')

Bu gün:


FutbolPress.Az | “Qəbələ”, “Səbail”, anlaşıldı..  “Zirə” niyə?

“Qəbələ”, “Səbail”, anlaşıldı..  “Zirə” niyə?


oxunma sayı: 1270 Paylaş:

FutbolPressÖtən mövsüm “Qəbələ” əvəzedici komandasını I Diviziona buraxmamışdı. Bu, böyük ajiotaja, ciddi müzakirələrə səbəb olmuş, AFFA-nın klubu cəzalandıracağı gözlənilsə də, əksi baş vermişdi. Böyük ehtimalla, assosiasiyanın məsələnin üzərinə radikal getməməsi ölkə çempionatında klub sayının böhran həddində az olması idi.

Artıq bu sıraya “Zirə” və “Səbail” də qoşuldu. Onlar da əvəzediciləri saxlamağı lazım bilmədilər. Artıq bu, gələcək anarxiyanın bünövrəsi deməkdir. AFFA ya radikal addımlar atmalı, ya da ata bilməyib, geri çəkilməli olacaq. Və qəribəsi budur ki, analoji addımı atan hər üç klub büdcəyə dəstək istəyi ilə qurumdan dotasiya alıb.

Maraqlıdır, hərəkətlənən proses haradək gedəcək...

“Qəbələ”nin ovaxtdan başlayan və dərinləşməkdə davam edən maddi böhranı, həmçinin “Səbail”dəki həm rəhbərlik, həm maliyyə problemləri fonunda bu klubların nəinki əvəzedici komandanın saxlanmasından imtina etməsini anlamaq olur, hələ mövsümü tamamlamaları uğur sayılar. Lakin “Zirə” üçün vəziyyəti bir qədər fərqli səciyyələndirməli oluruq. Bu klub cari mövsümə tam yenilənmiş, başqa formatda başladı. Rəşad Sadıqov kimi adın baş məşqçi postuna gətirilməsi, heyətin böyük ölçüdə yenilənməsi, baza tikintisi haqda anons və nəhayət, yeni prezident...

Əslində, klubun digərlərinə nisbətən proqress göstərdiyini düşünməyə əsas verən xeyli məqam sadalamaq olur. Ancaq bunların fonunda əvəzedici komandadan imtina edənlərin arasında onların da olması anlaşılmaz görünür.

Yəqin klubun yeni prezidenti Taleh Nəsibov kifayət qədər mühüm əhəmiyyət daşıyan bu məsələ haqda ictimaiyyətə açıqlama verər. Ümumiyyətlə, Nəsibovun yenilənmiş “Zirə”nin uzun müddətli fasilədən sonra boş qalan prezident postuna təyinatıdan tutmuş, çox sayda digər mövzularla bağlı ictimaiyyətə çıxış etməsi gözləniləndir. Lakin ya buna ehtyac duyulmur, ya da belə bir çıxış olacaqsa, xeyli gecikir. Yeni prezidentin platforması və s. əhəmiyyətli predmetlərin açıqlanması vacibdir.

Sanki yeni prezident neqativ qərarla başlamış oldu. Kuluarlarda gəzən xoş söhbətlər hara, ilk mühüm qərarın əvəzedici komandanın ləğviylə bağlı olması hara.

Baş alıb gedən prosesə AFFA-nın da reaksiyası gecikməkdədir. Gedişat idarəolunmaz tendensiya yarada bilər.

Elçin Cəlilov


oxunma sayı: 1270 | Paylaş:




?>