')

Bu gün:


FutbolPress.Az | Salaməleyküm, AİJA

Salaməleyküm, AİJA


oxunma sayı: 1191 Paylaş:

FutbolPressAzərbaycan İdman Jurnalistləri Assosiasiyası adlanan (AİJA), uca Şirvin köməyi olsun, ilboyu yatıb, sonunda yerindən qalxır və ilin ən yaxşılarını seçir. Həm də bu seçim siyahısı o qədər uzun və çeşidli nominasiyalarla zəngin olur ki, əmələ gələn köpük effektli dəbdəbənin ucunu-bucağını yığışdırmaq olmur.

Haşiyə: Bu köpüklü müsabiqədə ilin ən yaxşısı adına layiq görülən həmkarlara yazının pis tərəfdən toxunmayacağına inanırıq. Onsuz Azərbaycan idman mediasında bu şərtlər və perpspektivlər fonunda çalışanlar daim ilin ən yaxşısı adına layiqdilər, məsələ və məğz ayrıdır.

AİJA il boyu idman mətbuatının heç bir cəhdində tapılmır, heç vaxt hansısa təşəbbüslə çıxış etmir, heç bir kütləvi yığıncaq, müzakirə meydanı təşkil etmir, heç zaman problem və qayğılarda itib-batmaqda olan müstəqil idman KİV-nin daxildə və ya xaricdə səsini qaldırmır, ancaq özündə bu sahənin ən yaxşılarını seçmək ixtiyarı, səlahiyyəti hiss edir.

Sual budur ki, ilboyu hardasa yerləşən və ya yerləşməyən bir ofisi olan və ya olmayan bu təşkilat hansı meyarlara əsaslanaraq belə seçim edir? Və seçim hansı prinsiplərlə, kimlər tərəfindən aparılır?

Bu suallara cavab verməkçün gərək təşkilatın idarə heyəti olsun – yoxdur. Seçim prinsipləri və ya jüri heyəti də yoxdur. Bəs bu nədir? Bir iri siyahı tərtib et və fəaliyyətin də elə bundan ibarət olsun?

Təşkilatın rəhbəri yaranan gündən Eldar İsmayılovdur. Sədrlik seçimləri necə, hansı şəraitdə olursa, daim bu insan seçilir. İllər əvvəl feysbukda arayıb, bu və başqa suallarla bir az söhbətləşmişdik, lakin cavablarının məcmuəsi təxminən belə olmuşdu: istəyən axtarıb bizi tapar, lazım bilən necə işlədiyimizi görər. Hmm.. Bu da fərqli bir anlayışdır. Gizli təşkilatlar heç belə naz eləmir.

Hər il ilin ən yaxşılarını müəyyənləşdirməkdən başqa nəsə etməyən, etsə belə ictimai təsiri olmayan AİJA-nın haqqında yalnız elə bu məsələ ətrafında nəsə danışılır. Bu vəziyyət  E.İsmayılovu narahat etməyə bilər, ancaq belə əhəmiyyətsiz təşilatın qalibləri siyahısına düşəndə narahat olmuruqmu, dostlar? Belə bir təşilatın bizi ən yaxşı seçməsi tragikomediyadır. Hələ 7-8 il əvvəldən açıq bəyan etmişik ki, bu AİJA heç bir nominasiyasına bizi daxil etməsin, qəbul etməyəcəyik. Bu, bir növ, idman mediası adına iddia edən təşkilatın idman mediası üçün əhəmiyyətli heç bir fəaliyyət götərməməsinə etiraz idi həm də.

Bəs biz ictimai yükü, əhəmiyyəti hiss edilməyən təşkilatın hansısa nominasiyasının qalibi olarkən bunu qeyri-ciddi saymırıqmı? Bəs biz nəyin mübarizəsini aparırıq? Heç olmasa, tənqid yazarkən anlamalıyıq ki, bizi guya qalib seçən təşkilatın özü əsl tənqidlik obyektdir.

Əslində, AİJA-nın bu vəziyyətdə olmasında həm də idman camiəsi olaraq bizim də nöqsanımız var. İllərdir ki, camiəmizə belə bir effektsiz təşkilat dominantlıq edir, alternativ heç nə qoya bilməmişik. Gələk AİJF məsələsinə. Sürətlə təsis və təşkil edilən bu qurum təmtəraqlı təqdimat keçirdi. Strukturlaşmadan tutmuş digər perspektiv addımlar barədə müntəzəm məlumatlar yaydı, hiss etdirdi ki, ictimai funksionallığı olacaq. Ancaq zamanla AİJF da susqunlaşıb, qüruba enib.

Eldar İsmayılov ildə bir dəfə bir siyahı tərtib edir atır ortaya və təşilat da yalnız bunda müzakirə edilir. İsmayılovun təşkilat rəhbəri kimi sosial platformalarda hansı təşəbbüslərlə çıxış etdiyini araşdırmaq məqsədiylə feysbuk hesabını müşahidə etdik. Yoldaş dağdan, dərədən, eldən, obadan paylaşımlar etsə də, heç vaxt idman mətbuatı, ölkə idmanının qayğıları haqqında bir dənə hərf də paylaşmamışdır. Hətta feysbukun kollaj funksiyalarından istifadə etmək bacarığını sərgiləyərək öz fotolarını dəbdəbəli şəklə salmağıyla texnologiya həvəskarı olduğunu büruzə versə də, bu imkanlardan da camiəmiz üçün zərrə qədər istifadə etməyibdir. Barı, bir kollajla günümüzə “ağlayardınız”, təskinlik tapardıq, yoldaş Eldar müəllim.

Əslində, günah AİJA-da deyil. Bu istiqamətdə alternativ ciddi addmlar olsaydı, bu təşilatın ildə bir dəfə ortaya çıxmasından belə xəbər tutulmazdı, müzakirə edilməzdi. Hər ilin qalibi AİJA-dır. İldə bircə dəfə görünüb bu qədər müzakirə edilmək möcüzədir. 

Elçin Cəlilov


oxunma sayı: 1191 | Paylaş:




?>