')

Bu gün:


FutbolPress.Az | Dalaverdi Ötürməzov

Dalaverdi Ötürməzov


oxunma sayı: 847 Paylaş:

FutbolPressGənc yerli məşqçilərdən – Rəşad Sadıqov, Samir Abasov, Ayxan Abbasov, Elmar Baxşıyevdən xahiş edirik, yerli futbolçulara İLK ÖYRƏDƏCƏKLƏRİ şey topu geri ötürməmək olsun. Bunu proqramlarının ən yuxarıdakı bəndində qeyd etsinlər. Bədnam Azərbaycan futbolunda fərqlənən azsaylı nümunələrdən biri də adıçəkilən gənc mütəxəssislərdi, onlardan bunu gözləyirik, təvəqqe edirik, lazım gəlsə, tələb edirik...

Əslində, futbolçunun bünövrəsi necə qoyulursa, əsasən, gələcəkdə də o üslubda oynayır, ancaq heç olmasa, inkişaf yolunda az miqdar da olsa, dəyişiklik etmək olur. Çimdik boyda dəyişikliyə macal varsa, ilk növbədə məhz  arxaya/geriyə lazımsız ötürmə mərəzini itirsinlər onların beynindən.

***

“Neftçi”nin “Olimpiakos”la oyununda gedişatı kim pozdu? Əlbəttə ki, yerli gənc perspektiv (?!) Ömər Buludov. O, rəqibin vurduğu yeganə qolda “pay sahibi” olmaqla kifayətlənməyib, qazanılan ilk və ən bariz qol şansını boşa verməklə də məharətini ortaya qoydu.

Ömərin analitik təfəkkürü ən çox o istiqamətə güc verdi ki, meydandan çıxsın. Zədələndiyinə görə əvəzlənməsini istəyən həmişəgənc əbədiperspektiv oyunçularımızdan biri meydanda olduğu az müddətdə bir neçə halsız, aciz ötürməsinin yanına ağlasığmaz geriyə pasları da sığdıra bildi.

Ömərdən sonra “ənənə” böyük canfəşanlıqla davam etdirildi. İsmayıl Zülfüqarlının geri ötürmələri göz qamaşdırırdı. İrəli asmaları isə özünü ipdən assaydı, daha yaxşı olardı.

İsmayılın bütün istedadı məhz özündən arxadakı oyunçuya paslara yetdi. Daha sonra “Neftçi”nin əvəzedici heyətində fəallardan olan Asim də meydanda geri ötürmənin necə cazibəli göründüyünü göstərdi. O da “Olimpiakos”u özünün füsunkar 2 geri ötürməsiylə aciz vəziyyətdə qoydu.

***

Bu dala ötürmələrin futbolumuzda çox qədim ənənələri var. Lakin heç də xoşagələn olmadığı üçün zaman-zaman buna qarşı tənqidlər səsləndirilib və insafən bir müddət bu eybəcər məqam gözə dəymirdi. Lakin yetişən (bir az şübhəli) nəslin içində dalaverdişünasların bol olması heç də qanağardıcı məqam deyil.  

Biz “Neftçi”dəki misallarla kifayətlənməyib digər komandalarımızdakı yerli oyunçuların əksərini də bu cərəyanın üzvü hesab edə bilərik. Ancaq cərəyanın/sektanın sıraları genişlənsə, vay halımıza. Odur ki, lap əvvəldən mütəxəssislərə səsləndik – birmənalı şəkildə savaş açın və beyinlərdən silin bu vərdişi. Geri ötürmələrin mənasız olanı futbolçunun neqativinə yazılsın. Bu mentaliteti beyinlərdən silə bilməsəniz, bir neçə ildən sonra bizimkilər əməli-başlı dal-dala oynayacaqlar...

Elçin Cəlilov


oxunma sayı: 847 | Paylaş:




?>