')

Bu gün:


FutbolPress.Az | Tələsməyən Zaur

Tələsməyən Zaur


oxunma sayı: 1116 Paylaş:

FutbolPressZaur Ramazanovun futbolçu karyerası boyu mətbuata açıqlamalarının sayı bir əlin barmaqları qədər olar, ya olmazdı. O, müxbirlərçün bu baxımdan persona non-qrata idi. Redaktordan tapşırıq alan reportyor 99% bilirdi ki, Ramazanovu tapmaq müşkül məsələ olacaq; tapılsa da, danışması...

Ancaq namxuda, karyerasını bitirəndən görürük ki, dili də varmış, dilçəyi də. İldə bir, ya iki dəfə müsahibəsi çıxır ortaya və heç də dinc durmadığını göstərir.

Adətən, mövqeyi olan, proseslərə münasibət bildirən və müntəzəm çıxışlarıyla gündəmdə olanları tənqidçi bilirik. Hegel deyirdi ki, tənqid insanın çatışmayan cəhətlərinin ört-basdır etmək cəhdi də ola bilər. Bu məsələyə qayıdarıq...

İndi biz nə edək – Zauru işığa aparan tənqidi fikir sahibi kimi qəbul edək, yoxsa arada-bərədə karına gələn açıqlamalar verən çoxsaylı manipulyasiyaçılardan biri?

Hələ də yekdil qərara gəlmək mümkün deyil, bununçün zamana ehtiyac var. Ancaq məsələn, Zaurun, tutalım, Mahir Şükürovdan fərqi odur ki, iki ildənbir danışmır, ildə iki dəfə danışır, yaxud Rauf Əliyevdən üstünlüyü ondadır ki, “bildiklərim var, zamanı gələndə deyəcəm” demir, nə demək istəyirsə, elə indi deyir. Tribunamız deməkçün sözü olana daim açıq olub, olacaq da. Lakin...

Biz çox danışan, lakin istədiyi mənfəəti almaqçün danışanları da tanıyırıq və bununçün kifayət qədər təcrübəmiz var.

İstədiyini alandan sonra isə susan, hətta dediklərini danaraq ümumi prosesə zərbə vuran görmüşük. Hərçənd, Zaurun narazılıq tonunda açıqlamalarının hansısa mənfəətə söykəndiyini demək çətindir. Çünki o, “Səbail”də işləyir – işi var. Deməli, iş istəyinə görə hay-küy salanlardan deyil.

Hər müsahibəsində qardaşı Ağabala Ramazanovun milliyə dəvət almaması vurğulandığı üçün duyuq düşənlərə nə deyək?

Ramazanovun “milliyə futbolçular sifarişlə çağırılır” iddiası coşdurucu tərkibə malikdir. Kütlə belə “yemi” sevir. Ancaq bu tərkibdə rezonans heç vaxt ardınca faydalı dalğa gətirməyib.

Xoşagələn tərəfi budu ki, konkret ünvan açıqlayır. Zaur,  Riad Rəfiyevdir sifarişçi?  Hm...  İndiyədək başqa kimdəsə belə açıq iddia görmüşdünüz? Şəxsən xatırlamıram. Kuluarlarda ola bilər, məsələ ictimailəşmiş iddiadadır. Olmayıb belə bir şey.

İttiham olunan tərəfdən nəinki təkzib, hətta heç bir reaksiya yoxdur hələ. Ok, “sifarişçi” Riaddırsa, onda “icraçı” da De Byazidir. Burda aləm qarışmırmı bir-birinə?

Riadın və ya “X” digərinin belə şakərinə inananlar üçdən artıq ola bilər, bəs “icraçı” qismində ittihama məruz qalan baş məşqçi De Byazi?

Zaur qardaşı Ağabalanı milliyə çağırmadığı üçün De Byaziyə “icraçı” damğasnı vuracaq qədər təcrübəsiz deyil. De Byazi Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan əcnəbi mütəxəssislər arasında yığmada rəqabətə ən açıq mühit yaradan məşqçidir. Bunu rəqəmlər sübut edir. O, qısa müddətdə 30-a yaxın futbolçu üçün milli komandanın qapılarını açıb. Az qala, 15-20 dəqiqə keyfiyyətli oyun göstərmiş futbolçuya da şans tanıyıb. Ancaq hər namizədi dəvət etməkçün bəzən hər şey bir yana, zaman bəs etmir. Ağabalanın isə milliyə dəvət edilməməsinin məhz Rəfiyevlə bağlı iddia olunan tərəfi çox ağır ittihamdır. Həqiqətən iddiadakı kimidirsə vəziyyət, bu, nonsesdir. Deyilsə, bunu yalnız ittiham tərəfinin təkzibi sübut edə bilər. Dolayısıyla, bu ittihamda baş məşqçinin işgüzar nüfuzu ciddi zərbəyə məruz qalır... 

Mövzu diqqətimizdədir və araşdırmalarımız davam edir. Əldə etdiyimiz məlumata görə, Ramazanov “A kateqoriyası” almaqçün imtahanda kəsilib və buna görə qəzəblidir. Olmaya, bu qəzəbdir Zauru radikallaşdıran?

Əlbəttə ki, Zaurun qeyri-səmimi, yaxud məqsədli hay-küy niyyətinin olduğunu qəti iddia etmirik. Məsələ hər çağırışın, iddianın tərkibini araşdırmaq, aydınlaşdırmaq, ayırd etmək və emosional deformasiyaya meylli çoxluğun “sarı siminə” səpməkdir. Ki, rasionallıq yenə itib-batmasın. Ənənəvi tənqid obyektləri və subyektləri məlumdur. Məsələn, milli komanda uğursuz oldusa, Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov və...  İçi biz qarışıq, illərdir eyni nahiyələr və eyni tənqid motivləri. Və ortada irəliləyişin “i”si belə yoxdur.

Rəhmətlik Fuad Musayevin dövründə də, ondan sonra da milli komandanın  nəticələri və nəticələrin tənqidi də eynidir – faydalı iş əmsalından məhrum...

Biz geridə qalan uzun illərdə yalnız bir şeyi – bizə nə lazım deyil – deyə bildik. Məsələn, milli uduzursa, baş məşqçi getməlidir, AFFA rəhbərliyi getməlidir və s. kimi. Ancaq heç vaxt, “nə lazımdır” tezisi olmadı.

Bizə nə lazımdır?

Tələsmə, Zaur, bu suala hələ otuz il də cavab tapılmayacaq.

Yenə müvəqqəti ehtiraslar yaradan hay-küylərə davam edək, yoxsa “nə lazımdır” sualına tam cavab verən əsaslı fikir xətti formalaşdırmağın zamanıdır?

Elçin Cəlilov


oxunma sayı: 1116 | Paylaş:




?>