')

Bu gün:


FutbolPress.Az | Go, go, Gomez!

Go, go, Gomez!


oxunma sayı: 836 Paylaş:

FutbolPress“Sabah” 3 mövsümlük Premyer Liqa macərasında ən pis vaxtlarını keçirir. Komanda 8 turdan sonra cəmi 6 xal toplayıb və turnir cədvəlinin sonuncusudu. Kiçik araşdırmamızdan sonra məlum oldu ki, klub heç vaxt belə “qara zolağ”a düşməyib. Düzdü, əvvəllər komandanın ardıcıl 10 qələbəsiz oyunu da olub, amma heç vaxt 5 dalbadal məğlubiyyət qeydə alınmayıb.
 
Mövsümün startından öncə xeyli transferlər edən, baş məşqçisini dəyişən klubda niyə işlər yolunda getmir?
 
Əvvəlcə onu qeyd edək ki, problem heç də heyətdə görünmür. Futbolçularının keyfiyyətinə görə “Sabah” ölkədə 2 və ya 3-cüdü. Bir çox yerli oyunçusu milli üzvüdü, legionerləri də əsasən əvvəldən tanış olan, səviyyəsini göstərən futbolçulardı. Ancaq komandanın göstərdiyi futbol, nəticələri heyətin keyfiyyət və gücünə mütənasib deyil. Deməli, resurslardan lazımı səviyyədə istifadə olunmur. Bunu təşkil etməli şəxs isə baş məşqçidi.
 
Visente Qomes Premyer Liqada yeganə əcnəbi çalışdırıcıdı. Adətən legioner futbolçular barədə deyirlər ki, əgər yerli oyunçudan bir baş üstün deyilsə, onda belə futbolçunu gətirməyə dəyməz. Əcnəbi mütəxəssislərlə bağlı da eyni iddianı irəli sürmək olar: öz mütəxəssislərimizdən yaxşı deyilsə, niyə burdadı? Geridə qalan 8 tur göstərir ki, ispaniyalı fövqəladə baş məşqçilik xüsusiyyətlərinə sahib deyil, yerlilərdən nəinki fərqlənmir, hətta çox geri qalır.
 
Mövsümdən öncə yoxlama oyunlarında “Sabah” yaxşı nəticələr qazanmışdı. İlk turlar komandanın oyununda bəzi pozitiv elementləri göstərdi. Startda “Qarabağ”a məğlub olmasına baxmayaraq, bir hissə keyfiyyətli oyun göstərmişdilər. Ardıcıl iki qələbə isə “Sabah”ın, nəhayət, axtardığı baş məşqçini tapdığını, istədiyi nəticələri qazana biləcəyi fikirlərini yaratmışdı. Ancaq sonrakı matçlarda nə istənilən nəticələr oldu, nə də sistemli oyun gözə dəydi.
 
Bu gün “Sabah”ın hansı futbolu göstərmək istədiyi naməlumdu. Baş məşqçi hər görüşə fərqli heyət buraxır. Mövsümöncəsi hazırlıq dövrü, geridə qalan 8 turda baş məşqçi ideal heyətini formalaşdıra bilməyib. Heyətin geniş olması o anlama gəlmir ki, hər dəfə fərqli futbolçuları meydana buraxmaq lazımdı. Bu, populist yanaşmadı və heç bir halda özünü doğrultmur.
 
Əvvəlki mövsümlərdə “Sabah”la bağlı əsas pozitiv məqamlardan biri gənclərə şans verilməsi idi. İndi isə komanda Premyer Liqanın ən yaşlı komandasına çevrilib.
 
“Qarabağ”a məğlubiyyətdən sonra Qomes istədikləri oyun üslubunu formalaşdıra biləcəkləri təqdirdə, avrokuboklar üçün mübarizə aparacaqlarını söyləmişdi. Çempionatın ¼ hissəsindən artığı geridə qalıb və hələ ortada heç nə yoxdu. “Qəbələ” məğlubiyyətindən sonra Visente Qomes bildirib:
 
“Açıq deyəcəm, futbolçular və rəhbərlik məni görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm”.
 
Bu cümlədən anlaşılan budu ki, təzminatımı verin, gedim. Bir tur əvvəl də baş məşqçi oxşar fikirlər səsləndirmişdi. Artıq nə oyun üslubunun formalaşdırılması gözləntisi var, nə də avrokubok vədləri. Visente Qomes razı qalacağı təqdirdə, getməyə hazırdı. Baş məşqçi belə danışarsa, hansı futbolçuda onun fikirlərinə inam, istəklərini icra etmə canfəşanlığı olacaq?
 
“Sabah”ın bu mövsüm üçün əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdı. Hər halda, klubun saytında bu barədə qeyd olunub. Hələ heç nə üçün gec deyil. Komanda sonuncu pillədə qərarlaşsa da, turnir cədvəlində sıxlıq var, vəziyyəti düzəltmək mümkündü. Ancaq “Sabah”ın sabahının Qomeslə aydınlıq olacağı böyük sual işarəsidi...
 
“FutbolPress”


oxunma sayı: 836 | Paylaş:




?>