')

Bu gün:


FutbolPress.Az | Hay-küy lazım deyil - oyun ən qısa zamanda keçirilməlidi

Hay-küy lazım deyil - oyun ən qısa zamanda keçirilməlidi


oxunma sayı: 580 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında IX tura start verilməliydi. Açılış oyununda "Sabah" "Zirə"ni qəbul edəcəkdi. Ancaq qarşılaşma təxirə salındı. Buna səbəb bəzi futbolçuların yenidən COVID-19 testindən keçmə zərurətidi.

Peşəkar Futbol Liqasından məsələ ilə bağlı verilən açıqlamada bildirilir:

"Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək".

Bizdə olan məlumata görə, problem "Sabah"ın futbolçuları ilə bağlıdı. Bəzi oyunçularda koronavirus şübhəsi var və onların yenidən testdən keçməsi zərurəti yaranıb. Bu səbəbdən qarşılaşmanın bu gün keçirilməməsi məqsədəuyğun sayılıb.

Hesab edirik ki, bu matç ən qısa zamanda təşkil edilməlidi. Beynəlxalq futbol qurumlarının da tələblərinə əsasən, əgər hər hansı komandada bir oyun üçün müəyyən bir say düzəlirsə, bu zaman qarşılaşmanın təşkilinə problem yoxdu. "Sabah"dakı durum da faciəvi həddə deyil və yalnız bir neçə futbolçuda şübhə olması ilə əlaqədardı.

Hazırda koronavirusla bağlı problemin Azərbaycandan xeyli pis olduğu dünyanın bir sıra ölkələrində futbola məhz bu cür yanaşma tətbiq edilir. İngiltərə, İtaliya, İspaniya kimi dünyanın futbol mərkəzlərində məsələ test nəticəsi pozitiv olan futbolçuların təcrid edilməsi ilə yoluna qoyulur. Bir müddət öncə "İnter"in müdafiə xəttində demək olar ki, əsas heyət üzvlərnin hamısı koronavirusa yoluxmuşdu, ancaq komandanın oyunları təxirə salınmadı. Kriştiano Ronaldonun, Ueston Makkeninin test nəticələrinin pozitiv olması "Yuventus"a oynamaq problemi yaratmadı və s.

"Sabah" - "Zirə" oyunu ilə də bağlı hay-küyə gərək yoxdu. Azərbaycanda da məhz Avropasayağı yanaşma tətbiq edilməlidi. Hətta bir komandanın 1-3 futbolçusunun yekun testi pozitiv çıxsa belə, bu, qarşılaşmanın oynanmamasına dəlalət etməməlidi. Həmin oyunçuların izolyasiya edilməsilə oyunu keçirmək olar.

Əlbəttə, insan həyatı hər şeydən önəmlidi və dövlətin bu baxımdan tutduğu mövqe ilk gündən aydındı. Eyni zamanda "virusla yaşamaq" tezisinə müvafiq olaraq sınanmış həll yolları ilə futbolu davam etdirmək vacibdi. AFFA və PFL bu məsələdə diqqətli olmalı, çempionatın gələcəyi üçün problem yaranmamasına səy göstərməlidi. Əks halda, hər belə nümunədə matçlar keçirilməsə, hay-küy qalxsa, yenidən futbola qadağa qoyulması ilə üz-üzə qalarıq. İndiki məqamda, komandaların yenicə toparlanmağa başladığı periodda isə bu, qətiyyən ölkə futbolunun xeyrinə olmaz.

Konkret bu nümunədə test nəticələri bəlli olduqdan sonra, hətta bir neçə yoluxma olacağı təqdirdə belə, qarşılaşmanı tez bir zamanda təşkil etmək mütləqdi. Ümid edirik ki, ölkə futbolunun rəhbərliyi məhz belə yanaşma nümayiş etdirəcək.

"FutbolPress"


oxunma sayı: 580 | Paylaş:




?>