')

Bu gün:


FutbolPress.Az | “Sabah”ın gəncləri: gələcək etibarlı əllərdədi

“Sabah”ın gəncləri: gələcək etibarlı əllərdədi


oxunma sayı: 1404 Paylaş:

FutbolPressYarandığı, elitada oynamağa başladığı ilk vaxtlardan gənc futbolçuların inkişafına önəm verən “Sabah”da 2021/22 mövsümü də bu baxımdan məhsuldar alındı. Ümumən cavan heyətə malik olan, aşağı yaş millilərinə xeyli futbolçu verən klubda bu mövsüm bir neçə belə futbolçu əsas komandada debüt etmək imkanı qazandı. İlk dəfə Premyer Liqa təcrübəsi qazananlarla yanaşı, Şakir Seyidovun timsalında komandanın artıq təcrübəli oyunçusuna çevrilmə/çevrilə bilmə nümunəsi də var. Bu mövsüm debütant olanlardan bəzilərini də yəqin ki, artıq yaxın gələcəkdə əsas heyətin daimi üzvü kimi izləyə biləcəyik.
 
Ötən mövsüm “Sabah”da ümumilikdə 8 gənc futbolçuya oynamaq imkanı yaradıldı ki, bu da kifayət qədər yüksək göstəricidi. Hənin futbolçuların ayrı-ayrılıqda performansına nəzər yetirək...
 
Veysəl Rzayev

Veysəl son mövsüm “Sabah”ın ən çox diqqət çəkən gənclərindən oldu. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan və məhz bu rayonu təmsil edən yarımmüdafiəçi “futuristlər”in heyətində Premyer Liqanın son mövsümündə şans qazanmış ən gənc futbolçudu. Rzayev “ağ-göylər”in “Keşlə” ilə ev oyununda debüt edəndə cəmi 17 yaş, 11 ay, 8 günlüyündə idi. Veysəl ümumilikdə son mövsümdə “Sabah”ın əsas komandasında 13 oyun (12 Premyer Liqa, 1 ölkə kuboku) keçirdi ki, bunların da 9-da (!) start heyətində yer aldı.



 
Nicat Mehbalıyev

Nicat da “Sabah”ın son mövsümdə debüt edən gənclərindəndir. 20 yaşlı qolkiper “Keşlə” ilə səfər oyununda komandanın “çərçivə”sində yer aldı. Maraqlıdı ki, Nicatın Premyer Liqada debütü hər hansı məcburiyyətdən yox (əsas qapıçı Saşa Stamenkoviç və ikinci qapıçı Alvaro Vilyetenin zədə və ya cəzalı olması kimi), sırf baş məşqçi Ramin Quliyevin şəxsi seçimi ilə əlaqədar oldu. Mehbalıyev Premyer Liqada debütünü qapısını toxunulmaz saxlamaqla qeyd etdi. O, daha bir matçda – “Qəbələ” ilə səfər oyununda da ilk “11”-likdə yer aldı (2:2).




Rüstəm Samiqullin

Rusiya futbol məktəbinin yetirməsi olan gənc qolkiper də “Sabah”ın əsas komandasında son mövsümdə debüt edən futbolçulardandı. Rüstəm Premyer Liqada şans qazanmasa da, ölkə kubokunun “Kəpəz”lə oyununda “çərçivə” ona həvalə edilmişdi. Rüstəm “Sabah”ın əsas komandasında debüt edəndə 18 yaşı yeni tamam olmuşdu (18 yaş, 1 ay, 2 gün).




Arsen Ağcabəyov
 
Adı daha çox dağıstanlıları xatırlatsa da, Arsen Azərbaycanın Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. 2 ildi “Sabah”ın üzvü olan gənc müdafiəçi ötən mövsümün ilk yarısını “Səbail”də icarədə keçirdi. Ancaq Ağcabəyov yüksək liqada debütünü 2019/20 mövsümündə, “Sabah”da “Sumqayıt”la səfər oyununda edib (2:1). Arsen son mövsüm əsas komandada 2 matçda (1 ölkə kuboku, 1 çempionat) şans qazanıb.




Şakir Seyidov
 
Cəmi 20 yaşı olmasına baxmayaraq, Şakiri “Sabah”ın ən təcrübəli futbolçularından saymaq olar. Yaşına görə yox, məhz oyun sayına görə. U-21 millimizin əsas üzvlərindən olan yarımmüdafaiəçi hələ “Sabah”ın elitadakı ilk ilində - 2018/19 mövsümündə debüt imkanına sahib olub. O, “Qarabağ”la səfər matçının (1:1) gedişində meydana daxil olaraq, həm də “Sabah”ın yüksək liqada şans qazanmış ən gənc futbolçusu ünvanını ələ keçirib (17 yaş, 10 ay, 24 gün). Şakir son mövsümdə 14, ümumilikdə isə 38 Premyer Liqa oyununda meydanda olub.


 

Ceyhun Nuriyev

Ceyhun Premyer Liqanın son mövsümündə debüt edən gənclərdəndi. 20 yaşlı yarımmüdafiəçi I turun “Qarabağ”la səfər matçında (0:2) “Sabah”ın əsas komandasında, həm də elitada ilk oyununu keçirdi. Nuriyev ümumilikdə Premyer Liqanın son mövsümündə 5 qarşılaşmada“Sabah” formasında meydana çıxdı.



 
Camal Cəfərov
 
Rusiya azərbaycanlısı olan Camalı ölkə futboluna “Sabah” qazandırdı və ya qazandırmağa çalışır. “Göy-ağlar” “Anji” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı hücumçunu ötən ilin yayında heyətinə cəlb etdi. Camal son mövsüm əsasən əvəzedici komandanın heyətində meydana çıxsa da, Premyer Liqanın “Keşlə” ilə səfər oyununda (0:0) əsas komandada da debüt etdi. Gənc hücumçu son mövsümdə Premyer Liqada ümumilikdə 4 oyunda şans qazandı.


 
“Sabah”ın əsas komandasının üzvlərinə çevrilmiş adıçəkilən oyunçular 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıblar. Gənclər yığmamızın Ukraynanın paytaxtı Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnir üçün heyətində bu futbolçuların hamısı yer aldı. U-21 millimizin turnirdə keçirdiyi Ukrayna və Özbəkistanla matçların hər birində 5 “Sabah”lı meydanda oldu.
 
Onlardan əlavə, son mövsümdə “Sabah”ın heyətində debüt etmiş daha bir futbolçu 19 yaşlı Abdulla Xaybulayev oldu. “Sumqayıt”la matçda (2:0) “Sabah”da ilk oyununa çlxan Rusiya vətəndaşı Abdullanın Azərbaycan bağları əsas götürülərək, gələcəkdə millimizə cəlb edilə bilər. Müqaviləylə “Sabah”a məxsus olan, lakin son mövsümdə icarə əsasında digər klublarda yer almış Elçin Mustafayev (Keşlə), İdris İnqilablı (Qəbələ) kimi gənclər də potensial vəd edir.
 
“Sabah”ın əvəzedicilərdən ibarət komandasında isə Samir Məhərrəmli, Kamran Quliyev, Abdulla Rzayev və s. kimi istedadlı futbolçular top qovur. Komanda I Divizionun ən gənc heyətlərindən biri ilə yarışsa da, çempionatda son turlara kimi ilk “üçlük” uğrunda mübarizəni davam etdirdi, yekunda 4-cü oldu.

***

Ümumən klubun gənclər strategiyası onu deməyə əsas verir ki, “Sabah”ın gələcəyi etibarlı əllərdədi. Bəli, ölkə çempionatında və kubokda yaş limiti tətbiq olunur, yaşı 21-ə qədər olan azı 1 futbolçu start heyətdə yer almalıdı. Ancaq əksərən klublar yalnız 1-2 limitə uyğun gənc futbolçu ilə bütün mövsüm boyu bu tələbi yerinə yetirməyə çalışırlar. Əksərən də həmin futbolçular, ya müdafiənin cinahlarında, ya da yarmmüdafiənin mərkəzində yer alanlar olur. “Sabah”da isə mənzərə xeyli fərqli, çoxşaxəlidi. İlk növbədə yaşı 21-dək olan 8 futbolçunun şans qazanması o deməkdi ki, burda heç bir limit tələbindən, məcburiyyətdən söhbət gedə bilməz – klub məhz istedadlı gənclərə oynamaq imkanı yaratmaq, onlara təcrübə vermək üçün belə addım atır. Artıq qeyd etdiyimiz Nicat Mehbalıyev nümunəsi kimi. Gənc qolkiper iki əcnəbi qapıçı oynamağa hazır olan zamanda meydana buraxılıb. Digər tərəfdən, “Sabah”da oynamaq şansı qazanan gənclər yalnız digər klublarda tez-tez qrşılaşdığımız mğvqelərdə deyil, bütün meydan boyu oynayanlardı – onların arasında qapıçı da, müdafiəçi də, cinah oyunçusu da, hücumçu da var.
 
"Sabah"da bu xoşagələn tendensiyanın növbəti mövsümlərdə də davamına ümid edirik. Bu mövsüm Premyer Liqa həyəcanı yaşayan gənclər artıq daha hazır olacaqlar. Həm də belə gedişat klubun akademiyasında yetişməkdə olan uşaqlar üçün əla stimul olar.
 
“FutbolPress”


oxunma sayı: 1404 | Paylaş:




?>