')

Bu gün:


FutbolPress.Az | Antiklub   – “Keşlə”

Antiklub  – “Keşlə”


oxunma sayı: 1360 Paylaş:

FutbolPress“Keşlə” yenə transfer pəncərəsini çox aktiv keçirdi. Ümumiyyətlə, son 4-5 ildə hər fürsətdə bu komandaya vaqonla futbolçu gəlir, bir o qədəri yola salınır. Bu “ənənə” klub “Keşlə”ləşəndən sonra formalaşıb. “İnter” yəqin ki, çoxunuzun yadındadı. Bəlli hədəfləri, yaxşı aşağı yaş komandaları, stabil heyəti olan klub idi. 2017-ci ildən – “Keşlə” adlandıqdan sonra çevrilib “Keşlə bazarı”na...
 
Məhz “Keşlə”ləşəndən sonrakı ilk -2017/18 mövsümünün qış transfer pəncərəsinə baxmaqla başlayaq. Həmin zaman klub 6 futbolçu ilə yolları ayırıb. Onlardan ikisi – Nizami Hacıyev və Mirhüseyn Seyidov oyun alverində günahlandırıldıqları üçün (Sübuta yetirilməsi haqda məlumat yoxdur - red.) birdəfəlik futboldan uzaqlaşdırılıb. Gələnlərin sayı isə daha çox olub. Qış fasiləsi olmasına baxmayaraq, klub 10 futbolçuya qucaq açıb. Onlardan da 6-sı legioner olub: Ebrima Sohna, Andre Klennon, Pablo Podio, Erve Tçami, Nemanya Stoyanoviç, Sezar Meza Kolli.
 
Növbəti yay komandaya daha 14 futbolçu gətirilib. Onlardan 4-ü əcnəbilər olub: Miloş Boşançiç, Nikola Mitroviç, Edvinas Girdvainis, Georgios Georgiadis.
 
Həmin yay 6-sı legioner olmaqla 18 oyunçu yola salınıb. Ən diqqət çəkəni isə az müddət əvvəl komandaya cəlb edilən Miloş Boşançiçin gedişi olub. Hansı ki, sonradan “Keşlə”nin ifasında oxşar hallara tez-tez rast gəlinib.
 
2018-ci ilin yayında yola salınan legionerlər: Sezar Meza Kolli, Adrian Skarlatake, Miloş Boşançiç, Pablo Podio, Nemanya Stoyanoviç.
 
2018/19 mövsümünün qış transfer pəncərəsi də boş keçməyib. Bu dəfə ümumilikdə 9 futbolçu cəlb edilib. Onların da çoxu – 5-i legionerlər olub: Con Kamara, Valeri Kutsenko, Diallo Quidileye, Anjelo Penya, Conatan Ayite.
 
Gələnlərlə yanaşı 10 futbolçuya da qapı göstərilib. Həmin oyunçulardan 5-i legionerdi: Bahodır Nəsimov, Ebrima Sohna, Erve Tçami, Georgios Georgidis, Diallo Quidileye.
 
2019/20 mövsümü öncəsi yay transfer pəncərəsində 13 futbolçu gəlib. Onların 5-i əcnəbi olub: Sezar Meza Kolli, Miyoşko Boyoviç, Stanislav Namaşko, Franko Flores, Lorenso Frutos.
 
Həmin zaman eyni sayda – 13 nəfər yola salınıb (6 legioner): Nikola Mitroviç, Edvinas Girdvainis, Andre Klennon, Conatan Ayite, Valeri Kutsenko, Denis Silva Kruz.
 
Qışda komandaya daha 6 nəfər (2-si legioner – Aleşandre Kriştovao və Şohrux Qadoyev) cəlb olunur, 3 oyunçu göndərilir.
 
Bu mövsümün əvvəlində komandaya daha 13 futbolçu gəlib. Onların da 5 legionerdi: Artur, Dmitri Klots, Silvio, Sezar Meza Kolli, Alvaro Tavareş.
 
2-si əcnəbi olmaqla daha 13 oyunçu da yola salınıb. Bu dəfə legionerlərdən Franko Flores və Lorenso Frutosa qapı göstərilib. Eyni zamanda Cavid İmamverdiyev gəldikdən az müddət sonra yola salınıb.
 
Bu qış isə ötən yay gələnlərdən Alvaro Tavareş, Dmitri Klots və Artur Batista göndərilib. Şahrux Qadoyevlə Aleşandre Kriştovao isə qış fasiləsinə qədər komandadan uzaqlaşdırılıb. Əvəzində 5 oyunçu cəlb edilib. Ki, onların da 3-ü legionerdi: Anatole Abanq, Sadio Tounkara və Yevgeni Koçuk.
 
Yeni futbolçularla yenə mövsümün sonuna qədər müqavilə bağlanıb. Yayda onlar yola sxalınacaq və yeniləri gələcək.

Sirkulyasiya davam edir.
 

Futbolçularla yanaşı baş məşqçilərlə bağlı da qeyri-stabillik var. Zaur Svanadzedən sonra komandaya az müddət Ramiz Məmmədov rəhbərlik edib. Daha sonra ukraynalı Yuri Maksimov, serb Mladen Milinkoviç iş başında olub. 2018-2020-ci illərdə Tərlan Əhmədov komandanın "sükançısı" olub. O, “Keşlə”nı bürünc medalçı edərək, Avropa Liqasına aparsa da, gözlənilmədən yola salınıb. Keçən yay komandanın “sükanı arxası”na keçən Yunis Hüseynovun fəaliyyəti də qısa çəkib. Bu qış o, Sənan Qurbanovla əvəzlənib.
 
Ayrı-ayrılıqda digər klubların transfer fəaliyyətinə nəzər salmağa ehtiyac olmadan da əminliklə “Keşlə”nin ən çox heyət dəyişdiyini, ən yüksək sayda legioner gətirib, yola saldığını söyləmək mümkündü.

Bu da klubdakı idarəçilik, ad dəyişikliyindən sonra baş verib. 2017-ci ilin oktyabrında “İnter” “Keşlə”yə çevrilib. Buna qədər isə idarəçilikdə dəyişiklik baş vermiş, Zaur Axundov klubun Müşahidə Şurasının rəhbəri təyin edilmişdi.
 
Bütün xoşagəlməz hadisələr də məhz bundan sonra yaşanıb: 6 aylıq, 1 aylıq, bir neçə həftəlik gətirilən futbolçulardan tutmuş uğurlu məşqçilərin göndərilməsinə qədər hər növ nonsens. Əvvəlcə Rauf Əliyev Albaniya “Kukesi”sinə keçərkən Zaur Axundovla böyük bir qalmaqal yaşadı. Nəticədə hər iki tərəf müqavilələri mətbuata təqdim etdi. Həmin zaman üzə çıxdı ki, klubda ikili müqavilə kimi qanunsuzluqdan istifadə olunur.
 
Raufdan sonra Nizami Hacıyev və Mirhüseyn Seyidovla növbəti qalmaqal yaşandı. Bu dəfə hər iki oyunçu futboldan uzaqlaşdırıldı.
 
Komandaya kubok qazandıran Yuri Maksimov, ondan sonra kollektivə rəhbərlik edən Mladen Milinkoviç məhz Zaur Axundovla yola getmədiklərinə, onun diktəsi ilə oturub-durmamaq səbəbilə yola salındılar. Hətta bir ara Axundovun texniki zonada əyləşmək istədiyinə dair xəbərlər dolaşmaqda idi. “Keşlə”nin futbolçusu olmuş Bahodır Nəsimov açıqlamalarından birində bildirmişdi ki, orda hətta heyəti Zaur Axundov müəyyənləşdirirdi...
 
Premyer Liqada AFFA-nın maliyyələşdirdiyi 3 klub var: “Keşlə”, “Sumqayıt” və “Səbail”. Onların arasında ən yüksək büdcə “Keşlə”dədi. Əslində, ayrılan maliyyə arasında fərq olması anlaşılan deyil. Üstəlik, görün “Keşlə” AFFA-dan, dolayısı ilə SOCAR-dan gələn pulları hara xərcləyir – hər transfer periodunda çoxlu yeni futbolçuların gəlməsinə, nəvbətisində onların yola salınıb, yenilərinin cəlb olunmasına...
 
Müşahidə Şurası sistemi bir çox klubda var. Həmin şura klubun necə idarə olunduğuna nəzarət eləməli, bir növ qiymətləndirici rol oynamalıdı. Müşahidə Şurasının ən aktiv rol oynadığı isə “Keşlə”di. Ümumiyyətlə, bu klubun idarə strukturu anlaşılmaz qurulub. Bir müddət əvvəl Ceyhun Sultanov buna qədər mövcud olmayan, “Neftçi”nin imtina etdiyi, “Keşlə”də hardansa varlığına ehtiyac icad edilən idman direktoru postuna gətirildi. MŞ sədri Zaur Axundov isə artıq bir neçə ildi “Keşlə”nin prezidenti kimi davranır. Halbuki bununla bağlı hər hansı açıqlama verilməyib. Axundov klub prezidenti deyilsə, davranışı səlahiyyətlərini aşdığını göstərir, yox əgər klub prezidentidisə, həm də Müşahidə Şurasi rəhbəri olması absurddu – öz fəaliyyətinimi müşahidə edir?
 
Bütün nonsensləri, ardıcıl olmayan və ya mənfi mənada ardıcıllaşan fəaliyyəti ilə “Keşlə” Azərbaycan futbolunda antiklub anlayışının ekvivalentidi.
 
“FutbolPress”


oxunma sayı: 1360 | Paylaş:




?>