7 ildə çox atılıb. Aşağı yaş qruparındakı işi ilə inam qazanmış Elçin İsmayılov da əsas komandada cüdomuzu xilas edə bilməyəcək. Burada dəyişiklik idarəçilikdən başlamalıdır...

Sadıqov son sərt qərarlarla guya vəziyyətə köklü müdaxilə etmək mesajı verir, ancaq bunlar bundan əvvəlki oxşar addımlardan – bir sözlə, “sıvama bölümü”dür. Çünki Sadıq müəllimin cüdo idarəçiliyi kifayət qədər uğursuz alındı...

Elçin Cəlilov


oxunma sayı: 911 | Paylaş:




?>