')

Bu gün:


FutbolPress.Az | Region futbolu üçün ayrılan pullar hara xərclənir?

Region futbolu üçün ayrılan pullar hara xərclənir?


oxunma sayı: 1398 Paylaş:

FutbolPressAFFA 2020-ci il üçün maliyyə hesabatını təqdim edib.

Qurumun Maliyyə və Mühasibatlıq Departamentinin təqdim etdiyi rəqəmlərə görə, keçən il gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib. Cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat olub. Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdı.

2019-cu illə müqayisə etsək, gəlir və xərclərdə azalma müşahidə olunub. 1 il əvvəl AFFA-nın ümumi gəlirləri təxminən 7 milyon manat çox – 29 milyon 948 min 618 manat təşkil edib. 2019-cu ildə cəmi xərclər isə 23 milyon 423 min 308 manat təşkil edib ki, 2020-ci ildə bu rəqəm də 6 milyona yaxın azalıb.

Həm gəlirlərin, həm də xərclərin azalmasını daha çox koronavirus pandemiyası ilə əlaqələndirmək lazımdı. Pandemiyanın futbola mənfi təsirləri danılmazdı və AFFA da daxilolmalar mənasında bundan kənar qala bilməzdi. Ölkədə bir neçə ay ümumiyyətlə futbolun olmaması isə həm də xərclərin azalmasına səbəb olub.

Hesabatda diqqət çəkən məqamlardan biri AFFA-nın tərkibində olan federasiyalara və üzvlərə ayrılan vəsaitdə artım olmasıdı. Əgər 2019-cu ildə bu, 1 milyon 607 min 420 manat təşkil edibsə, ötən il 2 milyon 59 min 820 manata qədər çoxalıb. Əsas artım Peşəkar Futbol Liqasına ayrılan vəsaitlə bağlıdı. 2020-ci ildə 3 dəfə çoxalan vəsait 625 min manata çatıb. Bunu ölkə çempionatının sponsorsuz qalması, PFL-in əlavə maliyyə mənbələrinin olmaması ilə əlaqələndirmək olar.

Maraqlıdı ki, ötən il futzal yarışları demək olar ki, keçirilməsə də, Futzal Federasiyasına ayrılan maliyyə təxminən 100 min manat artıb. Bu federasiyanın hansı səbəbdən əlavə maliyyəyə ehtiyac duyduğu açıq mövzudu.

Bundan başqa, Regional Futbol federasiyasına ayrılan məbləğ 20 min manata yaxın çoxalıb və 239 min 438 manat təşkil edib. Əvvəlki illərin də hesabatlarına baxdıqda RFF-ə ayrılan maliyyədə demək olar ki, hər il artım müşahidə olunur.

Hesab edirik ki, AFFA-nın tərkibində olan federasiyalara (xüsusilə RFF) və üzvlərə ayrılan maliyyənin üzərində dayanmağa ehtiyac var. Məsələ bundadı ki, AFFA-nın hesabatında həmin federasiyaların və üzvlərin ayrı-ayrılıqda hesabatları verilməyib və aydın deyil ki, ayrılan vəsait hara xərclənib. Belədə, biz yalnız ehtimal edirik ki, PFL-ə verilən məbləğdə artım bir mövsüm öncə “Topaz”ın Premyer Liqaya sponsorluqdan imtina etməsi, dolayısı ilə çempionatın təşkili ilə bağlıdı. Futzal Federasiyası və Regional Futbol federasiyası ilə bağlı durum isə ümumiyyətlə aydın deyil.

Daha vacib məsələ - region futbolu, daha doğrusu futbolsuzluğu Azərbaycanda ən həssas və yaralı mövzulardan biridi. Bunun fonunda Regional Futbol Federasiyası hərəkətsiz görünür. Eyni zamanda, hər il RFF-ə ayrılan vəsaitdə artım müşahidə olunur və ötən il ən yüksək həddə çatıb. Nəyə görə? Niyə RFF-in ayrıca hesabatları olmur? Ayrılan pullar hara xərclənir və hansı işlər görülür?

RFF-in öz saytı, sosial media hesabları olmalıdı, orda bildirilməlidi ki, hansı işlər görülür, nələr həyata keçirilir. Ancaq heç nəyi yoxdu. Hər il maliyyə artır, qurumun fəaliyyətindəki sakitlik, durğunluq isə heç zaman dəyişmir – sanki belə də olmalıdı.

Halbuki RFF prezidenti, həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan İsgəndər Cavadovun ölkə başçısına birbaşa çıxışı var. Ancaq o, region futbolunun problemlərini indiyədək nəinki prezidentin, heç AFFA rəhbərinin qarşısında bircə dəfə qabartmayıb. Cavadov özü də bölgə futbolu, rəhbəri olduğu RFF kimi gözə görünmür, fəaliyyəti yoxdu.

Necə etmək olar ki, region futbolu canlanıb özündə elitaya nüfuz etmək gücü tapsın, necə etmək olar ki, yerli İcra Hakimiyyətləri bu prosesə aktiv cəlb olunsun və s. – danışılan, müzakirə edilən belə ideya və layihələri RFF verməli, cəhdlər etməlidi. Edibmi indiyədək? Harda çap edilib, harda danışılıb? Ümumiyyətlə, RFF nə ilə məşğuldu, pulları hara xərcləyir?


oxunma sayı: 1398 | Paylaş:




?>