')

Bu gün:


FutbolPress.Az | ...vaxtı gəlsin, deyərəm

...vaxtı gəlsin, deyərəm


oxunma sayı: 1360 Paylaş:

FutbolPressMilli komanda Millətlər Liqasında da uğurlu nəticə qazanmayacaqsa, bəs biz hansı liqaya ümid etməliyik?! İcad olunmamış liqaya? Yoxsa Azərbaycan millisi üçün əlahiddə liqa qondarıb, onu heç nədən qalib elan etməkdir çarə...

Əlbəttə, nəticələrdən narazı olan kütlə haqlıdır. Ancaq işin içində bir növ də var. Hansı ki, o növün öz siyasəti, özünün dahilik zirvəsi, özünün nə bilim nəyi...

O növ daim belə - böhran məqamlarında ortaya çıxıb “sarı sim” dingildətməkdən savayı nəyəsə cəhd etməz. O növün tək amalı var – kiçik imkanı belə fürsətə çevirib, ordan mənfəətlə çıxsın.

Azərbaycan millisinin qrupda 3-cü yeri tutmasına dair peşəkar təhlil, səbəb – nəticə əlaqələri olan fikir, ideya üçün əziyyət çəkməzlər. Çünki elələrinə böhrandan çıxış yox, bu vəziyyətdən necə şəxsi mənfəət götürməkdir əsas.

Belə növlər bu tip məqamlarda müxtəlif üslublarda təzahür edib, haray salar. Ətrafdan bu növün harayına baxan da sanar ki, dərddən yanır-qovrulur.

Yuxarıda qeyd edildiyi kimi, bu tiplərin müxtəlif üslubları olur. Beləsi ya futbol veteranıdır – iş istəyir, ya hansısa menecerdir – şantaj edir ki, alverə qoşula bilsin və s.

Bir tip də var. “Danışacam!”dır onların adı. Məsələn, Rauf Əliyev kimi. Açıqlama verib ki, bildiklərim var, zamanı gələndə deyəcəm.

Rauf, zamanı haçandır? İndi futbol oynayırsan deyə, “danışmırsan”? Karyeranı bitirəndən sonra “danışacaqsan”? Yoxsa karyerandan sonra hansısa klubda iş düz-qoş edilsə, yenə danışmayacaqsan?

Bu tərzinlə aydın göstərdin ki, o minval davam etsə, sən danışan deyilsən. Hələ ümumiyyətlə, məlum deyil, sənin bir bildiyin varmı ki, danşasan da? Heç olmasa, buna dair bir əlamət anons etmək gərək idi. İndiyə qədər heç vaxt radikal açıqlamaları olmayan biri kimi, bundan sonra danışacağına hansı arqument əsasında inansın insanlar?

Bu etdiyin şantajın bir növüdür. Əminəm ki, məqsədli etməmisən bunu, heç bilmirsən şantaj nə deməkdir bəlkə də. Ancaq manevr tərzin birbaşa bunu ehtiva edir, biləsən...

Bildiyin varsa, indi danışmalısan. Danışmırsansa, o zaman niyə təxirə saldığına aydınlıq gətirməlisən.

Azərbaycan futbolunun bəlası, bax, bu növlərdir. Bilərəkdən-bilməyərəkdən bu cür edənlər. Ya birdəfəlik RADİKAL FİKİR xətti yaranacaq və haqq mübarizəsi aparacaq, ya da futbolumuzun uğursuzluqları üzərindən dəllallıq etməyə imkan verilməyəcək/verilməməlidir.

Təkrar qabartdığımız tezisə qayıdırıq. Azərbaycan futbolunun nəticələri ona görə yaxşılaşmır ki, burada fikir sahibləri dominant deyil, fikir dəllallarıdır vurnuxanlar.

Azərbaycan futbolunda öz fikrini və mövqeyini müdafiə edəcək QÜVVƏ formalaşmayıb. Pərakəndəlik davam etdikcə bundan istifadə edənlərin açdığı “bazar” sizi aldada-aldada gedəcək. Elə biləcəksiniz ki, hay-küyçülərdir çarə axtaranlar. Hay-küysüz, ciddi platformalar və fikir külliyyatıyla meydana çıxan qüvvə axtarırıq ki, haqq səsini ucadaq, futbolumuzun taleyini onlara ərməğan edək. Varmı? Düşünək...

Elçin Cəlilov


oxunma sayı: 1360 | Paylaş:




?>