')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov mövsümün ləğvinə razıdı: “6-cı yerdə də olsaq, belə düşünərdim” (MÜSAHİBƏ)

Ayxan Abbasov mövsümün ləğvinə razıdı: “6-cı yerdə də olsaq, belə düşünərdim” (MÜSAHİBƏ)


oxunma sayı: 1292 Paylaş:

FutbolPress"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun "FutbolPress"ə müsahibəsi...

- Karantin dövründə nələr edirsiz, vaxtınızı necə keçirirsiz?
- Qeyri-adi bir şey yoxdu. Çalışırıq ki, qaydalara riayət edək. Evdə kinoya baxıram, televiziya izləyirəm, futbolla maraqlanıram. Nələrləsə məşğul olaraq vaxt keçirməyə çalışıram.

- Bu qədər futbolsuz qaldığınız olmuşdu?
- Futbolsuz qalmışıq, ancaq hardasa oynamağımıza qadağa qoyulmamışdı. Xatırlayırsızsa, illər əvvəl Azərbaycanda çempionat bir neçə aylıq dayandırılmışdı. Ancaq həmin zaman məşq edirdik, rahat gedib hardasa oynaya bilirdik. Belə durumla ilk dəfədi qarşılaşırıq ki, ancaq evdə qalmalıyıq, küçəyə çıxmamalıyıq.

- Yəqin ki, daim hərəkətdə olan idmançı adam üçün daha da çətin olar...
- Ümumən götürsək, hamı üçün çətindi. İnsan rahat hərəkət etməyə, kimləsə görüşməyə, harasa qonaq getməyə, rahat işini görməyə öyrəşib. Ümumən götürsək, çətindi. Ancaq əgər bu vəziyyətin aradan qalxmasını istəyiriksə, gərək qaydalara riayət edək. Bu, bizim sağlamlığımız üçündü.

- Kifayət qədər boş vaxtın olması həm də inkişaf üçün fürsətdi. Özünüzü məşqçi kimi nəzəri cəhətdən inkişaf etdirmək üçün nələrsə oxuyursuzmu və ya komandanın köhnə oyunlarının təhlili ilə məşğul olursuzmu?
- Bəli, belə işlərlə məşğuluq. Bu gün hər kəsdə internet var. Nəyisə axtarıb tapmaq imkanına sahibik. Digər tərəfdən, qeyd etdiyiniz kimi, komandanın keçmiş oyunlarını analiz etmək üçün yetərincə vaxt var. Əlbəttə, nələrsə üzərində çalışırıq. Ancaq məşqçi üçün ən yaxşı inkişaf işləməkdi. Ola bilər ki, belədə nəzəriyyə cəhətdən nəsə öyrənmək mümkün olsun. Ancaq bir məşqi keçmək hamısından effektivdi.

- Bu dövrdə futbolçulara nəzarət xüsusilə vacibdi. Onların yuxu rejiminə, qidalanmasına və s. nəzarəti necə həyata keçirirsiz?
- İlk gündən futbolçularla əlaqədə olmuşuq. Demişik ki, bunun nə zaman sona çatacağını hələ heç kim bilmir. Futbolçularımızdan rejimlərinə, çəkilərinin atmamasına diqqət etmələrini tapşırmışıq. Ki, sabah məşqlərə başlayanda bunun böyük fəsadı olmasın. Ümumən, futbolçularımız peşəkardılar, baxırıq ki, harda imkan tapırlar, məşqdən qalmırlar. Amma bunun mənfi təsiri, sözsüz ki, var. Futbolçular bu qədər fasilə olmasına öyrəşməyiblər. Ancaq onlar bilirlər ki, belə məqamlarda özlərinə baxmalıdılar, əks halda, gələcəkdə onlara ziyan ola bilər.

- Virtual məşqlər həyata keçirirsiz. Bu, nə qədər effektiv alınır?
- Bugünkü duruma görə futbolçularla danışığımızdan belə başa düşürük ki, ciddi problemlər yoxdu. Əsas problem fiziki cəhətdən ola bilər. Çünki belədə meydandakı məşqin effektini ala bilmirik. Ancaq inanıram ki, tezliklə vəziyyət düzələcək və çatışmazlıqları aradan qaldırmaq imkanımız olacaq.

- Karantin müddətinin yenə də uzadılması gündəmdədi. Bundan sonra futbolçulara formanı bərpa etmək üçün nə qədər zaman lazım gələcəyini düşünürsüz?
- Biz indi 20-nə qədər nəzərdə tuturuq. Sonuncu məşqi martın 13-də etmişik. Karantin rejimi 20-də bitsə, hardasa 40 gün məşqsiz qalmış olacağıq. Məncə, budan sonra 4 həftəyə çempionata hazır ola bilərik. Əgər yenə uzadılsa, fikirləşmək lazımdı. Vaxtı uzundu, çempionat iyun-iyula düşərsə, həmin ayların ölkədə çox isti olduğunu da nəzərə almalıyıq. Futbolçuların həmin istidə tempə uyğunlaşması çox çətin olar. Xüsusilə, uzun fasilədən sonra. Əgər müddət yenidən uzadılarsa, üstündə düşünməli çox məqam olacaq.

- Deyək ki, çempionat bərpası ilə bağlı qərar qəbul olundu. Buna qədər PFL klublara müəyyən bir vaxt verməlidirmi toplanış üçün? Çünki futbolçuların formadan düşməsi ilə yanaşı həm də fiziki məşqlər olmadığından onların zədə riski də artır.
- Əlbəttə, klublara vaxt verilməlidi. Mən Ramin müəllimin müsahibəsində bu barədə oxumuşdum. Karantin müddəti bitdikdən sonra yəqin ki, klublarla məsləhərləşəcəklər. Vaxt mütləq verilməlidi. Fasilədən sonra oyuna tam hazırlaşmaq üçün zamana və məşqlərə ehtiyac var. Nə qədər evdə məşqlərdən qalmasalar da, oyun hazırlığı tam başqadı. Bu qədər müddətdən sonra fiziki çatışmazlıqlar zədələnmək ehtimalını xeyli artırır. Yəqin ki, hər bir məqamı məsləhətləşib düzgün qərarları verərlər.

- Çempionatın bərpası ilə bağlı əsas fikir belədi ki, komandalar daha sıx qrafiklə oynasınlar və təxminən ayyarıma həm liqa, həm də kubok başa çatdırılsın. Belə olsa, uzun fasilədən sonra sıx qrafikin fəsadları çox olmayacaq ki?
- Karantin rejimi 20-də bitsə, azı 3-4 həftədən sonra ilk iki turu 5 gündən bir təşkil edib, ondan sonra sıx qrafikə - həftədə iki oyuna keçmək mümkündü. Əgər birinci gündən sıx qrafikə keçsək, futbolçular üçün çox ağır olar. Ona görə ilk iki tur arasında fasilə saxlamaq vacibdi. Bundan sonra isə oyun qrafikini sıxlaşdırmaq olar. Digər tərəfdən, fikirləşmək lazımdı ki, bütün komandaların heyəti geniş deyil. Bəzi klubların rotasiya imkanı olsa da, bir çoxunun yoxdu. Bu da onlara əlavə çətinlik yarada bilər. Ümumilikdə, mövsümün sonuna qədər o qədər də çox oyun qalmayıb, yekunlaşdırmaq üçün elə təxminən ayyarıma vaxt lazımdı, vaxtı yenidən uzadılmasa, mövsümü yekunlaşdırmaq böyük problem olmayacaq.

- Mövsümün ləğvi də müzakirə mövzularındandı. Əgər belə qərar qəbul edilsə və hazırkı turnir cədvəlindəki ilk “4-lük” avrokuboklara yollansa – “Sumqayıt”da bu siyahıdadı –, nə dərəcədə doğru olar?
- Müzakirələrə baxıram, digər klublardan olan açıqlamaları görürəm. Elə vəziyyət yaranıb ki, həqiqətən də, belə qərar verilə bilər. Düşünmək lazımdı ki, bu durum kiminsə istəyi ilə qurulmayıb ki, arada narazılıq olsun. Bizdən böyük futbol ölkələri var, hansı ki, həmin ölkələrdə daha prinsipial mübarizə gedir və onlar da mövsümün ləğvi məsələsini müzakirə edirlər. Mətbuatdan oxuyuruq ki, belə qərar verilərsə, normal qarşılayacaqlar. Bizdə karantin rejimi uzadılsa, gələn çempionatı da düşünmək lazımdı, nəzərə almalıyıq ki, klublar nə vaxt yığışacaq, avrokubokları necə tənzimlənəcək və s. Burda çoxlu suallar var. Əgər vaxt uzadılarsa, bu qərar insanların sağlamlığı üçün veriləcək. Futbol da kütləvi tədbir olduğundan burda risk böyükdü. Mövsümün ləğvi qərarı verisə, aydın məsələdi ki, federasiya bunu öz xoşluğu ilə etməyəcək, dünya praktikasından götürüləcək, UEFA-nın məsləhətləşmələri əsasında qərar veriləcək. Məncə, belə qərarı normal qarşılamalıyıq. 4-cü pillədə olduğumuz üçün demirəm, 5-6-da da ola biıərdik, mövqeyimiz fərqli olsa da, belə düşünərdim. Onsuz da, avrokuboklarda “Qarabağ”dan başqa digər klublarımız 2 turdan sonra çətinlik çəkirlər. Bu da böyük bir şey deyil ki, klublarımızın böyük nəsə itirdiyini düşünək. Bunun gələn ili, ondan sonrakı ili də var. İndi əsas məqsəd bu olmalıdı ki, ölkəmiz, futbol ictimaiyyəti ili itkisiz başa vursun. Təki sağlamlıq olsun. Məncə, veriləcək hər hansı qərarı hamı normal qarşılayar. Əgər vaxt uzadılar, xəstəlik problem olarsa. Amma ümid edirik ki, çempionat davam etdiriləcək.

Faiq Tahirov


oxunma sayı: 1292 | Paylaş:




?>