')

Bu gün:


FutbolPress.Az | 10 nəfərlə bacarmayan milli

10 nəfərlə bacarmayan milli


oxunma sayı: 1888 Paylaş:

FutbolPressAzərbaycan yığması Millətlər Liqasında qrup qalibi olmaq şansını itirdi. Əslində bir tur əvvəldən praktiki olaraq nəinki 1-ci olmaq, heç ikinci yeri tutmağın mümkün olmayacağı bəlli idi. Sadəcə, bunun rəsmiləşməsi qalırdı. Monteneqro ilə qolsuz heç-heçə o anlama gəlir ki, ən yaxşı halda qrup 3-cüsü ola bilərik. İndi Kipr daha yaxındı, 1 xal fərq var və son turda axırıncı pilləyə də düşə bilərik.

Monteneqro ilə qarşılaşma ümumən sönük və bərabər mübarizə ilə keçdi. İlk hissədə hər komandanın bir real qol imkanı oldu. Fasilə ərəfəsində rəqib komanda meydanda azlıqda qaldı. İlk hissənin fəallarından İqor İvanoviç qırmızı vərəqə ilə oyundan uzaqlaşdırıldı.

Gözlənilən o idi ki, fasilədən sonra milli azlıqda qalan rəqibi qarşısında dominant tərəf olacaq, Monteneqronu qapısına tərəf sıxışxdıracaq, qol və ya qollar vuracaq. Ancaq gözləntilər reallaşmadı.

De Byazi start heyətdə 6 ampluaca müdafiəçiyə yer vermişdi. Əlavə olaraq iki dayaq yarımmüdafiəçisi oynayırdı. Hücumameylli futbolçular yalnız Mahir Emreli və Rəhim Sadıqov idi. Əlbəttə, 6 müdafiəçinin hamısı qapının qarşısında düzülməmişdi. Maksim Medvedev,  Bədavi Hüseynov və Elvin Bədəlov stoperlər idisə, Abbas Hüseynovla, Azər Salahlı lateral kimi oynamalıydı. Tellur Mütəllimov əsasən vinger mövqeyində idi.

Sloveniyaya qarşı yoxlama oyununda da De Byazi bu sistemi seçmiş, yalnız meydanda oynayanların adı ilə bağlı fərqlər var idi. Həmin matçla bağlı müdafiəyəmeylli futbolçuların çoxluğu barədə bunun bir qədər də obyektiv səbəbdən qaynaqlandığını, ölkədə keyfiyyətli/yoxlamağa dəyər futbolçuların əsasən müdafiəçi və dayaq yarımmüdafiəçiləri olduğunu qeyd etmişdik. Digər tərəfdən, sınaq matçı olduğundan baş məşqçinin axtarış niyyətlərini anlayışla qarşılamaq mümkün idi. Ancaq əslində, bu, baş məşqçiyə əsas vermir ki, meydana bu qədər müdafiə oyunçusu buraxsın. Təsəvvür edin, ölkədə 11 yaxşı qapıçı var, amma bütün heyəti qapıçıları müxtəlif mövqelər üzrə düzərək qura bilməzsiz – onların müvafiq keyfiyyətləri də olmalıdı axı.

Xatırlayırsızsa, bir ara Mamadu Mbodj künc və cərimə zərbələri zamanı hücuma qoşulması ilə başla az qala hücumçular qədər qol vurmuşdu. Bəzi oyunlarda "Neftçi"nin keçmiş baş məşqçisi Roberto Bordin çətin vəziyyətdə qalıb, onun bu keyfiyyətindən istifadə etmək üçün Mbodju hücum bölgəsinə göndərirdi. Ancaq bu, bir dəfə də effekt verməmişdi, Mbodj az qalan topa toxunmadan 10-15 dəqiqə rəqib cərimə meydançası tərəflərdə dolanırdı. Millidə oxşar situasiya yaranıb.

Ok, Tellur Mütəllimov hazırda çıxış etdiyi “Sumqayıt”da da, əvvəlki klublarında da hücumda aktivliyi ilə seçilib, ancaq bunu ayırd etmək lazımdı ki, Tellur məhz cinah müdafiəçisi kimi hücumda aktiv olub, hüç vaxt hücumçu kimi oynamayıb. Yəni, qol vura bilməsi, topla oynamaq bacarığı o demək deyil ki, onu hücumda oynatmaqla eyni keyfiyyəti almaq olar. Mütəllimovu xüsusi qeyd etməyimizin səbəbi heyətdə həqiqi mövqeyindən ən çox uzaqlaşdırılan futbolçu olmasıdı. Hazırda ölkədə müasir cinah müdafiəçisi anlayışına ən uyğun gələn futbolçulardan biridi və millidə də bu mövqedə oynasa, ondan daha çox fayda götürmək mümkün olar. Tellurun vinger kimi çox pis oynadığını söyləmirik, amma ona da inanmırıq ki, Namiq Ələsgərov və ya Xəyal Nəcəfov orda daha effektli oynamazdı. Ya da belə başa düşməliyik ki, vinger kimi müdafiəçinin oynaması De Byazinin elə ən irəli xəttdən, əslində qapının təhlükəsizliyini düşünməsinə hesablanır.

Bəlkə, bir az səliqəsiz müqayisədi, baş məşqçinin seçimi bizə “99” kimi tanış olan video-oyunda Roberto Karlosu yaxşı sürəti olduğu üçün hücumda oynatmağa bənzəyir. Hə, orda effekt verirdi, amma realda Braziliya millisinin baş məşqçiləri Karlosu vinger kimi oynatmırdılar...

***

İlk yarıda Abbas Hüseynov zədələnəndə mövqe üzrə dəyişiklik baş verdi, əvəzinə meydana Amin Seydiyev çıxdı. Fasilədə Ramil Şeydayevlə Elvin Camalov oyuna qoşuldu. Yenə mövqe dəyişiklikləri idi. Elvin Vüqarı, Ramil Rəhimi əvəzlədi. Bir qədər fərq onda idi ki, Şeydayev Rəhimlə müqayisədə daha hücum oyunçusudu. 67-ci dəqiqədə, nəhayət, De Byazi azlıqda qalan rəqibə qarşı 3 mərkəz müdafiəçisinin çox olduğunu anlayıb, Elvin Bədəlovu Vüsal İsgəndərli ilə əvəzlədi. Bundan sonra komanda klassik 4-4-2 sistemi ilə oynamağa başladı. Son əvəzetmə isə Tellur Mütəllimovun yerinə Xəyal Nəcəfovun meydana çıxması oldu – yalnız 81-ci dəqiqədə nominal müdafiəçilərin sayı 4-ə düşdü.

İlk yarıda Mahir Emrelinin başla zərbəsi təhlükəli alınmışdı, bundan sonra isə oyunda ən ciddi şans – bir az da fəlsəfi yanaşsaq – rəqibin meydanda azlıqda qalması oldu. Ondan da heç bir formada istifadə edə bilmədik. Hələ az qala Yovetiç 40-45 metrdən vurduğu zərbə ilə yığmanı 1 xaldan da edəcəkdi. Yalnız bəxt sayəsində məsuliyyətsizliyin qurbanı olmadıq.

Mərkəzdə yalnız dayaq yarımmüdafiəçiləri olduğu üçün yaradıcılıq çatışmırdı – belə də olmalıdı.

Cinah oyunçuları çox olsa da, yan xətlərdə sürət və aktivlik gözə dəymirdi – onda nəyə lazımdı bu qədər cinah oyunçusu? Ümumən komanda çox ləng oynayırdı, sanki bütün futbolçular gözləyirdi ki, digər komanda yoldaşı məsuliyyəti üzərinə götürsün, nəsə etsin. Heç kim özünü “oda atmaq” istəmirdi.

İkinci hissədə rəqib tam olmasa da, müəyyən qədər qapandı, cərimə meydançasına topla girmək, ümumiyyətlə, mümkün deyildi. Ancaq cinah ötürmələrinin də effektiv olmaq şansı az idi – Monteneqro ucaboy futbolçulardan qurulub. Yeganə ümid uzaq zərbələrə qalırdı, onlar da sadəcə, olmadı. 81-ci dəqiqədə meydana çıxan Xəyal Nəcəfov bir epizodda qapını yoxladı. İnsafən, yaxşı da zərbə vurmuşdu, ancaq niyəsə ondan başqa heç kim buna cəhd etmədi.

Baş məşqçi bildirib ki, oyundan və nəticədən razı qaldığını deyə bilməz. Anlaşılandı, heç kim 45 dəqiqə azlıqda oynayan rəqibinin qapısı qarşısında real qol imkanı yarada bilməyən komandadan razı qalmaz – hamı narazıdı. De Byazi baş məşqçi təyin olunanda əsas məsələnin nəticə olduğunu söyləmişdi. İş elə gətirib ki, yığmda nə keyfiyyətli futbol var, nə də nəticə.

4 oyundu milli qol vura bilmir. Rəqiblər də elə komandalar olmayıb ki, bu, normal qarşılansın. Pozitiv məqam son 3 oyunda qol da buraxmamağımızdı. Hər iki faktın isə əslində, bəsit izahını vermək mümkündü: bu qədər müdafiəçi ilə qol vurmaq çətindi və bu qədər müdafiəçi ilə qol buraxmamaq normaldı. Aydındı, super-hücumçularımız yoxdu, ancaq bütünlüklə müdafiə fəlsəfəsi seçmək ən azı Millətlər Liqası C Divizionu səviyyəsində anlaşılmazdı. Yox, bu DÇ-2022-nin seçmə mərhələ oyunları üçün modelin qurulmasıdısa, oxşar şeyləri Foqtsun vaxtında görmüşük. Bunun qrupda 3-4 heç-heçədən, hansısa güclü komandadan xal qoparmaqdan artığı ilə nəticələnəcəyi inandırıcı deyil.

Faiq Tahirov


oxunma sayı: 1888 | Paylaş:




?>