')

Bu gün:


FutbolPress.Az | Vaqif Heydərli: “Gəlib bəzi futbolçuları izləmişdilər, pandemiyaya görə danışıqlar dayandı” (MÜSAHİBƏ)

Vaqif Heydərli: “Gəlib bəzi futbolçuları izləmişdilər, pandemiyaya görə danışıqlar dayandı” (MÜSAHİBƏ)


oxunma sayı: 1426 Paylaş:

FutbolPressKoronavirus pandemiyasının transfer bazarına hansı təsirləri var?

Suallarımızı FIFA meneceri Vaqif Heydərli cavablandırdı...


- Pandemiya səbəbilə əksər ölkələrdə futbol dayanıb. Bu, sizin sahənizə necə təsir edir?
- Hazırda bizim sahəmizə elə də böyük təsiri yoxdu. Çünki transfer dönəmi deyil. Əsas problem oyunçuları izləyə bilməməyimizlə bağlıdı. Bir də transfer pəncərəsi ilə bağlı qeyri-müəyyənlik mövcuddu. Çünki hələ bəlli deyil ki, çempionatlar nə vaxt bitəcək, yeni mövsüm nə vaxt başlayacaq. Təsirlərin konkret miqyasının necə olduğunu vəziyyət düzəldikdən, bu məsələlər dəqiqləşdikdən sonra demək mümkün olacaq. Hələlik psixoloji cəhətdən təsirlər var. Aktiv həyata öyrəşmiş insanlar üçün evdə oturmaq, futbolsuzluq çətindi. Ümid edirik ki, tezliklə bu vəziyyət düzələr.

- İndiyə qədər bir neçə gənc futbolçunu ölkə xaricinə aparmısız. Pandemiyaya qədər yenə bu istiqamətdə variantlar yaranmışdımı və hazırkı durum nəyə səbəb oldu?
- Yaranmışdı. Bir neçə futbolçu ilə bağlı variantlar var idi. Hətta pandemiyaya qədər gəlib onların çempionat oyunlarını da izləmişdilər. Ancaq koronavirusa görə susqunluq yarandı. Bu da təbiidi, insan həyatı kimi daha önəmli məsələlər var. Yaxud futbol dayanıb deyə, təkcə azərbaycanlı futbolçularla bağlı yox, ümumən transfer məsələlərində susqunluqdu. Bununla belə, son günlər hər yerdə vəziyyət yaxşılaşmağa doğru gedir. Dünəndən artıq hərəkətlənmə hiss olunur. İstər danışıqlar mənasında, istərsə ilkin əlaqələrin qurulmasında. Ümid edirəm ki, bundan sonra bu istiqamətdə hadisələr artan qrafik üzrə davam edəcək.

- Çexiyada oynayan Fərid Nəbiyev və Samir Qurbanovla əlaqə saxlayırsızmı? Orda durumları necədi?
- Gündə azı bir dəfə əlaqə saxlayırıq. Çexiya dünyada rəqəmlərin ən az olduğu ölkələrdən biridi. Ancaq orda da məsələyə ciddi yanaşırlar. Küçəyə çıxa bilirlər, ancaq maksimum qorunurlar, maskadan istifadə edirlər, ehtiyatlı davranırlar. Sosial şəbəkələrdə Fəridin fərdi məşqləri ilə bağlı videoroliklər yerləşdirilib. Hətta bugündən həm qrup, həm də fərdi məşqlərə start veriblər. Növbəti həftədən kollektiv hazırlıqlar başlayacaq.

- “Viktoriya Jijek” aşağı liqa klubudu. Belə bir vəziyyətdə legioner futbolçularla bağlı yeni bir qərar vermələri müzakirə olunurmu?
- Klubun maliyyə ilə bağlı hər hansı problemi yoxdu. Çexiya futbolunda vəziyyət bizdəkindən fərqlidi. Onların gələcəklə bağlı azı 2-3 illik planları və maliyyə dayaqları var. Hansısa problemlərin yaşanacağını düşünmürəm. Belə bir söhbət olmayıb. Digər tərəfdən, klubun məqsədi yüksək liqaya çıxmaqdı. Buna görə hər hansı futbolçudan imtina gözlənilmir.

- Liqalar adətən iyunda bitir, futbolçuların da müqaviləsi buna uyğun olur. Bəlli məsələdi ki, bu dəfə iyunda nə liqaları, nə də avrokubokları yekunlaşdırmaq mümkün olacaq. UEFA-nın qərarına görə, klublar iyunda müqaviləsi bitəcək futbolçuların sözləşmələrini mövsüm yekunlaşana qədər davam etdirməlidi. Belə durumda yeni transfer periodu necə müəyyənləşdirilməlidi, sizcə?
- Təbii ki, əvvəlki kimi olmayacq. Burda ilk növbədə müəyyənləşməlidi ki, çempionatlar nə vaxt bitəcək və növbəti mövsüm nə vaxt başlayacaq. Çempionlar liqasının qrup mərhələsi ilə bağlı tarixlər müəyyənləşib. Bu, kvalifikasiya mərhələlərinin də təxmini tarixinin bilinməsi deməkdi. Onlar da tam dəqiqləşəndən sonra artıq yeni mövsümün təxmini tarixləri müəyyənləşəcək. UEFA əbəs yerə hər dəfə qeyd etmir ki, bütün ölkələrdə çempionatlar iyulun sonuna qədər bitməlidi. Bunun bir tərəfi də yeni “transfer pəncərəsi”nin müəyyənləşdirilməsi ilə bağlıdı. Məncə, bu məsələlər dəqiqləşdikdən sonra aralıqda olan tarixi “transfer pəncərəsi” olaraq müəyyənləşdiriləcək. Əgər müddət az olarsa, güman ki, yeni mövsümün startından sonra belə, müəyyən bir dövr keçidlərə imkan verəcəklər.

- Maliyyə zərərləri ilə bağlı Azərbaycan və sivil futbol ölkələrini müqayisə etsəz, necə mənzərə var ortada? Deyirlər ki, bizdə klublar gəlirgətirən olmadığı üçün böyük zərər də görmürlər...
- Təbii ki, zərər ciddi olmur. Bizim klublar o qədər də böyük biznes-layihə deyil, gəlir və xərclər aşağıdı, menecer sistemində o qədər böyük dövriyyələr yoxdu ki, baş verən hansısa fors-major hal böyük təsir etsin. Təxminən əvvəlki ilə eyni durumdu, sadəcə, müəyyən gecikmələr yaşana bilər. Avropada isə fərqlidi. İrihəcmli müqavilələr, yayım gəlirləri, sponsorluq anlaşmaları kimi məsələlər var, klublar bilet satışı gəlirlərindən məhrumdu və s. Fərq müqayisə olunmayacaq dərəcədədi.

- Pandemiyanın Azərbaycan transfer bazarına hansı təsirlərinin olacağını ehtimal edirsiz?
- Təbii ki, təsirləri olacaq. Amma Azərbaycan klubları əvvəlcədən bəlli olan mənbələrdən maliyyələşdiklərindən bu o qədər də böyük olmayacaq. Digər ölkələrdəki kimi əsas gəlirlər bilet satışı, televiziya yayımından və ya digər sponsorlardan olmadığından katastrofik bir fərq gözlənilmir, təxminən hər zamankı transfer dönəmlərindən biri olacaq.

- Avropa klublarının pandemiyadan böyük zərər görməsi futbolçuların qiymətinin xeyli aşağı düşməsi ilə nəticələnib. Bu, Azərbaycana məşhur adların gəlməsinə səbəb ola bilərmi?
- O zaman belə düşünmək olardı ki, bu hadisələr 2010-2013-cü illər aralığında baş verərdi. Hansı ki, həmin vaxt ölkə futbolunda böyük pullar var idi. Həmin illər olsaydı, ulduz adların gəlməsi real görünərdi. İndi isə 2-3 il əvvəl bura gələn legionerlər belə, Azərbaycan variantından imtina edirlər. Çünki əvvəl məvacib arasında çox fərq var idi və onlar seçim qarşısında qalanda bura gəlməyi üstün tuturdular. İndi isə Azərbaycan klublarının çoxu o qədər də böyük məbləğlər vermirlər. Yalnız “Qarabağ”ın müqavilələrini və “Neftçi”də bəzi oyunçuları istisna etmək lazımdı. Belədə, yüksək səviyyəli futbolçular Avropada eyni və ya daha aşağı maaşa razılaşırlar, nəinki bura gəlməyə. İndiki halda, Azərbaycana ulduz futbolçu gələcəyini düşünmək reallığa yaxın deyil.

- Bəs mövcud durum əks istiqamətdə necə təzahür edir: azərbaycanlı futbolçular üçün xaricə çıxmaqda yeni variantlarmı ortaya çıxarır, yoxsa mövcud imkanları daha da azaldır?
- Bunun müsbət tərəflərini görmək olar. Ümumiyyətlə, son zamanlar bir tendensiya yaranıb və bunu davam etdirmək mümkündü. Ancaq digər təfədən, bizdə xaricdə oynaya biləcək nə qədər futbolçu var ki? O keyfiyyətə, həmin kriteriyalara uyğun oyunçu azdı. Vəziyyət burda pisləşsə belə, futbolçuların xaricdə möhkəmlənməsi çətindi. Durum normal olan zamanlarda şəxsən mən bu işin içində olan biri kimi aylarla, illərlə gözləyirəm ki, bir futbolçu həmin səviyyəyə yüksələcək və ya həmin təcrübəni qazanacaq ki, onu xaricə aparaq.

- Maliyyə böhranı yaşayan Avropa klublarının nisbətən ucuz variant kimi azərbaycanlı futbolçulara yönəlməsi ehtimalı varmı?
- Doğrusu, onlar daha ucuz variant kimi daha aşağı keyfiyyətli futbolçu dəvət etmir onsuz da. Digər tərəfdən, maliyyə şərtləri yüksək olmayan ölkələr Cənubi Amerikada, Afrikada var. Bizim passport statusuna görə onlardan üstünlüyümüz yoxdu. Avropa ölkəsi olmağımıza baxmayaraq, eyni statusdayıq və futbolçularımız legioner sayılırlar.

- Yenə ənənəvi mövzuya qayıtsaq, gələcəyinə ümid bəslənən futbolçuların ölkə xaricinə çıxmaqda artıq gecikdiyini düşünmürsüz ki?
- Ümumən bu fikirlə razıyam. Ancaq baxır məqsəd nədi. Top-klublarda oynamağı planlayan futbolçu üçün təbii ki, gecdi. Amma bəzi orta səviyyəli klublar səviyyəsinə çatmaq üçün yox. Bu inkişaf tempinin necə gedəcəyindən də asılıdı. İlkin olaraq məqsəd müəyyən olunmalıdı. Bir var “Böyük beşlik” liqaları olsun hədəf, bir də var ikinci dərəcəlilər və ya daha aşağı liqalarda oynamaq. Məqsədlər fərqli olduğu üçün zamanlama da fərqlidi.

Faiq Tahirov


oxunma sayı: 1426 | Paylaş:




?>