')

Bu gün:


FutbolPress.Az | Hədik aşı - replika

Hədik aşı - replika


oxunma sayı: 1029 Paylaş:

FutbolPressFutbol üzrə Azərbaycan çempionatı – Premyer Liqanın XXX mövsümü avqustun 14-də başlayacaq. Dünən püşkatma mərasimi keçirilib. Mərasimdə çempionatın təşkilinə məsul qurum olan Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev mətbuat konfransı keçirib.

Əvvələ nisbətən mediada nadir hallarda görünən Musayev suallara, əsasən, candərdi cavab verib.

- Gələcəkdə komanda sayı artırılacaq?
- Bu haqda tez-tez məndən soruşurlar. Əgər sponsor vasa, çağırın, gəlsin. Uzun müddətdi ki, bizim də sponsorumuz yoxdu. Püşkə az qalıb, gələn varsa, buyursun.


Neçə ildir ki, Musayevə analoji sual verilir, o da oxşar cavabı. Bəli, özünün də qeyd etdiyi kimi, heç rəhbərlik etdiyi PFL-in sponsoru yoxdu, klublarçün necə tapsın? Ümumiyyətlə, bu sual PFL və ya AFFA-ya niyə verilir? Bunların sponsor axtarmaq səlahiyyəti və ya öhdəliyi yoxdur ki...

“Sponsor niyə yoxdur?” - sual belə qoyula bilər və bu cür qoyulsa belə, yenə adıçəkilən qurumlar cavab verəcək obyekt deyillər. Verilsə dә, o cavabda səmimiyyət olmaz. Çünki çempionata klub sayının minimum həddə azalması uzun illərin prosesi idi və bu, ümumi sistemdən, bununla da bilavasitə adıçəkilən qurumlardan asılıdır. Təqsirkar təqsirini hansı halda etiraf edər – raskolnikovçuluqdur ki?

Azərbaycanda futbolun mövcudiyyət strukturu yanlış qurulub. Heç bir klub özünü təmin edə bilmir. Bunun səbəblərini axtarmaqçün sadə misallara baş vuraq – mətbuat da özünü təmin edə bilmir, səhiyyə də, özəl sektora aid olan çox sayda struktur həmçinin. Dotasiya, yəni büdcəmizdən bu sahələrin saxlanması üçün hazır maliyyələr ayrılır. Belədə guya çempionatda klub sayının çox olması yaxşı hal olar?  Sistematik dəyişiklik olmalıdır. Ya da dotasiya ciddi proqram əsasında ayrılmalı, peşəkar və şəffaf nəzarət olmalıdır.

- Turun oyunları daha çox həftənin sonlarında keçirilir və belədə, karantinə görə ictimai nəqliyyat işləmir. Jurnalistlər oyuna necə gedib-gələcək?
- Mənə elə gəlir ki, klub rəhbərlikləri sizin əziyyətinizə qiymət verir. Əgər nəsə olmasa, biz kömək edəcəyik.


Yaxşı görünməyən məqam. Çox yerdə konfransın sərlövhəsinə məhz bu məqam çıxarılmışdı. Mətbuat bir institut kimi məhv olub, ancaq tör-töküntüləri də zorlanır hətta...

- Bütün klublara məsləhətiniz nədi?
- Təkrar edirəm ki, onlar avrokuboklara əvvəlcədən hazırlaşmalıdı. Bir həftə qalmış oyunçu axtarmamalıdılar. Hətta buna görə də bizi günahlandırırlar. Bizim vəzifəmiz ədalətli çempionat keçirməkdi, bundan isə heç kimin şübhəsi olmasın. PFL yarandığı gündən heç bir komandaya qarşı haqsızlıq etməyib. Ümid edirəm ki, “Neftçi” və “Qarabağ” avrokuboklarda qruplara qalacaq.


Burda haqlıdır. Neçə ildir ki, avrokuboklara vəsiqə qazanan klublarımızın iddialısı-iddiasızı eyni söhbətləri işlədir: transfer problemi. Bu, ona görə problem olur ki, klubun konkret olaraq avrokubok planı çempionat planına qurban verilir. Avrokubokda hara qədər gedə bilsəm prinsipiylə hərəkət edilir. Yoxsa bir klub 6 ay əvvəldən bu mövzuya hazırlaşmaq imkanı varsa, niyə oyunlar başlayanadək, hətta sonrasında transfer problemindən əzilib-büzülərək danışsınlar. Deməli, strateji hazırlıq avrokuboklara hesablanmır.

Beləliklə, biz Musayevin konfransında hər formatda söhbət görürük. Hədik aşı kimi – tərkibində az qala, hər ərzaqdan olan bir aş kimi. Hələ ki və ya hələ də olan budu, nuş...

Elçin Cəlilov


oxunma sayı: 1029 | Paylaş:




?>