')

Bu gün:


FutbolPress.Az | AFFA rəsmisi e-Milli Liqa haqda: “Bu sahəni “iqnor” edə bilmərik” (MÜSAHİBƏ)

AFFA rəsmisi e-Milli Liqa haqda: “Bu sahəni “iqnor” edə bilmərik” (MÜSAHİBƏ)


oxunma sayı: 1727 Paylaş:

FutbolPressAFFA koronavirus pandemiyasına görə futbol oynamağın mümkün olmadığı bu günlərdə yeni çempionat – e-futbol liqası keçirmək qərarına gəlib. e-Milli Liqa adlanacaq yarışla bağlı rəsmi elan verilib və klublar liqaya dəvət olunub. Artıq sabahdan turnirdə iştirak üçün qeydiyyatdan keçmək mümkün olacaq.

Bəs, belə bir liqanın keçirilməsi zərurəti nədən və necə yarandı? e-Milli Liqanın hansı perspektivləri, nə cür əhəmiyyəti var?

Suallarımızı AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev cavablandırdı...


- e-Milli Liqanın keçirilmə ideyası nə zaman, hansı zərurətdən yarandı?
- Bilirsiz ki, biz e-Milli komandanı yaradarkən seçimlər təşkil etdik. Orda böyük aktivlik var idi. Həmin ərəfələrdə düşündük ki, bir liqa keçirmək mümkündü. Çünki böyük maraq və geniş hədəf kütləsi olduğunu müşahidə etdik.

- Liqanın yaranmasının indiyə – koronavirus pandemiyasına görə futbolun dayanması ilə eyni vaxta düşməsi təsadüfdü, yoxsa bir əlaqə var?
- Koronavirus prosesi sürətləndirdi. Ancaq fikir olaraq qeyd etdiyim kimi, əvvəldən var idi. Hətta İcraiyyə Komitəsinin son iclasında da müzakirə olunmuşdu. Liqa ideyası mövcud idi, koronavirus reallaşmasını sürətləndirdi.

- Belə bir çempionata konkret hansı ehtiyaclar var?
- Elə bir durumdu ki, real futbol meydanlardan kənarda qalıb. Ancaq insanlar futbol izləmək istəyir. Bir müddət öncə e-Milllinin Maltaya qarşı yoldaşlıq oyununu şərhçi ilə yayımlamışdıq. Gördük ki, insanlar izləyir, müzakirə edir. Avropa çempionatının seçmələrində müşahidə etdik ki, iştirakçı ölkələrin hamısında ciddi marağa səbəb olub. Bu artıq bir tələbə çevrilməkdədi.

- Deməli, ölkənin müasir trendlərdən geri qalmaması üçün lazımlıdı...
- 2017-2019-cu illərdə sorğular keçirilmişdi və orda futbolla digər idman növləri arasında böyük bir fərq olduğu məlum olmuşdu. İzlənmə sayı arasında ciddi fərqlər var. Dünyada müqayisə etsək, oyun konsulları, “PlayStation” getdikcə futbola əsas rəqiblərdən birinə çevrilir, hətta bəzi ölkələrdə futbolu üstələyir. Elə bir hədəf kütləsidi ki, biz bunu “iqnor” edə bilmərik. Bununla məşğul olan insanlar varsa, biz də bundan istifadə etməliyik. Gələcəkdə isə həmin insanları real futbola cəlb etməyi düşünməliyik. Assosiasiya olaraq fəaliyyət istiqamətlərimizdən biri futbolun kütləviliyinin təbliğidi. Biz bu yolla real futbolu da təbliğ etmək istəyirik. Əgər insanlar buna maraq göstərirsə, biz də diqqətdə saxlamalıyıq, bu sahəni “iqnor” edib keçə bilmərik.

- Beynəlxalq təcrübədə necədi? Digər ölkələrdə belə liqalar təşkil olunurmu?
- Biz digər ölkələrlə də daim əlaqədəyik. KONAMI-nin portalı var və ordakı forumda müzakirələr aparılır. Digər federasiyaların marketinq bölmələri ilə də danışırıq. Çox yerdə təşəbbüslər var. Səhv eləmirəmsə, dünən Gürcüstanda liqa başladı. Orda klublar arasında daha kiçimiqyaslı liqa təşkil edirlər. Rusiyada davamlı olaraq “Sports.ru” və “Matç” TV birgə çempionat keçirirlər. Ukraynada təşəbbüs var, amma hələ tam başlamayıblar. Onlar daha çox milli oyunçular arasında matç təşkil edirlər. Məsələn eyni klubda oynayan Aleksandr Zinçenko ilə Benjamin Mendi arasında matç keçirilmişdi. Biz də eyni tipli görüş təşkil etmişdik. Ramillə Koçuk eyni klubdadı və biz Azərbaycan – Moldova oyununu keçirdik. Ümumən, təşəbbüslər əvvəldən var idi. Hamı başa düşürdü ki, bu sahədə böyük varaq var və bundan necəsə istifadə etmək lazımdı. Konkret bir ideya yoxdu, bərənin fərqli yanaşması var. Məsələn, Norveç çox irəli gedib, onların həm PES-də, həm FIFA-da yaxşı milli komandası var, daxili çempionatlar edirlər. Ümumiyyətlə, Qərbi Avropa ölkələrinin üstünlüyü odu ki, orda onlayn oynayanlar çoxdu. Bizdə pleysteyşn klublarda, hətta evdə oyunayanlar çox olsa da, abunəlik az adamda var. Buna görə də biz çətinlik çəkirik.

- Liqanın reqlamenti bəllidimi? Yoxsa iştirakçı sayının dəqiqləşməsini gözləyirsiz?
- Reqlament bəllidi. Saytda bununla bağlı müəyyən izah verilib. Biz klublara dəvət göndərmişik, gözləyirik. Müşahidə etdiyimiz qədər maraq var, zəng vurub soruşanlar olur. Əsasən Premyer Liqa klublarından ciddi rəqabət gözləyirik, eyni zamanda Region Liqasından da maraqlı komandalar olacağını ehtimal edirik. Reqlamentə görə, hər klub iki nəfərlik komandasını yaratmalıdı. Daha sonra həmin komandalar liqa formatında birdövrəlli üz-üzə gələcəklər. İdeal ssenari komanda sayının 20-dən çox olmasıdı. Hər görüş iki matçdan ibarətdi. Bunların nəticəsi əsasında xallar verilir. Mükafat fondumuz var, ilk 3- yerə yekun xalların müəyyən misli qədər məbləğ ödənəcək.

- Hansısa klubun artıq e-futbol komandasının yaratması barədə məlumat varmı?
- Qeydiyyat hələ başlamayıb. Ona görə, biz bunu dəqiq bilmirik. Ancaq danışdıqlarımız var, klubların əksəriyyəti aktivdi. Komandanı necə yığmaları barədə maraqlanırlar. Çünki heç birinin hazır komandası yoxdu. Çempinat keçirmək resurslar tələb edir. Onlar üçün daha rahat olar ki, hazı royunçular olsun. Biz klublara e-Millidən oyunçular təqdim edirik. Əsas komandada 4 nəfər, əlavə də 20 nəfər seçimlərdə yaxşı nəticə qazanan oyunçular var.

- Yenilik olduğu üçün yəqin ki, klublar üçün də müəyyən qədər anlaşılmazdı. Ən çox hansı məsələlərlə maraqlanırlar?
- Suallar var. Əsas oyunçularla bağlıdı. Çünki hamı yaxşı komandasının olmasını istəyir. Gördüyümüz qədər, klublar liqaya ciddi yanaşır və gücü heyət formalaşdırmaq istəyir. Hiss edirik ki, rəqbətli liqa olacaq.

- Liqanın e-Milli komanda üçün hansı faydası olacaq?
- e-millini qısa zamanda yığmışıq. Seçimlərdə 800-ə yaxın iştirakçı var idi, onların 4 nəfər seçdik. Ancaq ola bilər ki, ilk turlarda çox güclü iki oyunçu üz-üzə gəlib və onlardan biri avtomatik kənarda qalıb. Halbuki, bəlkə də, finalçı olmaq gücündədi. Bu baxımdan ola bilər ki, belə seçim etmək tam ideal sistem deyildi. İndi isə hər biri davamlı oynayacaqlar deyə, daim nəzarətimizdə olacaqlar. Qaydamız belədi ki, ildə bir dəfə e-Millinin heyəti yenilənə bilər, yaxud eyni oyunçuların qalması da mümkündü. Digərlərinin də iştirak hüququ var, onlar hansısa formatda e-milli üzvləri ilə üz-üzə gələ biləcəklər. Liqanı keçirmək o baxımdan rahatdı ki, çempionat gedəcək və biz oyunçuları daim izləyə, baxıb ordan yaxşı oyunçulara şans verə bilərik.

- Belə başa düşdüm ki, e-Milli Liqa, bir baxımdan da e-Milli komandaya seçim xarakterlidi...
- Bəli, eynilə.

- e-Milli komandanın hazırkı durumu gələcək üçün nə göstərir?
- İstəyimiz yaxşı nəticələr qazanmaqdı. e-AVRO-da iştirak etdik, ancaq seçmə mərhələdən pley-offa keçə bilmədik. Orda bizə rəqib olan ölkələr təcrübə baxımından çox üstün idilər, bizdə isə yeni komandadı. Sözün açığı, biz özümüz də bu prosesdə öyrənirik hələ. Adicə oyunun yayımından tutmuş hər şeyə qədər. Müşahidə etmişik ki, şərhçi olanda insanlara daha maraqlı gəlir və ya oyunçuların özünün də görünməsi, epizodlara reaksiyası maraq yaradır. Bir də dediyim kimi, oyunçuların təcrübəsi çox vacibdi. Bizdə oyunçu var idi ki, çox həyəcanlanırdı, adi oyunlarda yaxşı çıxış edirdi, real oyuna çatanda özünü göstərə bilmirdi. Bu da təcrübənin olmaması ilə bağlıdı. Ümumən, yarışlar çox olur. Bir qisminə e-Milli komanda olaraq da qatılacağıq, eyni zamanda liqada iştirak edənlərdən bir klub yaratmaq niyyətindəyik. Millilərin yarışları çox deyil, həm də e-Millinin hər turnirdə iştirak etməsini istəmirik, daha çox rəsmi – UEFA və ya KONAMI tərəfində təşkil olunanlarda təmsil olunmağı düşünürük. Ancaq kommersiya yarışları çoxdu və həmin klub da o turnirlərdə iştirak edəcək.

- e-futbolun populyarlaşması, e-Milli Liqanın keçirilməsi yeni sponsorların cəlbi perspektivi yaradırmı?
- Bu sahənin potensialı var. e-Milliyə seçim etdiyimiz ilk gündən və sonrakı hər mərhələdə maraq göstərən şirkətlər olub. Düzdü, indi bunun potensialını üzə çıxarmaq lazımdı, şirkətlər tam olaraq bu sahənin nə verə biləcəyini görməyə bilərlər. İnanıram ki, çempionat da başlayandan sonra potensialı daha çox üzə çıxacaq.

Faiq Tahirov


oxunma sayı: 1727 | Paylaş:




?>